Beykəs kişinin övladları və yaxud ot kökü üstə bitər

96

 

Kəndimizdə bir kişi var idi. Adı Beykəs, soyadı Qubatov. Kəndimizdə ailcənablıqdan, mehribançılıqdan, xeyirxahlıqdan, eləcə də ailədən söz düşəndə hamı bir nəfər kimi ondan və ailəsindən danışar, nümunə göstərərdi. Kim idi, hansı sənətin sahibi idi bu kişi?

Vəlibəylilər şəcərəsindən olan Qoca kişinin oğlu Beykəs kişi (1911-1982) uzun müddət kəndimizdəki sovxozda arabaçı kimi fəaliyyət göstərib. Deyilənlərə görə, heç oxuyub-yazmağı da bacarmırmış. Hətta öz əmək haqqını alanda imza atmaq əvəzinə kağıza rənglənmiş barmağını basarmış. Böyük Vətən müharibəsi illərində ön cəbhədə, daha doğrusu, 416-cı Taqanroq diviziyasının tərkibində faşistlərə qarşı vuruşan Beykəs kişi müxtəlif orden və medallara da layiq görülüb. 1943-cü ildə ayaq barmaqlarını don vurduqdan sonra ordu sıralarından tərxis edilib və II qrup əlil kimi sovxozda əmək fəaliyyətini davam etdirib. Onun Əbil adlı qardaşı isə müharibədən qayıtmayıb. (Yeri gəlmişkən qeyd edək ki, Beykəs kişinin atası – Qubat oğlu Qoca iki oğul (Beykəs və Əbil) və 5 qız (Güllər, Püstə, Həmidə, Mina, Həzrə) sahibi olub.

Beykəs kişi 1930-cu illərin ortalarında bir zamanlar milyonçu Hacı Zeynalabdin Tağıyevin neft mədənlərində çalışmış, o illərdə Stalin, Nəriman Nərimanov kimi şəxslərlə yaxından tanış olmuş, bağı əlindən alınaraq kolxoz mülkiyyətinə çevrilmmiş, kəndimizdə yüzbaşı, sovet dönəmində isə kənd soveti vəzifəsində çalışmış, bir sıra bəyləri rəiyyət kimi qələmə verməklə onları cəzalardan yayındırmış, elə bu səbəbdən də vəzifəsindən azad olunmuş, daha sonra briqadir, qarovulçu kimi fəaliyyət göstərmiş, 1959-cu ildə dünyasını dəyişmiş Fəzayıl Allahyar oğlunun (Fəzayıl kişinin 2 oğlu – Daşdi, Əhməd, 3 qızı – Gülarə, Bikə, Sonaxanım olub) qızı Sonaxanımla (1922-2004) ailə qurub. Bu izdivacdan 4 oğul (Ələkbər, Ələsgər, Əhəd, Tofiq) və 3 qız (Hədiqə, Zülfiyyə, Nuriyyə) dünyaya gəlib.

Haşiyə

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib Alpanlının (Sədullayev) yaddaşından:  “Sonaxanım xala dünyanın qulpunu tutmağa, ancaq ondan almağa deyil, yaşadığı dünyanı gözəlləşdirmək, onu insanlığın şəninə şayan bir məkan olması üçün çalışan, insanlığın, insanpərvərliyin qədir-qiymətini daha da yüksəklərə qaldırmağa gələnlərdən idi. Bu ağzı dualı insan Sovetin atamın əlindən aldığı torpaq sahəsində ev tikdiyi üçün ondan halallıq almaqdan savayı, ömrü boyunca onun ruhuna quran oxuduğunu bildirirdi. Nə qədər zərif bir qədirşünaslıq!”

Bu ailənin fərqli cəhəti o idi ki…

Bəli, bu ailə kəndimizin ən yoxsul ailələrindən biri olub. Bəzən günlərlə qazan asılmazdı bu evdə. Amma bu ailədə həmişə xoşbəxtlik hökm sürərdi. Çünki bu evdə ailənin bütövlüyü üçün əsas şərt olan  valideynlərin bir-birinə qarşı hörməti, səmimiyyəti vardı. Hörmət, səmimiyyət olan hər bir ailədə rifah da olur, insana sevgi də, xoşbəxtlik də…

