“Bilə-bilə öz övladlarının qatilinə çevrilənlər

472

Bu gün dünyada daha çox siyasi məsələlərdən, siyasi problemlərdən danışılır. Ancaq bəzi qeyri-siyasi və daha vacib problemlər var ki, onlar haqda az danışılır. Məsələn, götürək abort məsələsini. Belə ki, qız uşaqlarının ana bətnində məhv edilməsinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Bizim cəmiyyətimizdə isə bir çox ailələrdə nədənsə oğlan uşaqları qız uşaqlarından üstün tutulur. Belə ki, qız uşaqlarını istəməmək kimi faktorlar da abortların artmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün ciddi inzibati tədbirlərin görülməsinə ehtiyac var. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov yeni tədris ilinin başlanması münasibətilə keçirilən mətbuat konfransında bu il birinci sinfə gedən uşaqlar arasında qızların sayının oğlanların sayından nəzərəçarpacaq dərəcədə az olduğunu bildirmişdi. Bu, əlbəttə, çox düşündürücü və narahatedici bir məsələdir. Statistika da təsdiq edir ki, artıq əhalimizin 7 yaşdan aşağı olan hissəsində qızların sayı oğlanların sayından azdır.

Hazırda qadınlar çox zaman mini-abort etdirirlər. Qəribədir ki, bir çox xanımlar abort etdirməyə çox soyuqqanlı yanaşırlar. Mövzu ilə bağlı  sualları cavablandıran Mingəçevir Şəhər Doğum Evinin baş həkimi Zəhra Dumanova mini-abortların sağlamlıq üçün də zərərli olduğunu söylədi: “Ailə planlanması deyilən bir anlayış var və bu, nəzərə alınmalıdır.

Yəni tərəflər qarşılarına məqsəd qoymalıdırlar, özlərinin maddi, fiziki və mənəvi durumlarını nəzərə alaraq, ailədə neçə övlad böyüdəcəklərini qərarlaşdırmalıdırlar. Arzuolunmaz, planlaşdırılmamış hamiləliklər abortların olmasına gətirib çıxarır. Ümumiyyətlə, bir qadın həkimi kimi deyə bilərəm ki, abortlar qadın sağlamlığına mənfi təsir edir. Bu mənfi təsirlər istər uşaqlıq yollarında, istər yumurtalıqda, ümumiyyətlə, qadın cinsiyyət orqanlarında iltihablı xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də abortlara getməmək üçün arzuolunmaz hamiləlikdən tibbi yollarla qorunmaq lazımdır. Bunun üçün tibbdə müəyyən üsullar var və qadınlar öz qadın həkimlərinə müraciət edərək, məsələni həll edə bilərlər”.

 

Bəzən də qadın elə yaşda

hamilə qalır ki…

“Bəs nə vaxt abort etdirmək olar?” sualımıza Mingəçevir Şəhər Doğum Evinin baş həkimi Zəhra Dumanova belə cavab verdi: “Ancaq qadın çıxılmaz vəziyyətdə qalanda, məsələn, dölün eybəcər forması olarsa, qadın xəstə olarsa, ona doğmaq olmaz və ya bəzən də qadın elə yaş həddində hamilə qalır ki, məcburiyyət qarşısında abort olunmalıdır: “Son vaxtlar qadınlarda böyrək problemi yaranıb. Bu da doğuş zamanı ağır fəsadlar verir. Bu fəsadların baş verməməsi üçün qadın, əvvəlcə, öz sağlamlığına əmin olmalıdır, daha sonra hamilə qala bilər. Əks halda, elə bir vəziyyət yarana bilər ki, bu da ana ölümü ilə nəticələnə bilər”.

