Berti Foqts istefa verib

573

Berti Foqts Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşdə B.Foqts artıq Azərbaycan millisində gələcəyini görmədiyini deyib. AFFA-dan  verilən məlumata görə o, baş məşqçi vəzifəsindən ayrılmasına baxmayaraq lazım gələcəyi təqdirdə millimizə kömək etməyə hazır olduğunu bildirib, Azərbaycanı ikinci Vətəni saydığını söyləyib.
Rövnəq Abdullayev deyib ki, B.Foqtsun indiyə qədər gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib. Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə B.Foqtsun rəhbərliyi ilə nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib. O, B.Foqtsun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da görüşdə iştirak ediblər.