Bibimin Madonna servizi

687

Qvami Məhəbbətoğlu (Rəsulov)

Bu dəfə kəndə yolum düşəndə Gülçəmən bibimin ağır xəstə olduğunu dedilər. Ona baş çəkməyi özümə borc bildim. Bir də baş çəkmədən kənddən ayrıla bilməzdim, axı o mənim xətrimi öz övladları qədər çox istəyir. Bəzən çoxlarına demədiyi sözünü, sirrini mənə danışardı. Onu da deyim ki, hər dəfə kəndə gedəndə məni evinə qonaq çağırar, yaxşı süfrə açar və sonra ürəyini boşaldardı. Bibim danışdıqca sanki yüngülləşirdi, arabir üzü gülürdü, ağrıları dağılıb gedirdi. Bu məni də sevindirirdi. Çünki bibim heç kəsin qarasına danışmırdı, bir çoxları kimi qeybət etmirdi. Məsələn, deyərdi ki, vallah, mən bu kənd camaatını heç cür başa düşə bilmirəm, axı niyə kəndli soğanı, kartofu, şoru, pendiri şəhərdən gətirir? Niyə başa düşmür ki, onun şəhərə getməyi də xərc tələb edir, gəlməyi də… Aldığı da baha-baha, mən hələ onların keyfiyyətini demirəm. Niyə bu kəndli torpaqdan qaçaq düşüb, mal-qaradan uzaqlaşmaq istəyir? Mən həyətyanı sahəmdə göy-göyərti əkirəm, mal-qara, toyuq-cücə saxlayıram. Göy də yeyəndə mənə nuş olur, ət yeyəndə də, çünki bilirəm ki, öz həyətimin məhsulu, öz əlimin ruzisidir…

Bir dəfə də Gülçəmən bibim mənə kürəkənindən yanıqlı-yanıqlı danışdı:

– Yüz dəfə dedim ki, a bala, mal-qaranı satıb maşın almaq fikrini başından çıxart. Amma qulaq asmadı, öz bildiyini elədi, sözümü yerə saldı. Vaxtilə inəklərin bağlandığı yerə indi bir maşın “bağlayıb”, bir də görürsən ki, qızım gəlib deyir ki, ay ana, bəs həkim ərimə süd buyurub, mənə bir stəkan süd ver, içib özünə gəlsin… Mən də hər dəfə yarıgerçək, yarızarafat deyirəm ki, a bala, bəs maşınınız süd vermir?.. Axı ərin deyirdi ki, maşın alan kimi ailəsini süd vannasına qərq edəcək?

O bu kimi söhbətlərlə bağlı suallar verər, mən də onları cavablandırmağa çalışardım.

Sovxoz fermasında uzun müddət sağıcı işləmiş, hələ gənc yaşlarından dul qalmış Gülçəmən bibim çox zəhmətsevər qadındı. Elə üç övladını da halal zəhməti ilə böyüdərək, ev-eşik sahibi edib. Həyat yoldaşı Əsədulla kişidən söz düşəndə: “Heç ölməli kişi deyildi”, – deyərdi. – Bilmirəm ona nə oldu, sapsağlam adam bir neçə saatın içində əlimdən getdi”.

Sonra da ərinin divardan asılmış şəkilinə baxa-baxa deyərdi:

– A kişi, axı sən niyə mənim qəhrəman ana olmaq arzumu ürəyimdə qoydun, hə?

Sonradan Gülçəmən bibimlə ailə qurmaq istəyənlər olsa da, o, razı olmamışdı. Hər gələni də ədəblə yola salardı:

– Mən başqasına gözünün ucu ilə belə baxmayan o kişimin ruhunu narahat edə bilmərəm. Bu yaşımda ikinci dəfə ərə getsəm, övladlarımın üzünə necə baxa bilərəm? Son günüməcən Əsədullanın yurdunu boş qoymaram…

Bibim evin həm qadını, həm kişisi olsa da, qapısına gələn bir kimsəni əliboş qaytarmazdı, hamıya əl tutmağa çalışardı. Hətta bəzən kəndin bığıburma kişiləri onun yanına borc pul almağa gələrdilər. Mal-qarası, toyuq-cücəsi, həyətyanı sahəsi bibimin gəlir mənbəyi idi. Hətta bu təsərrüfatçılığına görə ona “Fermer Gülçəmən” də deyərdilər. Yadımdadır, bir dəfə kənd əhlindən biri hər işin öhdəsindən gələ bildiyinə, işgüzarlığına əsasən ona “Erkək Tükəzban” demişdi. Amma ağsaqqallardan biri həmin adamın ağzından vurmuş və demişdi ki, öz ana-bacısının qədrini bilən kəndin namuslu qadını haqqında elə söz işlətməz. Həmin adam da dediyinə peşman olmuş, gəlib bibimdən dönə-dönə üzr istəmişdi. Bibim onun qarşısına gülə-gülə çıxmış və demişdi:

– Mən də sənin xalan, ya bibinəm, bağışlayıram, bu səhvi bir də başqaları haqqında eləmə.