Haşiyə

Zabit Babayevin dediklərindən: “Mən Tofiqlə bir məhəllədə böyümüşəm. Bir sinifdə oxumuşuq. Uzun illər dostluq etmişik. Tofiqin atası və anası rəhmətliklər zəhmətkeş insanlar olublar. Bu ailənin fərqli cəhəti o idi ki, ailədə böyüyün sözü bütün kiçiklər üçün mütləq idi. Ailənin daxili vəziyyəti ilə bağlı məsələlər daxildə qorunmalı və kənara sızmamalı idi. Atadan sonra böyük qardaş aparıcı rola malik idi. Ailə ağır kolxoz illərində çətinliklər görmüşdü. Ailənin üzvləri Ələkbər müəllim başda olmaqla təhsillənməyə xüsusi diqqət yetirmislər. Bu yolla ailənin durumu yaxşılaşmışdı. Bütün ailə üzvləri kənd insanları ilə mehriban davranışı ilə fərqlənirdilər. Mənim bildiyimə görə onların heç kimə pis münasibəti olmayıb. Ümumiyyətlə, bu ailə kəndimizin ən nümunəvi ailələrindən biri olub və bu gün də həmin ailənin yetirmələri bu müssiyanı uğurla davam etdirirlər”.

Əhəd Qubatov, Ələkbər Qubatov, Tofiq Qubatov, Ələsgər Qubatov
Əhəd Qubatov, Ələkbər Qubatov, Tofiq Qubatov, Ələsgər Qubatov

 

“Qardaşlarıma borcluyam”

Tofiq Qubatov xatirələrindən: “Bəli, mənim atam arabaçı olub. Özü də, o dövrün təbirincə desək, öküz arabasını idarə edərdi. Kənddə kasıb ailələrdən biri olmuşuq. Çətin günlərimiz çox olub. Atam iş vaxtından sonra, yaxud da qeyri-iş günləri Qırmızı Qəsəbəyə eşşəklə odun aparar və ailəsinin gündəlik ehtiyaclarını ödəyərdi. Rəhmətlik anam nəql edərdi ki, qardaşlarım yetkinlik yaşlarına çatandan sonra ailəmizə dayaq olmağa çalışardılar. Amma onların bu addımları bəzən uğursuz olardı. Məsələn, günlərin bir günü qardaşım Ələsgər tövlədə ac olan malı yemləmək üçün bir kisə küləş gətirərkən yaxalanıb və buna görə də atam cəzalandırılıb. Belə ki, atam əmək gününə  hesablanmış 156 kq buğdadan məhrum olunub. Belə vəziyyətlərdə isə anamın xalça toxuması  və onları sataraq qazanc əldə etməsi ailəmizin karına yetişərdi. Bir sözlə, ailəmiz, necə deyərlər, bir qarın ac, bir qarın tox dolanıb. Bu kimi çətinliklərə rəğmən, mən və qardaşlarım ali təhsil almışıq. Amma etiraf edim ki, mənim ali təhsil almağımda, bu səviyyəyə çatmağımda böyük qardaşlarımın rolları kifayət qədər olub. Bu yerdə rəhmətlik Çövhərət (Yaqubova-Q.M.) müəlliməni də xatırlamaqla söhbətimi davam etdirmək istərdim. O, həmişə məktəbdə və digər yerlərdə mənim qardaşlarımı “arabaçı Beykəs kişinin övladları” kimi təqdim edərək uşaqlara nümunə göstərərdi. Hərdən məni də ali təhsil almağa sövq edərdi. Allah ona qəni-qəni rəhmət eləsin”.

“Anam deyərdi ki…”

Yenə də Tofiq Qubatovun yaddaşından: “Atamgil Kostroma məhəlləsinə 1954-cü ildə məskunlaşıb. O illərdə ev tikmək heç də asan deyildi. O illərdə hər gün iş başında olan kişilərə bir qayda olaraq həyat yoldaşları hayan olardı.  Elə bu kimi səbəblərdən evimizi inşa edəndə problemlərlə üzləşiblər. Anam o illəri xatırlayanda evi inşa edən Hacıməmməd (Ağasiyev-Q.M.) kişi ilə birgə necə çalışdığından söz açanda sözün həqiqi mənasında qəhərlənərdim. Bir qadının tikinti işi aparan ustanı kərpiclə təmin etməsi sizə asan gəlməsin. Yeri gəlmişkən, o illərdə qadınlar daha cəfakeş, daha səmimi olublar. Bu yerdə bir məsələyə də toxunmaq istərdim. Bizim evimiz əvvəllər “Qədir parağı” adlanan yerdə (hazırda ora Yusif əminin yurdu sayılır) olub. Anam deyərdi ki, o həyətdə 5 ailə (Yusif, Talıb, Sadıq, Beykəs və Qədirin ailələri – Q.M.) yaşayıardı. Özləri də elə mehriban, elə sakit həyat sürərdilər ki… Yəni bir həyətdə yaşayan həmin  insanların aralarında heç bir söz-söhbət olmazdı”.

