“Binaların enerji effektivli tikilməsinə başlamağın vaxtı çoxdan keçib”

1081
”Enerji effektivliyi haqqında” qanun layihəsinin qəbulu gözlənilir.
 Bu layihəyə əsasən, binalarda enerji effektivliyi üzrə normativlər tətbiq ediləcək. Yeni standartların tətbiqi enerji itkilərini azaltmaqla yanaşı, ölkədə enerjiyə qənaətə, eləcə də  əhalinin enerji xərclərinin təqribən 30% azalmasına səbəb olacaq. Bu barədə daha ətraflı məlumat almaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstilik, qaz təchizatı və ventilyasiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının Enerji Effektliyi Mərkəzinin direktoru, qanun layihəsinin müəlliflərindən biri, professor Nurməmməd Məmmədova müraciət etdik.

– Nurməmməd müəllim, ümumiyyətlə, “enerji effektivliyi” nə deməkdir?

– Hazırda dünyada enerji böhranı yaşanır. Odur ki, bütün dünyada enerjiyə qənaət tədbirləri arasında enerji effektivliyi məsələsi mühüm yer tutur (onu da qeyd edim ki, bu gün enerjidən ən çox yaşayış sektorunda istifadə olunur). Enerji effektivliyi bina və ya otaqlar daxilində insanların normal fəaliyyətini təmin etmək üçün tələb olunan iqlim parametrlərini almaq şərtilə enerji tələbatını optimallaşdırmaq (minimallaşdırmaqdan söhbət getmir), az enerji sərfi ilə binalardakı mənzilləri isitmək və ya soyutmaq deməkdir. Bir sözlə, enerjidən effektiv istifadə az enerji işlətməklə çox enerji sərfi zamanı əldə olunan effekti almaqdır.

– Bu, enerji qənaəti anlamını vermirmi?

– Enerji qənaəti və enerji effektivliyi ayrı-ayrı anlayışlardır. Belə ki, enerji effektivliyi qızdırıcıları söndürməklə enerjiyə qənaət demək deyil. Enerji effektivliyinə nail olmaq üçün şəhərsalmadan başlamaq lazımdır. Bu məsələdə xarici konstruksiyaların düzgün layihələndirilməsi, binanın cəhətə və hakim küləklərə nəzərən baş planda düzgün yerləşdirilməsi, mərtəbələrin sayının və binanın ölçülərinin yerli iqlim şəraitinə uyğun düzgün müəyyənləşdirilməsi, daxili planlaşdırılma, binalar arasındakı məsafə, binaların kompakt şəkildə tikilməsi, xarici qoruyucu konstruksiyaların sahəsinin minimuma endirilməsi, binanın mühəndis sistemlərinin düzgün layihələndirilməsi, istismarı və s. olduqca önəmlidir. Bu mənada binanın enerji effektivliyi anlayışı o qədər də sadə anlayış deyil. Onu da qeyd edim ki, ümumiyyətlə, binaların enerji effektivliyini qaldırmaq üçün tərəfimizdən 55 təklif hazırlanıb.

– Elə isə hazırda bu sahə üzrə ölkəmizdə vəziyyət necədir?

– Bizdə enerji effektli binalara, demək olar ki, rast gəlmək mümkün deyil. Elə bu səbəbdən hazırda istifadə etdiyimiz binalarda tələb olunan iqlim şəraitini almaq üçün sərf edilən enerjinin miqdarı dəfələrlə artıqdır.Yeri gəlmişkən, biz ESİB (İNOGATE) beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində iki binanın enerji auditini aparmışıq. Buzovna qəsəbəsindəki 144 saylı uşaq bağçasında aparılan audit nəticəsində aydın olub ki, ikimərtəbəli həmin binada enerji effektivliyi 17%-dir (sadə dildə desək, hər 100 Kvst enerjinin 83 Kvst-ı atmosferə atılır). Binəqədi rayonundakı Naxçıvani küçəsi, 27 ünvanında yerləşən doqquzmərtəbəli, 8 bloklu, 162 mənzilli “Leninqrad” layihəli yaşayış binasında isə enerjinin 51 faizi atmosferə atılır (enerji effektivliyi 49 %-dir). Halbuki az miqdarda maliyyə hesabına bu binada enerji effektivliyini 90 %-ə qədər qaldırmaq mümkündür. Digər tərəfdən, hesablamalarımıza görə, bir ildə uşaq bağçasında yandırılan qazdan ətrafa atılan zərərli maddələrin miqdarı 191 ton, “Leninqrad” tipli binada isə 442 ton təşkil edir. Enerji effektivliyini bir kənara qoyaq, görün, ətraf mühitə nə qədər zərərli tullantılar atılır. Əgər Bakıdakı bütün binaların bu tıpli tullantılarının miqdarını hesablasaq, onda fantastik bir rəqəm alınar. Bu isə həm də ekologiyanı korlamaq deməkdir.

