Binaların həyətində maşın saxlamaq pullu olacaq

0
342

Paytaxtda bələdiyyə avto-dayanacaqları yaradılır. Artıq Binəqədi rayonunda bir neçə ünvanda ancaq gündüzlər xidmət göstərən avtomobil dayanacaqları ilə yanaşı, sutkalıq bələdiyyə dayanacaqları da fəaliyyətə başlayıb.

Sakinlərin bildirdiyinə görə, Naxçıvani küçəsi 41 ünvanında bir neçə ay öncə yaradılan avtomobil dayanacağına görə sutkalıq 1 manat ödəniş edirlər. Dayanacaq həmin ünvanda yaşayan bir neçə binanın sakinlərinə xidmət edir.

Binəqədi Rayon Bələdiyyəsinin üzvü Əbülfəz Vəyişovun sözlərinə görə, bələdiyyə dayanacaqları fiziki şəxslərlə müqavilə əsasında yaradır. Bələdiyyə üzvü deyir ki, Bakıda əvvəllər də bələdiyyələrə məxsus avtomobil dayanacaqlarının olub. Lakin sonradan fəaliyyətlərini dayandıran bu dayanacaqlara yenidən ehtiyac yaranıb:

“Biz fiziki şəxslərlə müqavilə əsasında bələdiyyə dayanacaqlarını icarəyə veririk. Həmin şəxslər bu dayanacaqlardan gələn gəlirin 50%-ini bələdiyyənin hesabına köçürürlər. Əvvəllər də bələdiyyə dayanacaqları var idi, lakin sonralar bu dayanacaqlar ləğv olundu. İndi yenə də onların salınmasına başlanılıb. Bizim rayondan başqa Yasamal, Nəsimi rayonlarında da belə dayanacaqlara rast gəlinir”.

Bələdiyyə nümayəndəsi deyir ki, Binəqədi bələdiyyəsi tərəfindən yeni dayanacaqların yaradılması nəzərdə tutulsa da, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə aralarında bəzi problemlər yaranır. İcra Hakimiyyətindən deyirlər ki, yol hərəkəti haqqında qanuna edilən son düzəlişdən sonra ölkədə bütün avtomobil dayanacaqlarının BŞİH-in nəzarətinə veriləcəyi gözlənilir.

“Yolların kənarlarında olan dayanacaqlarda parkomatlar qurulub və bunlara BŞİH nəzarət edir. Biz yalnız məhəllələrin daxilində olan yerlərdə dayanacaqlar yaratmaq istəyirik”, – deyə Ə. Vəyişov bildirib.virtualaz.org