Tofiq Qubatovun tərcümeyi-halından sətirlər və…

Tofiq Beykəs oğlu Qubatov 1952-ci ildə Alpan kəndində anadan olub.  Orta məktəbin 8-ci sinfini bitirəndən sonra Bakı Plan-Uçot Texnikumunun (Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) mühasibatlıq fakültəsində təhsil alıb. Bir müddət (1970) Sabir adına meyvəçilik sovxozunda fəhlə kimi çalışıb. Hərbi xidmət illərini Almaniyada keçirib. 1973-78-ci illərdə  Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (Azərbaycan Dövlət İqtisad Universiteti) əmtəəşünaslıq ixtisasına           yiyələnib.Kəndimizin Yuxarı mağazasında öz ixtisası üzrə, yəni satıcı kimi əmək fəaliyyətini davam etdirib. (Deyilənlərə görə, Tofiqin bir ticarət işçisi kimi formalaşmasında, püxtələşməsində o illərdə kəndimizdə satıcı işləyən Fazil Mustafayevin (o, Sonaxanımın dayısı oğludur) əməyi də kifayət qədər olub). O, burada 3 ilə yaxın fəaliyyət göstərib.

Sonra Tofiq Qubatov Qırmızı Qəsəbə Sovxoz-Fəhlə Koperasiyasında  müfəttiş-təftişçi, daha sonra baş mühasib vəzifələrində çalışıb. 1994-1996-cı illərdə Sabir adına meyvəçilik sovxozuna rəhbərlik edib.

Haşiyə

Tofiq Qubatov sovxoz direktoru vəzifəsindən azad olunmasına da aydınlıq gətirdi. Bildirdi ki, günlərin bir günü yuxarılar qeyri-qanuni yolla Dəvəçiyə 150 ton taxıl göndərməyimi məndən tələb etdilər: “Təbii ki, mən bundan imtina etdim. Odur ki, məni verilən “tapşırığı” yerinə yetirməməkdə suçladılar. Bu ittihamlar da öz ərizəmlə sovxoz direktoru vəzifəsindən azad olunmağımla sona yetdi”.

…Sovxoz direktorluğu vəzifəsindən uzaqlaşandan sonra Tofiq Qubatov hazırda övladlarının fəaliyyət göstərdikləri mağazanı özəlləşdirdib.(Qeyd edək ki, bu, kəndimizdə özəlləşdirilmiş ikinci mağaza hesab olunur. Kəndimizdə ilk özəl mağaza Fazil Osman oğlu Mustafayevə məxsusdur).

Tofiq Qubatov 1996-2004-cü illərdə özünün təşkil etdiyi fermer təsərrüfatında çalışıb.  Amma fermer təsərrüfatı sonradan iflasa uğrayıb. (Yeri gəlmişkən qeyd edək ki, kəndimizdə ilk fermeri  Dövlət Xəmməd oğlu Zülfüqarov olub. Onun kooperativi də vardı). 2004-cü ilin aprelindən 2017-nin iyununa, daha doğrusu, pensiya yaşına kimi Tofiq Qubatov Quba RİH başçısının Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edib. “2-ci dərəcə Dövlət Qulluqçusu”dur. Hazırda fərdi təsərrüfatçı kimi taxıl məhsullarının istehsalı ilə məşğuldur.  

Tofiq Qubatovun 3 oğlu (Elşad, Fərhad, Kamran), bir qızı (Ruhəngiz) var. “Qafqaz”ı (Bakı Mühəndislik Universiteti) bitirən oğlu Kamran hazırda Danimrkadakı şirkətlərin birində informasiya texnologiyaları sahəsi üzrə çalışır. Qızı 4 sylı orta məktəbdə riyaziyyat fənnini tədris edir. Quba Müəllimlər İnstitutunun məzunu olan Elşad kənd mağazasında işləyir.

