“Beynəlxalq avtomobil yük daşımaları” adlı dərs vəsaiti çap olunub

0
213

Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasının dosentləri Bəxtiyar Namazov və Rauf Məmmədov, həmçinin Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının aparıcı mütəxəssisləri Orxan Əfəndiyev və Ramiz Axundovun müəllifi olduqları “Beynəlxalq avtomobil yük daşımaları” adlı dərs vəsaiti işıq üzü görüb. Bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza məlumat verilib.

Dərs vəsaiti beynəlxalq avtomobil yük daşımaları ilə məşğul olan menecerlərin, mütəxəssislərin və fərdi sahibkarların hazırlığı, eləcə də peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə yazılıb. Kitabdan logistika və nəqliyyat texnologiyaları, avtomobil daşımalarının təşkili və idarə edilməsi sahələrində bakalavriat və magistratura səviyyələrində təhsil alanlar istifadə edə bilərlər.

Təqdim olunan dərs vəsaiti, həmçinin yeni ixtisas kimi ilk dəfə hazırlığı 2017/2018-ci tədris ilində BMU-da başlanan “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə yüksək keyfiyyətli mütəxəssislər yetişdirmək işində faydalı olacaq.

Kitab Avropa Birliyinin 1071/2009 direktivinə və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı Akademiyasının (IRU Akademiyası) standartlaşdırılmış tədris proqramına əsasən hazırlanıb.

Onu da əlavə edək ki, bu yaxınlarda BMU-nun dosentləri Bəxtiyar Namazov və Rauf Məmmədovun müəllifi olduqları “Logistikanın əsasları” adlı kitabı da çap edilib.