Z. Dumanova deyir ki, hamiləlikdə ürək patologiyası olarsa, ağır böyrək patologiyaları baş verərsə, o zaman hamiləlik pozulur: “Bizə üz tutanlar arasında hətta 3-5 qız övladından sonra abort etdirmək istəyən qadınlar da olub. Çalışırıq ki, belə qadınları fikirlərindən yayındıraq. Amma nə qədər də olmasa, bu hallar baş verir. Bəzən də hamilə qalan qadınlar özbaşına apteklərdən aldıqları dərmanlarla arzuolunmaz hamiləliyi pozurlar. Bu kimi vəziyyətlərdə bəzən qanaxmalar baş verir. Hətta abortdan pozulma baş verərsə, bu da ölümlə nəticələnə bilir. Ona görə də qadınlarımız qadın məsləhətxanalarından mütləq sürətdə istifadə etməlidirlər. Sağlam şəkildə də arzuolunmaz hamiləlikdən qorunmağın tibbi yolları var. Onu da qeyd edim ki, bəzən qadınlarımız təkrar doğuşlara çox üstünlük verirlər. Amma onlar bilməlidirlər ki, doğuşlar arasında iki, üç il ara olmalıdır. Çünki doğuş zamanı bədən öz immunitetini itirir və bərpası üçün müəyyən vaxt tələb olunur.  Eləcə də abortların əksəriyyəti bu və ya digər erkən və ya gecikmiş ağırlaşma və fəsadlar verir. Söhbət tək cərrahiyyə abortlarından yox, daha “qoruyucu” mini-abortlardan və farmabortlardan (dərmanlar vasitəsi ilə ) da gedir”.

“Xəstəlikdən qorxaraq gizlətmək lazım deyil”

Abortların digər zərərləri barədə məlumat verən həkim: “Uşaqlıq yolunun alətlərlə zədələnməsi abort zamanı ən çox rast gəlinən hallardandır”,-deyə qeyd etdi: “Bəzən bu kimi hallar uşaqlığın, ümumiyyətlə, ləğv olmasına gətirib çıxarır. Hətta ən ağır fəsadlarından biri uşaqlığın perforasiyası, yəni deşilməsidir”.

Mingəçevir şəhərində yerləşən Ailə Planlaşdırma Mərkəzinin şöbə müdiri Mahirə Tahirova isə qəzetimizə müsahibəsində: “Gənclər evlənməmişdən əvvəl həkim müayinəsindən keçməlidirlər”,-dedi: “Xəstəlikdən qorxaraq gizlətmək lazım deyil. Çünki onların övladları da gələcəkdə xəstə doğula bilər. Yeri gəlmişkən, qeyd edim ki, son zamanlar müxtəlif xəstəliklərin artması müşahidə olunur. Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu ailə quran cütlüklərin ailə planlaşdırma mərkəzlərinə  müraciət etmələridir”.

 

“Qızımın bir qızı var, indi hamilə qalıb, istəyirik ki, yoxlatdıraq”

Həkimlərdən aldığımız məlumatlardan aydın oldu ki, onlar hər bir aborta gələn xanımla söhbətlər aparır, onları lazımınca məlumatlandırır və fikirlərindən daşındırmağa çalışırlar. Buna baxmayaraq, çox təəssüflər olsun ki, xəstəxanalarda fəaliyyət göstərən ultrasəs müayinə kabinetlərinin qarşısında aborta gələn qadınların sayı kifayət qədər idi. Yəni, demək olar ki, bu hal hər gün müşahidə edilir. Ən çox da Mingəçevirə yaxın rayonlardan gələn qadınlar üstünlük təşkil edirlər. Onlardan bir neçəsi ilə həmsöhbət olduq. Mingəçevir sakini Quliyeva Solmaz 40 yaşında dünyaya qız uşağı gətirdiyini dedi: “Təəssüflər olsun ki, dünyaya gətirdiyim uşaq əlildir. Özüm xəstə olduğuma görə, həkimlər bildirdilər ki, abort mümkün deyil, ona görə də mən məcburiyyət qarşısında qaldım və bu uşağı dünyaya gətirdim. İndi həm özüm əziyyət çəkirəm, həm də qızım”. Yevlax rayonunun Xaldan kənd sakini Süleymanova Zərqələm hamilə qızını uşağın cinsiyyətini öyrənmək üçün ultrasəs müayinəsinə gətirdiyini bildirdi: “Qızımın bir qızı var, indi hamilə qalıb, istəyirik ki, yoxlatdıraq, əgər bu uşaq da qızdırsa, onu abort etdirmək fikrindəyik”. Qiymətləri ürəkaçan olmasa da, qadınlar lazım olan məbləği əldə edib, aborta gəlirlər…

ESMİRA HİDAYƏTOVA