Bir adam itirdik ki…

0
522

Ötən həftə dəyərli alimimiz Tofiq Hacıyevi itirdik. Rəsmi titul nə olur-olsun, önəmli deyil, önəmli olan o idi ki, Tofiq müəllim göründüyü hər yerdə ətrafındakılardan sanki bir baş üstün görünürdü. Halbuki, əksər şəkillərdə Tofiq müəllim yanındakıların hamısından gödək görünür.

Maraqlı adam kimdir, bilirsinizmi? – Bir uğur qazananda istəyirsən ki, onun qulağına çatsın. Daha doğrusu, onun xoşuna gəlmək istəyirsən. Tofiq müəllim mənim üçün elə adam idi. Tələbə olanda bir semestr mühazirələrinə qulaq asmışam, amma müəllim olaraq hər zaman öndə bilmişəm onu. Səsinin yumşaqlığı, içdən gələn səmimi gülməyi, söhbət zamanı qarşı tərəfi diqqətlə dinləməyi, ən başlıcası, bütün davranışlarında özünü göstərən səmimiyyəti onu xarakterizə edən əsas cəhətləri idi. Mən təsəvvür edə bilmirəm ki, kimsə “ay Tofiq müəllim, bir işə düşmüşəm, üstünə gəldim ki, mənə kömək edəsiniz” deyə onun yanına gedə və Tofiq müəllim də gələni peşman edib, geri göndərə. Əsla belə bir mənzərəni ağlıma gətirə bilmirəm. Halbuki elm məbədi sayılan universitetlərimizdə hər tələbəyə müəyyən məbləğ kimi baxan o qədər “alimlərimiz” var ki. İnanıram ki, Tofiq müəllim heç zaman tələbənin əlinə baxmayıb, ona görə də hər zaman alnıaçıq, başıuca olub. Biz tərəflərdə o cür adamlara ifallı adam deyirlər, yəni ömrü boyu ürəyinin üstünə əyilmiş, mənliyini, ləyaqətini qorumuş adam.

Əsas ixtisası türk xalqlarının ortaq keçmişi, daha doğrusu, dil xüsusiyyətləri olsa da, bütün mövzulardan bu günə körpü salır, gələcəyə işıq tutur və türk xalqları qarşısında duran vəzifələrdən söhbət açırdı. Dəfələrlə şahidi olmuşam ki, ortaq əlifba mövzusunu gündəmə gətirib. Həqiqətən də, niyə bu məsələni bu qədər uzadırıq, anlaya bilmirəm. Amma düşünürəm ki, Akademiyanın Dilçilik İnstitutuna rəhbərlik edəcəyi müddətdə Tofiq müəllim bu məsələni gündəmdə saxlayacaq və oturduğu məqamın verdiyi imkan qədər çalışacaqdı. Amma olmadı. Nə böyük arzuları, görüləcək nə böyük işləri ürəyində apardı Tofiq müəllim. Türkiyədə həmkarları ona “hocalar hocası”, yəni ustadlar ustadı deyə müraciət edərdilər. O təkcə Azərbaycanın deyil, böyük türk dünyasının övladı idi və bütün düşüncələri də bu istiqamətə yönəlmişdi.

Öz atmosferi olan, içində bulunduğu mühiti özünə bənzətməyi bacaran adam idi. Onun olduğu yerdə səmimiyyət olardı, insana sevgi olardı, doğmalıq duyğusu olardı. Danışanda da sevgi ilə, əzizləyərək danışardı və eyni üslub onun yazılarında da adamı heyran qoyardı. Dilçi kimi tanınsa da, ədəbiyyatda sözü söz idi. Kimdən yazsa, adamın görünməyən, çoxumuzun kəşf edə bilmədiyimiz tərəflərini ortaya qoyurdu. Bəlkə də qırx il əvvəl qələmə aldığı “Üç Məmmədin biri Araz, biri Aslan, biri İsmayıl” adlı məqalə oxucuya elə bir ovqat aşılayır ki, onun sehrindən çıxmaq mümkün olmur. Əslində o “üç Məmməd”i “üç qardaş” kimi də oxumaq olardı və Tofiq müəllim əslində o Məmmədlərə də elə bunu söyləmişdi. Məqalə o qədər səmimi, o qədər təsirli olmuşdu ki, xeyli illər sonra Məmməd adlı başqa bir şair də: “Kaş Tofiq müəllim “dörd Məmməd” yazaydı və dördüncü də mən olaydım” – söyləmişdi. Tofiq müəllim kimi adamlar ətrafını qorxu ilə deyil, sevgi ilə özlərinə bağlayırlar. Təsəvvür edin ki, ölüm xəbəri çıxan kimi yaşadığı binanın həyəti izdihamla dolmuşdu. Dəfni də, üç məclisi də gözləniləndən qat-qat artıq insanın iştirakı ilə keçdi. Tələbələrindən, çiyin yoldaşlarından eşidən, bilən özünü yetirmişdi. Və o məclislərdəki kədər səmimi kədər idi. Kimsə minnət duyğusu ilə deyil, mənfəət ardınca deyil, eşitdiyi xəbərin üzüntüsü altında özünü ora çatdırmışdı.

Yaşı 80-i haqlasa da qıvraq idi, düşüncələri gənc, dinamik idi və hər kəsin ortaq üzüntüsü bu idi ki, bu kişi bundan sonra hələ çox işlər görə bilərdi.

Dəyərli alimimizə, türk dünyasının böyük oğlu, hocalar hocası Tofiq müəllimə Allah-Təaladan rəhmət, ailə üzvlərinə, yaxınlarına, sevənlərinə səbir diləyirəm.

Əli Çərkəzoğlu