Bir ilkə imza atan şəxs

Müstəqillik illərində Tofiq Qubatov kənd məscidinin təmirinə başlamaqla bir ilkə imza atıb.  Bununla əlaqədar o, fikirlərini bölüşərkən təmir işinin onun bir rəhbər kimi ilk işi olduğunu vurğulamaqla yanaşı, bu sözləri də dedi: “1994-cü ildə Sabir adına meyvəçilik sovxozuna direktor təyin  olundum. Günlərin bir günü kəndimizin problemləri ilə maraqlanarkən Alik Babayev adlı şəxs diqqətimi kənd məscidinə yönəldərək bildirdi ki, bəs bu qədim abidənin dam örtüyü çürüməkdədir. Mən bu problemi araşdıranda bunu bir daha yəqin etdim. Odur ki, məscidi təmir etmək məqsədilə xeyriyyə tədbiri keçirməyi qərara aldım. Təklifim kənd camaatı tərəfindən müsbət qarşılandı. Beləcə kimsədən göstəriş almadan kəndin mərkəzindəki klubun qarşısında xeyriyyə tədbiri keçirdik. Həmin tədbirdə kənd sakinləri, o cümlədən Şahbaba Hacıyev, Vələd Süleymanov, Həmdulla Muradov, Qəzənfər Butayev fəal iştirak etdilər. Doğrudur, xeyriyyə tədbirindən toplanan vəsaitlə mövcud problemi aradan qaldırmaq qeyri-mümkün idi. Buna rəğmən mən tərəddüd etmədən həm sovxozun, həm də özümün daxili imkanları hesabına bu işə başlamaq qərarına gəldim və 1995-ci ildə məscidin dam örtüyünün dəyişdirilməsinə başladıq. İşə başlanan gün özümdə xeyli mənəvi rahatlıq hiss etdim. Yeri gəlmişkən onu da deyim ki, bu işi Bədirxan Muradov, Bəhram Hüseynov, Bəhruz Bayramov yerinə yetirdilər. (Sonradan həmin dəmir örtük mənə məlum olmayan səbəblərdən söküldü və yenisi ilə əvəz olundu). Özü də müqavilə əsasında. Yəni müqavilə əsasında mən onların hərəsinə 1,5 ton buğda da verdim. Bu prosesdə Quba şəhərində fəaliyyət göstərən həmkəndlimiz Qubatov Qədir də öz köməyini əsirgəmədi. Belə ki, onun göndərdiyi müxtəlif tikinti malları ilə məscidin iç hissəsini də normal vəziyyətə gətirdik. Mən  Quba RİH başçısının Alpan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edərkən də məscidlə bağlı bu missiyamı davam etdirmişəm. Belə ki, o illərdə də məsciddə Ramazan, Qurban bayramlarının dini adətlərimizə uyğun təşkil edilməsində fəallıq göstərmişəm. Belə ki, həmin günlərdə orada qurbanlıqlar kəsilib, iftar süfrələri təşkil olunub”.

Haşiyə

Məscidin imamı və Dini icmanın sədri Bədəl Tərlan oğlu Bədəlovun sözlərinə görə, ümumiyyətlə, Qubatov qardaşları (Ələkbər müəllimin, Ələsgər müəllimin, Əhəd müəllimin), eləcə də onların övladları məscidimizin təmirinə yardımlar etməklə yanaşı, bu tədbirlərin öncülləri kimi çıxış ediblər. Məsələn, Qubatov Əhəd hər orucluqda öz daxili imkanları hesabına məsciddə iftar süfrələri açıb, Qurban bayramlarında isə qurbanlıqlar kəsdirərək imkansız sakinlərimizin evlərinə çatdırıblar. Qubatov qardaşları Aşağı qəbiristanlığın daş hasara alınmasında öz vəsaitlərini əsirgəməyiblar. Üstəlik, həmin qəbirstanlıqda naves də inşa etdiriblər. Yadıma düşmüşkən, Ələkbər müəllim məscidimizə qədim bir xalça da bağışlayıb. Bir sözlə, onlar həmişə məscidimizə və qəbiristanlıqlarımıza müqəddəs məkanlar kimi baxıb və imkan daxilində müəyyən işlər görməyə çalışıbar. İndi də bu missiyanı onların  övladları – Elşad, Fərhad, Kamran, Zaur (Ələkbər müəllimin oğlu) yerinə yetirirlər. 2013-cü ildəki  təmir zamani Qubatov Elşad Tofiq oğlu 60 kisə şpaklyovka göndərib. Tofiq Qubatovun oğlanlari hər il 10-15 ailəyə ərzaq yardımları etməklə yanaşı, hər il 4-5 ailənin mağaza borcunu ödədiklərini də eşitmişəm.