– Bakıda enerji effektivliyi nəzərə alınmış yaşayış binaları varmı?

– Ümumiyyətlə, dünyada bu məsələ hələ 1973-cü ildən gündəmə gətirilib. Yəni həyəcan təbili çalınıb. Lakin çox güman ki, bizdə mülayim iqlim şəraitinin, təbii enerji resurslarımızın bol olması səbəbindən bu, gündəmə gətirilməyib. Digər sovet ölkələrinin bəziləri isə öz tikinti normalarında və layihələrində dəyişikliklər ediblər (xarici konstruksiyalara xüsusi izolyasiya qatı əlavə etməklə, qapı və pəncərələri daha az istilik keçirən materiallarla əvəz etməklə və s.).

Elə bu səbəbdən indiyədək ölkəmizdə tikilən binaların, demək olar ki, əksəriyyətində enerji effektivliyi nəzərə alınmayıb. Nə qədər qəribə olsa da, indi də tikinti şirkətləri buna məhəl qoymurlar. Hətta binaların layihələrində enerji effektivliyi bölməsi yoxdur. Odur ki, tikinti şirkətlərinin əksəriyyəti bu sahəyə nəzarət olmadığından binaları, əgər belə demək mümkünsə, istədikləri şəkildə tikir. Bu isə o deməkdir ki, sahibkar binanın tikintisinin ucuz başa gəlməsində, amma baha qiymətə satılmasında maraqlıdır. Zənnimcə, bu, tikinti sektoru üzrə belə bir qanunun olmamasından irəli gəlir. Enerji effektivliyi haqqında qanun olarsa, bütün bu çatışmazlıqlar aradan götürülər.

– Belə bir qanunun qəbul olunması gözlənilirmi?

– Enerji effektivliyi haqqında qanun layihəsi yazılıb. Mən də onun müəlliflərindən biriyəm. Çox güman ki, yaxın zamanlarda qəbul olunacaq. Fikrimcə, məhz belə bir qanunun qəbulundan sonra bu sahədə mühüm irəliləyişlər olacaq. Yeri gəlmişkən, onu da deyim ki, artıq dünyanın bir sıra ölkələrində, eləcə də keçmiş postsovet ölkələrinin əksəriyyətində belə bir qanun fəaliyyət göstərir (məsələn, artıq 16 ildir ki, Belarusda binalar enerji effektivliyi nəzərə alınmaqla inşa olunur). Belə bir qanun bizdə də qəbul olunsa, Bakı şəhərinin yaşayış sektorunda enerji tələbatını iki dəfə azaltmaq olar. Yenə deyirəm, məsələ ondan ibarət deyil ki, enerji çatışmır, sadəcə, mavi yanacağı bu qədər yandırmaq olmaz. Onun da yandırılma miqdarına limit qoymaq lazımdır. Unutmayaq ki, bu gün ətraf mühitin durumu heç də ürəkaçan deyil. Bu mənada bu qanun həm də ekoloji durumun yaxşılaşdırılmasına tutarlı töhfə verəcək (digər tərəfdən, milyardlarla pul vəsaitinə qənaət ediləcək). Yeni sənədə əsasən, ölkədə hər bir binanın və müəssisənin enerji effektivliyinin auditi aparılacaq, hər bir binanın energetik pasportu olacaq və buna uyğun iş görüləcək. Tikiləcək binaların layihələrində isə yeni sənədə əsasən, enerji effektivliyi bölməsi olacaq. Əgər qanun layihəsi qəbul olunsa, artıq heç bir tikinti təşkilatı, heç bir sahibkar enerji effektivsiz bina tikməyəcək. Onu da deyim ki, hər bir tikilmiş və tikiləcək binanın energetik pasportu ilə yanaşı, istilik sayğacları da olacaq. Bu isə istiliyin hesabatını aparmağa imkan verəcək (Avropada hər bir binanın energetik pasportu var). Qanun layihəsində o pasportun sxeminin formasını da vermişik.

