Beynəlxalq festivalda Azərbaycanı Gəncə Dövlət Dram Teatrı təmsil edir

174

 

 Gürcüstanın Özurgeti şəhərində Nodar Dumbadze Beynəlxalq Teatr Festivalının təntənəli açılış mərasimi olub. Bu barədə Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, mərasimdə Gürcüstanın mədəniyyət naziri Tea Culukiani, Gürcüstan Teatr Xadimləri İttifaqının sədri Qoqia Qeqiçkori, Gürcüstan parlamentinin deputatları, şəhər meriyası və dövlət rəsmiləri iştirak ediblər.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, beynəlxalq münsiflər heyətinin tərkibində Azərbaycanı Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir: “Bununla yanaşı, cari ilin 11-15 iyul tarixlərində Avrasiya Teatrlar Birliyi Özurgeti şəhərində özünün növbəti toplantısının da keçirilməsini planlaşdırır. Elə bu məqsədlə Birliyin Azərbaycan təmsilçisi olan Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov sözügedən festivala səlahiyyətli nümayəndə olaraq dəvət alıb”.

Esmira Hidayətova, Gəncə