Sonra da onu həyətdə stol arxasında oturdub çay vermişdi. Bunu eşidənlər bibimin ürəyinin genişliyinə “əhsən” demişdilər…

… Gülçəmən bibimgilə elə onların qonşuluğunda yaşayan bacım Mərcanla birgə getdim. Onların darvazasına yaxınlaşanda həyətdə təcili yardım maşınını gördük. Bacım astaca dilləndi:

– Səhər tezdən də gəlmişdilər…

Bacım evin eyvan qapısını döymək istəyəndə bibimin qızı Gülzarənin oğlu Mətləb həkimlə çölə çıxdılar. Mətləb bizimlə görüşüb, həkimə tərəf qaçdı:

– Həkim, nənəm yaxşı olacaq?

– Ay bala, ümid Allahadır, səbirli ol.

– Bəlkə, onu yenidən xəstəxanaya aparaq?

– Yox, xəstəxanadan dünən gəlib ki… Görünür…

Həkim sözünün ardını demədi. Mətləb də ona əlavə sual vermədi. Həkim “sağ olun” deyib təcili yardım maşınına oturdu. Maşın Alabaşın müşayiətilə yorğun-yorğun həyətdən uzaqlaşdı.

… Gülçəmən bibimgilin balaca evi adamla dolu idi. Hamı onun başına yığışmışdı. Mən və bacım bibimə yaxınlaşıb üz-gözündən öpdük. O, məni qucaqlamaq məqsədilə əlini yorğanın altından çıxarmaq istədi, lakin bacarmadı. Bibim bundan hirslənibmiş kimi üz-gözünü turşutdu.

– Yəqin, iynənin təsiri hələ keçməyib.

Bu sözləri Gülzarə dedi və az sonra nə fikirləşdisə əlavə etdi:

– Vallah, anamın vəziyyəti məni elə çaşdırıb ki, sizə çay da təklif etmədim, bağışlayın…

Bacım Mərcan:

– Çay içməyə gəlməmişik ki, ay Gülzarə, ananla məşğul ol… – dedi.

Mən yerdə – nalçanın üstündə əyləşəyib, yanımdakılardan xəstənin vəziyyəti barədə daha ətraflı məlumat almağa başlayanda birdən bibimin gözlərinin mənə dikildiyini gördüm. Az sonra gözləri ilə onun nəyə isə işarə etdiyini başa düşdüm. Gülçəmən bibimin bu istəyini heç kimə sezdirmədən evin hər bir tərəfinə bir anda göz gəzdirdim. Lakin ağlıma gələn bir şey olmadı. O, bunu sezibmiş kimi əli ilə nəyi isə göstərmək istədi, lakin əli sözünə baxmadı. Daha sonra Gülçəmən bibim baxışlarını sözə cevirməyə çalışdı. Onun bu cəhdi də boşa çıxdı. Odur ki, o, gözlərini yenə mənə zilləyərək nəyə isə işarə etdi. Mən növbəti dəfə ətrafı diqqətlə nəzərdən keçirəndə gözlərim servantdakı Madonna servizə sataşdı. O servizə ki…

… 30-35 il öncə Gülçəmən bibimgilə gələndə o, mənə öz halal zəhməti ilə baha qiymətə Madonna serviz (6 nəfərlik çay və 6 nəfərlik yemək dəsti) aldığını dedi. Və başladı onun üstünlüklərindən danışmağa: ay nə bilim, bu Çexoslovakiyada istehsal olunub, ay nə bilim, onda çay içmək ömür uzadır, ay nə bilim, ona filan qədər pul vermişəm, ay nə bilim, indi belə şeylər hər evdə olmur və sairə… Mən də dilimi dinc qoymayıb ərkyana dilləndim:

– Bibi, elə isə daha bu sadə stəkan-boşqabda niyə çay içirik, servantdan çıxart, onlarda içək də… Axı onları nə vaxta qədər muzey eksponatı kimi saxlayacaqsan?

Mənim bu gözlənilməz təklifimdən bibim tutuldu:

– Yox, olmaz… Onlar elə eksponat kimi qalsa yaxşıdır. Mən elə onları o niyyətlə də almışam.

– Ay bibi, məgər biz çay içməklə onun gözəlliyinə xələl gələcək? Vallah, daha da gözəlləşəcək e… Eşitməmisən ki, işlək kotan parıltılı olar…

Daha nələr, nələr dedim, lakin dediyim heç bir söz Gülçəmən bibimi yumşaltmadı ki, yumşaltmadı.