Bəlkə də yeri deyil. Hər halda qeyd etmək istərdim. Bu günlərdə Danimrkada yaşayan  Kamran məscidimizə 500 manat ianə edib. Ələkbər müəllimin oğlu Zaur isə hər il 4-5 ailənin mağaza borcunu ödəyir. Bu isə o deməkdir ki, daha doğrusu, Beykəs kişinin nəvələri də bu xeyirxah missiyanı davam etdirməkdədirlər. Bütün bu qeydlərimlə yanaşı onu da vurğulamaq istəyirəm ki, məscidimizdə aparılan sonrakı təmir işlərində, eləcə də xeyriyyə tədbirlərdə digər həmkəndlilərimiz də fəalllıq göstəriblər. Məscidlə bağlı yazılacaq digər yazılarınızda onların da fəaliyyətlərindən söz açmağı özümə borc bilirəm. Amma bir məsələni elə bu söhbətimdə vurğulamaq istəyirəm. Belə ki, 1999-cu ildə dini icmanın rəsmi şəkildə təşkilində Vahid Qubatovun rolu böyük olub”.

Tofiq Qubatovun gileyi

Tofiq Qubatov vəzifələrdə olduğu illərdə kəndimizin digər sosial problemlərinə də diqqət yetirib. Belə ki, kənd yollarına daş döşəməsini, su xətlərinin yenilənməsini nəzarətdə saxlayıb. İndi isə o imkanı daxilində öz dükanından imkansız sakinlərimizə yardım edir.

Söhbət əsnasında Tofiq bir məsələdən gileyləndi. Dedi ki, bir zamanlar kəndimizin Çinar pirinin yaxınlığında Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə bir abidə ucaldılmışdı: “Hər il 9 mayda həmin məkanda məktəb kollektivi ilə birgə tədbirlər təşkil edərdik. Təəssüf ki, sonradan həmin abidənı sökərək çox lüzumsuz bir bir formaya saldılar. Üstəlik, son illər həmin məkan baxımsızlıq ucbatından gözdən-könüldən uzaq bir yerə çevrildi”.

 

Bəli, Tofiq Qubatovun dediyi kimi, onun bu səviyyəyə çatmasında qardaşlarının əməyi kifayət qədər olub. Odur ki, bu yazıda onlar barədə də bir neçə kəlmə yazmaq qərarına gəldik. Və beləliklə….

Bizim Ələkbər müəllim

Ələkbər Qubatov haqqında “Alpan etüdləri” kitabımda ətraflı məlumat vermişəm. Buna rəğmən bu yazımda da onun fəaliyyətinə bir daha diqqət yönəltmək istəyirəm. Ələkbər Beykəs oğlu Qubatov 20 oktyabr 1938-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub, həmin kənddə orta təhsil alıb. 1961-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin Qərbi Avropa dilləri fakültəsinin alman dili şöbəsini bitirərək, alman və Azərbaycan dilləri müəllimi ixtisasını alıb. Quba rayonunun Giləzi, Qəçrəş kəndlərində (o, Qəçrəş kənd məktəbinin direktor müavini olub) çalışdıqdan sonra Alpan kənd orta məktəbinə direktor (1971-1977) təyin olunub. 1973-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, alimlik dərəcəsi alıb. 1977-ci ildə indiki Azərbaycan Dillər Universitetinə işə qəbul olunub, 1980-86-cı illərdə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1996-cı ildən professor elmi adına yiyələnib. 1996-cı ildən bir müddət alman dili tərcümə kafedrasının müdiri olub.

Son illər tərcüməçilik fəaliyyəti ilə məşğul olub. H.Haine, Göte, Şiller, Rilke kimi şairlərin şeirlərini tərcümə edib. O cümlədən, Götenin “Qərb Şərq Divanı” kitabını tərcümə edib. 1 monoqrafiya, 4 dərs vəsaitinin müəllifidir. Tərcümə problemi və dillərin qarşılıqlı əlaqələrinə aid 80-dən çox elmi metodiki məqalələr yazıb.

Ələkbər Qubatov 2020-ci ilin oktyabr ayının 1-də dünyasını dəyişib.