 

“Kombi iqtisadi cəhətdən sərfəli deyil”

– Binada istilik əsasən hansı hissələrin sayəsində itir?

– Ümumiyyətlə, enerji effektivliyi nəzərə alınmadan tikilən hər hansı binada istiliyin 15 faizi pəncərələrdən, 35 faizə qədəri xarici divarlardan, 12-13 faizi tavandan, o qədəri də döşəmədən itir. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, “Xruşşov” tipli binalarda bloklara qapı qoymaqla və bloklardakı sınıq pəncərələri yeniləri ilə, məsələn, plastik pəncərələrlə əvəz edərək, həmin binaların bütün mərtəbələrindəki mənzillərdə enerjiyə 25 faiz qənaət etmək mümkündür. Deməli, blokunda qapı-pəncərə olmayan binalardakı mənzillərdə enerjinin dörddə biri bu yolla itkiyə gedir. Düşünürəm ki, bloka qapı qoymaq, yaxud mövcud olan qapını örtmək və pəncərələri yeniləmək o qədər də çox xərc tələb etmir.

– Nurməmməd müəllim, istilik sistemləri işləmədiyindən insanlar yaşadıqları mənzilləri qızdırmaq məqsədilə işıqdan, qazdan daha çox istifadə edirlər…

– Binalar enerji effektli tikilərsə, işıqdan, qazdan istifadəyə o qədər də ehtiyac olmaz. Bu gün niyə istifadə edirik? Ona görə ki, bizim binaların xarici konstruksiyalarının istilikötürməyə müqaviməti çox aşağıdır. Onu da deyim ki, Bakıda enerjiyə təsir edən amillərdən biri də külək faktorudur. (bizim şəhərin iqlimi dünyanın heç bir iqliminə bənzəmir. Məsələn, Moskvanın -10-15 dərəcəsi bizim 0 dərəcə temperatura uyğundur). Ona görə bizdə binalar inşa olunarkən hakim küləklər nəzərə alınmalıdır. Bizdə isə buna əməl olunmur, yəni yeni tikilən binalar küləkdən qorunmur. Bir sözlə, Bakıda tikintilər xaotik şəkildə aparılır və bu da şəhərin iqliminə də mənfi təsir edir. Bundan başqa, binalar arasındakı məsafə o qədər azdır ki… nəticədə hava axını onların arasından keçərkən sürətlənir. Və xarici konstruksiyalardan istilik itkisi artır. Bütün bunlar, təbii ki, əlavə istilik enerjisinə ehtiyac yaradır. Ona görə də qış mövsümlərində hər il şəhərə normadan artıq gərginlik buraxılır. Onu da deyim ki, Bakıda istənilən sayda mərtəbəsi olan, yaxud birbloklu, eləcə də istənilən eni, uzunluğu olan binalar tikmək düzgün deyil. Məlumat üçün bildirim ki, normalara görə, yaşayış məntəqələrində evlərin tutduğu sahənin 20%-i qədər yaşıllıq sahəsi olmalıdır. Nə yazıq ki, indi də bizdə buna əməl olunmur. Hazırda salınan “Xəzər adaları” şəhərində bu norma gözlənilir. Orada 25 faizdən də artıq yaşıllıq olacaq.

– Son illər kombilər də dəbə düşüb… Bəs bu barədə nə deyə bilərsiniz?

– Yeri gəlmişkən, rəsmi məlumata görə, bizdə istehsal olunan enerjinin 32 faizi yaşayış sektoruna yönəldilir. Amma qeyri-rəsmi məlumata görə bu göstərici 50%-dən çoxdur. Bu da binaların əksəriyyətinin isitmə sistemi ilə təmin olunmamasından irəli gəlir. Konkret sualınıza gəldikdə isə şəhər daxilində kombidən istifadə Avropa ölkələrində qadağandır. Çünki bu avadanlıq şəhərətrafı mənzillər, yaxud ayrıca tikilmiş villalar üçündür; yüksəkmərtəbəli binalar üçün nəzərdə tutulmayıb. Kombi həm də iqtisadi cəhətdən sərfəli deyil, o, ətraf mühitin çirklənməsinə təsir edən faktorlardan biridir.