Təklifimin yerə düşdüyündən pərt olduğumu güman edən Gülçəmən bibim mənə az sonra bir sirr açdı:

– Vallah, sənin xətrini dünyalar qədər istəyirəm, ay bala. Məndən nə istəyirsən istə, amma belə bir fikrə düşmə! Fikrim heç də səni qırmaq deyil. Yüz elə qab-qacaq qurban olsun sənə. Amma Gülçəmən bibindən incimə, rəhmətlik kişim bir dəfə Madonna servizdə ona çay gətirməyimi istəmişdi. Lakin mən axmaq razı olmadım. Dedim, kişi, o evimizin bəzəyidir e, mən onu həmişə pak görmək istəyirəm. Bilmirəm, haradan beynimə girmişdi bu cürə fikirlər… O gündən kişim heç onun üzünə da baxmadı. Hətta bir dəfə saqqızını oğurlayıb, ona həmin servizdə çay verəcəyimi dedim. O isə dedi: “Saxla, saxla, bəlkə lazımın oldu… Bir onu bilirəm ki, öləndə onu özünlə apara bilməyəcəksən”. O gün o ağır vəziyyətdə olanda da ona bu dəstdə çay vermək istədim. Amma kişi bu təklifimi elə rədd etdi ki… Və mən də o gündən söz verdim ki, bir daha ondan istifadə etməyəcəyəm. Qoy elə bəzək əşyası kimi dursun yerində…

Mən növbəti dəfə Gülçəmən bibimgilə gedəndə: “Bəlkə, onda bir çay içib kişinin ruhunu şad edəsən”, – dedim. Lakin o… yenə israr etdi.

Xəyallarımdan məni Gülçəmən bibimin xırıltılı səsi ayıltdı. Hamı birdən-birə əl-ayağa düşdü. Hətta qonşulardan da bir neçəsi hönkür-hönkür ağlamağa başladı. Onu bayaqdan bəri həkimin verdiyi məsləhətlər əsasında özünə gətirdilər. Lakin az sonra Gülçəmən bibim əri Əsədullanın, atası Nurəddin kişinin və bir də anası Gülmirənin adlarını hamının eşidəcəyi tərzdə çağırmağa başladı. Bu zaman mən yanımda oturmuş Əsəd dayının üzünə diqqətlə baxanda o dilləndi:

– Bibin artıq o dünyadakı əzizləri ilə danışır. Elə gözünə görünənlər də onlardır. Arvadın canı üstündə ikən molla Bədələ zəng edin, gəlib bir Yasin oxusun…

Qonşu Muxtar bu sözlərə bənd imiş kimi tez telefonuna əl atdı və məsələni molla Bədələ anlatdı.

İstər-istəməz mənim də gözlərim doldu. Cibimdən yaylığı çıxarıb gözlərimin yaşını qurulamaq istəyəndə Gülçəmən bibimin gözlərinin yenə gah mənə, gah da Madonna servizə dikdiyini və baxışları ilə nə isə demək istədiyini gördüm. Lakin nə qədər çalışdımsa, onun nə dediyini anlaya bilmədim. Və birdən… yerimdən qalxıb servanta tərəf cumaraq Madonna servizdən iki fincan və iki boşqab götürərək Gülzarəyə onlara çay süzüb gətirməsini xahiş etdim. Hamı kimi Gülzarə də mənim bu hərəkətimi təəccüblə qarşıladı. Gülzarə çay süzəndə Gülçəmən bibimə tərəf boylandım. Onun gözlərində bir işartı gördüm və belə zənn etdim ki, bu onu doğru başa düşməyimin sevincindən idi. Az sonra bu sevinc onun üzünə də qondu və birdən-birə onun sifəti elə gözəlləşdi ki…

Gülzarənin gətirdiyi bir fincan çayı nəvəsinin köməyi ilə Gülçəmən bibimə verməyə çalışdım. Lakin nə qədər cəhd etsə də, bibim çayı əlində saxlamağa çətinlik çəkdi. Hətta buna görə Əsəd dayı məni qınadı da:

– İncitmə arvadı… Görmürsən, o, can hayındadır? Onu qibləyə çevirmək lazımdır.

Sonra isə Muxtara üzünü tutub dedi:

– Ay Muxtar, molla Bədəl nə oldu? Gəlir?..

Muxtar başı ilə “hə” cavabını verdi.

3-4 dəqiqəlik məşqdən sonra axır ki, Gülçəmən bibim fincanı birtəhər əlində saxlaya bildi. Mən sevincək halda dilləndim:

– Hə, bibi, iç… Heç olmasa, bir qurtum iç.

Gülçəmən bibim mənim köməkliyim ilə çayı ağzına aparmaq istəyirdi ki, fincan əlindən yerə düşərək çilik-çilik oldu. Elə həmin anda da bibimin qolları yanına düşdü. Evi ağlaşma bürüdü. Mən daha içəridə dayana bilmədim.

Bir azdan neçə gündür ki, dolub durmuş buludlar da özlərini boşaltmağa başladı…