Haşiyə

Ələkbər müəllimlə bağlı bu sözləri də əlavə etmək istəyirəm. Atamın 20 avqust 1971-ci ildə qələmə aldığı məqaləyə istinadən qeyd edirəm ki, yuxarı məktəbin əsaslı təmiri də Ələkbər müəllimin adı ilə bağlıdır. Belə ki, məhz onun rəhbərliyi altında həmin məktəb Sabir Murtuzovun briqadası tərəfindən yenidən qurulub. Bu prosesdə müəllimlərdən Ənvər Babayev, İlyas Ağayev, Səbrulla Ağayev, Tacəddin Əhmədov, kənd sakinlərindən Ələziz Ələsgərov, Hətəm Əlixanov, Dadaş Balayev də fəal iştirak ediblər.

Bizim polkovnik-leytenant

Ələsgər Qubatov 1941-ci ildə Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbinin XI sinfini bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetə daxil olub. Oranı müvəffəqiyyətlə bitirəndən sonra Qubanın Qəçrəş, Alpan, Xaçmazın Müzəffər oba kəndlərində müəllim işləyib. Belarusun Brest qalasında hərbi xidmətdə olub. Kiçik leytenant hərbi rütbəsində ordu sıralarından tərxis edilib. 1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib. 1972-93-cü illərdə Quba milis şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Quba milis şöbəsinin müavini vəzifəsindək yüksəlib, ona polkovnik-leytenant rütbəsi verilib. Polis orqanlarında işlədiyi dövrlərdə 12 medalla, eləcədə polis əlacısı müharibə iştrakçısı döş medalı ilə təltif olunub. Xidmət müddəti başa çatandan sonra təqaüdə çıxıb. 1994-2016-cı ilədək Quba rayon Böyük Vətən müharibəsi və Qarabağ Veteranları təşkilatının sədri işləyib. Qeyd edək ki,  I-ci Qarabağ Müharibəsi iştirakçısı Qubatov Ələsgər Beykəs oğlu Şuşanın müdafiəsinin  ən fəal iştirakçılardan biri olub.

Bizim Əhəd

Əhəd Qubatov 1949-cu ildə anadan olub. Alpan orta məktəbinin onuncu sinfini bitirib. Bakı Politexnik İnstitunda və Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. O, Bakı şəhərində müxtəlif sahələrdə ticarətlə məşğul olub. Əhəd Qubatov 27 mart 2021-ci ildə haqq dünyasına qovuşub

Son

Bəli, Zabit müəllimin qeyd etdiyi kimi, bu ailənin durumunun yaxşılaşmasına həqiqətən da Beykəs kişinin övladlarının ali təhsil almaları mühürm rol oynayıb. Obrazlı şəkildə desək, yazışıçı Gülhüseyn Hüseynoğlunun “Mücrü” adlı bir əsərindəki (Sonradan bu mənsur şeirin əsasında eyniadlı film də çəkilib – Q.M.) kimi Sonaxanımın mücrüsünün övladlarının diplomları ilə dolması olub. Elə Tofiq Qubatovun dedikləri də bunu bir daha təsdiq edir: “Həmişə üzünü Allaha tutan atam əlləri qabarlı, alnı qırışlı bir kişi idi. O bizə ürəyinin yağını yedizdirərdi. Heç vaxt yadımdan çıxmaz,  övladları ali məktəb diplomlarını alanda  atamın gözlərində sevinc hakim olardı. Mənə elə gələrdi ki, bu diplomlar ona çəkdiyi əziyyətləri unutdurardı. Hətta deyərdim ki, hər diplom onun alnının qırışlarından bir neçəsini yox edərdi. Bu sözləri anam haqqında da deyə bilərəm”.

…Ana-atanın zəhmətini görüb, onlara yardım edən, onların başını uca zirvələrə çatdıran, hər zaman sevgi, qayğı göstərən bu övladlar isə hər cür təqdirə layiqdirlər.

Qvami Məhəbbətoğlu (Rəsulov)

 

 

Tofiq Qubatov
Tofiq Qubatov
Beykəs Qubatov
Beykəs Qubatov
Sonaxanım
Sonaxanım
Ələkbər Qubatov
Ələkbər Qubatov

 

Əhəd və Tofifq Qubatovlar
Əhəd və Tofifq Qubatovlar
Tofiq Qubatov
Tofiq Qubatov

 

Yevlax, 1968-ci il
Yevlax, 1968-ci il