Türkiyədəki media üzərinə hücumlar kəskin şəkildə pislənilir

577
Türkiyədə polis tərəfindən həyata keçirilən son əməliyyatlar nəticəsində “Zaman”qəzetinin bas redaktoru Ekrem Dumanlının, “STV”nin bas direktoru Hidayət Karacanın və digərlərinin həbs edilməsi beynəlxlaq aləm tərəfindən Ərdoğan iqtidarının totalitarizmə yuvarlanması kimi dəyərləndirilir.
Ötən bazar günü Türkiyənin “Zaman”qəzetinin bas redaktoru Ekrem Dumanlının, STV-nin bas direktoru Hidayət Karacanın, həmçinin“Tək Türkiyə” filminin ssenaristi Əli Kara və aktyor Haseki Egitimin həbs edilməsi beynəlxalq aləmdə böyük narahatlığa səbəb olub. Bununla bağlı mətbuata təzyiqlər Avropa Birliyi tərəfindən narahatlıqla qarşılanıb. Məsələyə münasibət bildirən Avropa Birliyi komissarları Mogerini və Hahn bircə açıqlama verərək, Türkiyədə mətbuata qarşı həyata keçirilən təzyiqləri pisləyiblər. Hər iki AB komissarı Ekrem Dumanlı və Hidayət Qaracanın həbsinin Avropa Birliyi dəyərlərinə vurulan zərbə kimi dəyərləndirərək, baş verənlərdən narahat olduqlarını bildiriblər. Qeyd edilib ki, son hadisələr Türkiyə-AB münasibətlərinə ağır zərbə vuracaq. Avropa Parlamentinin Türkiyə üzrə məsul təmsilçisi Piri də mətbuat nümayəndələrinin həbsini mətbuat azadlığına vurulan zərbə kimi dəyərləndirərək, baş verənlərdən şoka düşdüyünü söyləyib. İtalyalı parlamenteari:  “Türkiyədə mətbuat nümayəndələrinin həbsindən şoka düşdüm. Hökuməti tənqid edən mətbuatın susdurulması istiqamətində həyata keçirilən həbslər mətbuat azadlığına vurulan ən ağır zərbədir”,-deyib.

Son bir neçə ildə Türkiyədə mətbuata qarşı artmaqda olan təzyiqləri dəfələrlə sərt şəkildə pisləyən Avropa Parlamentinin rəhbəri Martin Şults da “Zaman” qəzetinə qarşı həyata keçirilən təzyiqlərin təşvişlə qarşılandığını söyləyib. O deyib ki, Türkiyə iqtidarı azad mətbuatı susdurmaqla sivil inkişaf yolundan totalitarizmə yuvarlandığını sübut edir. Avropa Parlamentində ikinci böyük qrup olan sosialist və demokratların rəhbəri Gianni Pittella da Türkiyənin AB-yə üzvlüyünə yolun söz və mətbuat azadlığından keçdiyini xatırladaraq: “Zaman”a təzyiq ölkənin yanlış inkişaf istiqaməti seçdiyini göstərir”,-deyib.

Türkiyənin də üzv olduğu Avropa Şurası baş katibi Yaqlandın mətbuat katibi Daniel Holtgen də “Zaman”a verdiyi açıqlamada: “Yaqland Türkiyədə mətbuat azadlığının təhlükə altında olduğundan narahatdır və baş verən həbslərdən əndişə keçirməkdədir”,-deyib.

Avropa Parlamenti rəhbərinin yardımçısı Aleksandr Qraf Lambsdorff isə həbs edilənlərin mətbuat azadlığına vurulan ağır zərbə olduğunu qeyd edərək: “AKP iqtidarı bununla da AB üzvlüyündən vaz keçdiyini göstərir. Bugünkü olaylar hökumətin  azad mətbuata qarşı zorakılıq və azad mətbuatı boğmaq siyasətini həyata keçirdiyini göstərir. Bu olaylar həm Avropadakı, həm də dünyadakı Türkiyə dostları üçün son dərəcə üzücü xəbərlərdir. Türkiyə ya söz azadlıqları olan demokratik bir ölkə olacaq, ya da eynilə hərbi çevrilişlər dövründə olduğu kimi yenidən diktator dövlətinə çevriləcək və elmli adamların ölkəni tərk etməsi nəticəsində gələcəyini məhv edəcəkdir”,-deyib.

Avropalı liberalların lideri ser Graham Vatson da Türkiyədəki həbslərdən son dərəcə rahatsız olduqlarını  bildirib. O deyib ki, son hadisələr Türkiyənin avtoritar və totalitarizmə yuvarlandığını göstərir. Vatson: “Avropalı liberallar Ekrem Dumanlı və Hidayət Karacanın həbsindən təşviş keçirməkdədirlər. Türkiyə hazırda avtoritar və totalitar rejimlərə uyğun şəkildə idarə olunur. Türkiyədə söz azadlığı ciddi təhdid altındadır”,-deyib.

