“Binanın sökülməsi barədə qərar çıxarılacaq”

487
Dünən səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.
Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayışla bağlı Xırdalanda baş verən partlayış barədə jurnalistlərə məlumat verib.

Nazir müavini bildirib ki, ilkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib: “Bu vaxta qədər (dünən saat 20:00) dağıntılar arasından 11 nəfər – 2 kişi, 3 qadın, 6 uşaq çıxarılıb. Onlardan bir kişi və bir qadın dünyasını dəyişib. Qalanları müxtəlif dərəcəli xəsarət alıb. Hazırda bir uşağın axtarışları davam etdirilir”.

E. Mirzəyev qeyd edib ki, axtarışların xeyli vaxt aparması binanın partlayışdan sonra təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır: “Binanın dayanıqlığını müxtəlif vasitələrlə müvəqqəti saxlayırıq və xilasedicilərimiz təhlükəli şəraitdə iş aparır. Sonuncu uşaq tapılana qədər axtarış tədbirləri davam edəcək”. Nazir müavini partlayış baş verən binanın qəzalı vəziyyətdə olduğunu bildirib: “Bina boşaldılandan sonra ekspertlər binanın vəziyyəti barədə rəy verəcək. Çox güman ki, binanın sökülməsi barədə qərar çıxarılacaq”.

E. Mirzəyev binanın partlayış baş verən blokunun hazırda istifadəyə yararsız olduğunu açıqlayıb. Nazir müavini qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən ona verilən məlumata görə, məcburi köçkünlər buradan köçürüləcəklər.

Nazir müavini partlayışın 2-ci mərtəbədə baş verdiyini, hüquq-mühafizə orqanlarının baş verən hadisə ilə bağlı araşdırma apardıqlarını da açıqlayıb.