 

“Çalışmaq lazımdır ki…”

– Bir zamanlar isitmə sistemləri var idi…

– İsitmə sistemləri iqtisadi, həm də gigiyenik cəhətdən səmərəlidir. Lakin sonradan onların əksəriyyəti baxımsızlıq ucbatından köhnəldi, bəziləri ləğv olundu. Son illər bu sahədə bir dönüş yaranıb. Belə ki, “Azəristilik” Açıq Səhmdar Cəmiyyəti mərkəzləşdirilmiş qazanxanalar inşa edir. Təbii ki, bu işi görmək üçüm müəyyən zamana ehtiyac var. Mən tövsiyə edərdim ki, binalar rekonstruksiya olunarkən bu məsələ də gündəmdə olsun.

– Yeri gəlmişkən, binalarda alternativ enerjidən istifadə özünü doğruldurmu?

– İndi Pirallahı qəsəbəsindəki poliqonda günəş batareyaları quraşdırılır. Bütün qəsəbə oradan enerji ilə təmin ediləcək. Bu da enerji effektivliyinin bir formasıdır. Həm də ətraf mühitin qorunması deməkdir. Amma, təbii ki, həmin binaların enerji effektivliyi də artırılmalıdır. Əks halda… Hazırda bizim binalarda alternativ enerjidən istifadə doğru deyil. Çünki onlar enerji effektli deyil. Bir də unutmayın ki, alternativ enerji ənənəvi enerjidən baha başa gəlir.

– Biz mənzilimizin çox isti olmasını istəyirik. Bəs norma nə qədərdir?

– Evdəki temperaturla bayırdakı temperatur arasında böyük fərq olmamalıdır. Qışda evdə havanın temperaturu 25 dərəcədən yuxarı olmamalıdır. Çünki temperatur 25 dərəcədən yuxarı olanda bakteriyalar baş qaldırır (bundan başqa, temperaturun hətta 1-2 dərəcə aşağı salınması da enerjiyə 2-3 faiz qənaətə gətirib çıxarır). Xüsusən də yataq otağının temperaturu aşağı olmalıdır. Almaniyada yataq otağının temperaturu 16, Azərbaycanda isə 19 dərəcədir (mətbəxdə 16 dərəcə). Çünki otaq sərin olduqda insan daha rahat yatır, bakteriyaların fəallığı azalır. Üstəlik, enerjiyə qənaət edilir. Yayda da evdə temperaturu  23 dərəcədən aşağıya salmaq məsləhət deyil. Bayırda temperatur 35 dərəcə, otaqda kondisionerin sayəsində 18 dərəcədirsə, ortada 17 dərəcə fərq yaranır. Bu zaman insan fərqli temperaturlara çətin adaptasiya olunur. Nəticədə vaxtından əvvəl qocalma prosesi gedir, üzdə qırışlar əmələ gəlir. Çünki orqanizm fərqli havaya adaptasiya olunarkən müqavimət göstərməkdə çətinlik çəkir. Ümumiyyətlə, yaxşı olar ki, bayırla içərinin temperaturu arasında fərq 12 dərəcədən artıq olmasın. Yəni çalışmaq lazımdır ki, otağın havası çöl havasına yaxın olsun. Onu da deyim ki, bir insanın bir saatda tələb etdiyi təmiz havanın miqdarı 60 kubmetrdir. Binaya da təmiz hava daxil olmalıdır. Əgər binanı enerji effektli ediriksə, eyni zamanda təmiz havanı da düşünməliyik. Məlumat üçün qeyd edim ki, məsələn, Norveçdə yaşayış binalarında mexaniki ventilyasiya sistemləri var. Bizdə belə şey yoxdur. Mövcud bacalar isə təbii ventilyasiya rolunu oynayır, tullantılar oradan xaric olunur. QVAMI MƏHƏBBƏTOĞLU