AP-nin ən böyük ikinci qrupu olan sosialist və demokratların keçmiş lideri Hannes Svoboda verdiyi açıqlamada: “Türkiyədə jurnalistlərə qarşı son həbslər və bu ölkədə yasananlar demokratik inkişaf yolundan geri çəkilmədir”,- deyib.

Türkiyə-AB birgə parlament komissiyasının həmsədri Joost Lagendijk isə Türkiyədə demokratiyanın təhlükə altında olduğunu söyləyib.

Ekrem Dumanlı barədə irəli sürülən iddiaları sayıqlama adlandıran Lagendijk: “Avropadakı insanların çoxu “Zaman”ı və “Todays Zaman”ı yaxşı tanıyır. Bir çox insanlar Ekrem Dumanlı ilə dostdur və onlar bu saf insanın həbs edilməsinin səbəbini anlamaqda çətinlik çəkirlər.  Onlar Türkiyədə baş verən son həbsləri sərt şəkildə pisləyirlər”,-deyib.

“Zaman”a açıqlama verən mərkəzi İngiltərədə yerləşən Beynəlxalq Yazarlar birliyi-PEN direktoru Jo Glanville də Türkiyədə baş verən son hadisələrdən və mətbuat nümayəndələrinin həbsindən həddindən çox narahat olduqlarını bəyan edib: “ Mətbuata qarşı həyata keçirilən zorakılıqlar beynəlxalq aləmdə Türkiyənin imicinə güclü zərbə vuraraq, onun gözdən düşməsinə yol açacaq”,-dedi.

Mərkəzi ABŞ-da yerləşən  Beynəlxalq Mətbuat Klubu (National Press Club – NPC) da Türkiyədə mətbuat nümayəndələrinin həbsini söz azadlığına vurulan zərbə kimi dəyərləndirib.  Beynəlxalq Mətbuat Klubunun (National Press Club – NPC) rəhbəri Myron Belkind: “Türkiyə Prezidenti Ərdoğan iqtidarının azad mətbuat üzərinə hücumu xəbəri Amerikadakı jurnalistlər tərəfindən pislənilir. Türkiyə NATO-nun üzvü olduğu üçün azad mətbuata hücumlar quruma üzv dövlətlər tərəfindən qınanmalıdır”.

Dünyanın tanınmış insan haqlarını müdafiə komitəsi-Freedom House da Türkiyədə mətbuat nümayəndələrinin həbsini sərt şəkildə tənqid edərək bildirib ki, baş verənlərin arxasında ötən il həyata keçirilən rüşvətə və korrupsiyaya qarşı əməliyyatla bağlı Ərdoğan iqtidarının azad mətbuatdan intiqam alması cəhdləri dayanıb.

ABŞ Mətbuatı Beynəlxalq Müdafiə Komitəsi (CPJ) də Türkiyədə azad mətbuata qarşı təzyiqləri pisləyib. CPJ rəhbəri Sandra Mims Rove: “Ərdogan  son həbslərlə bağlı bir daha göstərdi ki azad mətbuatı susdurmaq siyasətini həyata keçirir. Ərdoğan azad mətbuata deyil, ona yaltaqlanan mətbuata inanır”.

“Associated Press”: “ Ərdoğan azad mətbuatı susdurur və bunun üçün həbslərə əl atır. Türkiyədə mətbuat azadlığı təhlükə altındadır”.

“New York Times: “Ərdoğan iqtidarı hökuməti devirməyə cəhdində suçladığı Gülən hərəkatı üzvlərinə qarşı yeni əməliyyata başlayıb. “Zaman” qəzeti önündə toplanan yüzlərlə insan isə Ekrem Dumanlının həbsi zamanı azad mətbuatın susdurula bilməyəcəyini bəyan edib”.

“BBC” əməkdaşı Mark Lowen: “Ərdoğan əleyhdarlarını həbs etməklə onları susdurma yolu seçib. Türkiyə iqtidarının bu hərəkəti demokratiyaya, mətbuat azadlığına vurulan böyük zərbədir”.

“Le Monde”: “Azad mətbuatın boğulmasına yönələn son həbslər Ərdoğan tərəfindən Gülən hərəkatına qarşı təzyiqlərin daha da artması anlamına gəlir”.

Avstriyada çıxan “Kuriyer” qəzeti: “Türk polisi həyata keçirdiyi əməliyyat nəticəsində terrorda və “Əl-Qaidə” ilə əlaqədə olan şəxsləri deyil, azad mətbuat nümayəndələrini həbs etdi”- deyə yazıb.

Əziz Mustafa