“Biomüxtəlifliyin qorunması sağlamlığımızın qarantıdır”

532

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Biomüxtəlifliliyin qorunması və sağlamlığın idarə edilməsi” layihəsini uğurla başa vurub. Mingəçevirdə bununla bağlı tədbir keçirilib. Tədbir iştirakçılarına layihənin əsas məqsədi barədə geniş məlumat verən” Eko-TES” İB sədri Cingiz Nəzərov bildirib ki, biomüxtəliflik, qida təhlükəsizliyi, sağlamlıq məsələlərini araşdırmaq müasir şəraitdə onların qarşılıqlı əlaqələrini öyrənməkdir: “Biz əhalini televiziya verlişləri ilə maarifləndirməyə daha çox çalışdıq. Əsasən “Kəpəz” TV kanalı ilə işləmişik. Bundan başqa, ARB kanalında çıxış etmişik.

Hazırladığımı materiallardan biri ümumrespublika yayımında “Aqronom” verlişində efirə gedib. Onu da demək istərdim ki, biz bu verilişlərdə biomüxtəlifliyin qorunması məsələsi ilə yanaşı, sağlamlıq məsələlərinə də diqqət ayırmışıq. Mingəçevir və Yevlax şəhərlərində gedən tibbi sığorta sisteminin tətbiqini də müzakirəyə çıxarmışıq. Bu sistem ilk dəfə  Mingəçevirdə sınaqdan keçirilir. Sistem nə qədər yaxşı olsa da, çatışmazlıqlar da az deyil. Təbii ki, bunlar da öyrənilməlidir”.

Cingiz Nəzərov diqqətə çatdırıb ki, yay aylarında qida  təhlükəsizliyi ön plana çıxır: “Hansı qidalar təhlükəlidir, sağlamlığımızı necə qorumalıyıq məsələlərinə mütəxəssislərin köməyi ilə televiziya verlişində cavab verməyə çalışmışıq”. Onun sözlərinə görə, bu gün dünyada mövcud olan bitki və heyvanların sayı getdikcə azalır. Ərzaq təyinatlı kənd təsərrüfatı bitkilərinin növ müxtəlifliyi nə qədər çox olarsa, həyatımız daha dayanıqlı, xoşagəlməz sıçrayışlı dəyişiklərdən uzaq olar. İnsanların keyfiyyətli ərzaq seçimini bazarda bu ərzağın çox və müxtəlif növlü olması səciyyələndir. Bu da öz növbəsində biomüxtəlifliyin qorunmasını ön plana çəkir. Heyvanat aləmi də bitkilər kimi eyni əhəmiyyətə malikdir. Əgər vaxtında tədbirlər görülməzsə 2050-ci ildə bizi planetimizdə mövcud olan heyvan növlərinin 50% ni itirmək təhlükəsi gözləyir. Bu isə insan yaşayışının özünü təhlükə alatına sala bilər”.  O çıxışının sonunda deyib: “Biomüxtəliflik bəşəriyyətin sərvətidir, biomüxtəlifliyin qorunması sağlamlığımızın qarantıdır”.

Tədbir iştirakçıları onları maraqlandıran suallarla müraciət ediblər. Hər bir sual Cingiz Nəzərov tərəfindən cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir