Belə yanlışlıqmı olar?

631
“Ermənilər cəbhənin müxtəlif istiqamətlərində növbəti dəfə atəşkəsi pozublar. Düşmən cavab atəşi ilə susdurulub”. Bu ifadələri, demək olar ki, hər gün eşidirik. Son illər daha bir ifadə də tez-tez eşidilməkdədir: yanlışlığa yol verilib.
Bəli, bu və ya digər yanlışlıqlar, özü də beynəlxalq səviyyələrdə, sanki alnımıza yazılır. Bir də görürsən ki, hansısa bir qurumun hesabatında, yaxud saytında Qarabağ, yaxud Naxçıvan Ermənistanın ərazisi kimi göstərilib. Məsələn, 2009-cu il dekabrın 14-18-də Bakıda Misir kino həftəsinin keçirilməsi haqqında Moheet.com saytında yerləşdirilmiş yazıda əks olunmuş xəritədə Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikası Ermənistan ərazisi kimi göstərilmişdi. Britaniyanın aparıcı şirkətlərindən olan “Wood Group” şirkətinin rəsmi internet səhifəsində də Azərbaycanın xəritəsi təhrif olunmuş şəkildə öz əksini tapmışdı. Hətta bunlar azmış kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin saytında Ermənistana aid bölmədə Dağlıq Qarabağın 1920-ci ildə Moskva tərəfindən Azərbaycana verildiyi yazılmışdı. Sonradan bütün bunlar texniki səhvlər kimi yozuldu və yanlışlıqlar tədrircən aradan qaldırıldı. Kim nə deyir desin, təbii ki, bu cür yanlışlıqlar qısa zaman kəsiyində belə müəyyən mənada öz işini görə bilir. Bu da ölkəmizin imicinə müəyyən mənada xələl gətirir. Axtaranda, araşdırında bu yanlışlıqlarda da erməni barmağı görünür.Son vaxtlar Azərbaycanla bağlı belə yanlışlıqlar artıq idman aləminə də sirayət etməkdədir. Elə bu günlərdə Serbiyanın Novo Sad şəhərində yeniyetmə və gənclər arasında keçirilmiş sambo üzrə növbəti Avropa birinciliyində yaşananlar dediyimə misaldır. Belə ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub edərək qızıl medala layiq görülsə də, mükafatlandırma mərasimində qalibin şərəfinə Ermənistanın himni səsləndirilib. Bu himnin səsləndirilməsi başa çatandan sonra öz “səhvlərini” anlayan təşkilatçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, “yanlışlığı” düzəldərək Azərbaycanın himnini səsləndiriblər. Yeri gəlmişkən, sonradan qalibin şərəfinə səsləndirilən himn, yəni Azərbaycan himni bu mərasimlə əsla uyuşmadı. Çünki himn səslənərkən kürsüyə qaliblərdən heç biri dəvət olunmadı.

Sual olunur, bu, doğrudanmı təsadüfi baş verib? Zənnimcə, bu “yanlışlığın” kökündə Azərbaycana qarşı növbəti təxribatın ola biləcəyi istisna deyil.

Bu yerdə bir məsələyə də toxunmaq istəyirəm. Həmin mərasimlə bağlı videonu izləyəndə bir məqam nəzərimdən yayınmadı. Himnimizin əvəzinə Ermənistanın himinin səsləndirildiyini görən qalib, yəni Kamran Əsgərov çaşqınlıq içində ora-bura nəzər yetirərək (çox güman ki, o, məşqçilərinə tərəfə baxırdı) yanlış bir himn olduğunu bildirməyə çalışır. Məşqçilər isə himni dayandırmaq əvəzinə farağat duraraq, sonadək qulaq asırlar, Kamranı da məcbur edirlər ki, əlini ürəyinin üstünə qoyub dinləsin. Nəticədə, qalib Kamran düşmən ölkənin himnini sona qədər dinləməyə məhkum edilir. Sual olunur, məgər məşqçilər elə həmin anda bu məsələyə müdaxilə edib öz etirazlarını bildirə bilməzdilərmi? Görəsən, onlar niyə susdular? Nəyə güzəştə getdilər? Güzəştə getdiklərimiz kifayət deyilmi? Bu mənada mən Ermənistanın himnini farağat vəziyyətində duraraq dinləyən məşqçilərimizi də qınayıram. Onlara nə ad verə biləcəyimi də bilmirəm. Mənim fikrimcə, bu məsələdə həmin yarışa qoşulmuş məşqçilərin də kifayət qədər günahı var. Ola bilsin ki, Avropa Sambo Federasiyası və serbiyalı təkşilatçılar bu “yanlışlığa” görə onlardan üzr istəsinlər. Lakin bu rəsmi şəkildə olmayıb axı. Mənim bildiyimə görə, atributla bağlı hər yanlış addım rəsmi olmalıdır. Yəni rəsmi görüşlərdə belə məsələlərin rəsmi həllinə ehtiyac var.

Zənnimcə bu, yenə deyirəm, hər şeydən əvvəl bir təxribat idi. Yəni qalib azərbaycanlının şərəfinə Azərbaycanın deyil, Ermənistanın himninin səsləndirilməsi heç də təsadüfi deyildi. Sual olunur, niyə Gürcüstanın, Belarusun, Türkiyənin, yaxud başqa bir ölkənin deyil, məhz Ermənistanın himni səsləndirildi? Avropa çempionatında belə “təsadüfi səhv”lər olmamılıdır axı? Yoxsa, belə təsadüfi səhvlər bizim alnımıza yazılıb?

Yeri gəlmişkən, burada daha bir məsələyə toxunmaq istəyirəm. Ötən ay Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr edilmiş Dünya Kubokunda bürünc medala layiq görülmüş samboçumuz, əslən Xocavənd rayonundan olan Bəxtiyar Abbasov Ermənistanın himnini kürsüdə oturaraq dinlədi. Bu hərəkətinə görə Bəxtiyarın Beynəlxalq Sambo Federasiyası tərəfindən ən azı 2 il müddətinə cəzalandırılacağı və bürünc medalının əlindən alınacağını açıqladı. Bu isə o deməkdir ki, Ermənistanın atributlarına hörmətsizlik edənlər mütləq cəzalandırılmalıdırlar. Elə isə Azərbaycana qarşı edilən hörmətsizliyə görə görəsən kimlərinsə başı ağrıyacaq? Məncə yox. Çünki dünya xeyli zamandır ki, elə ermənilərin havasına oynayır.

Qvami Məhəbbətoğlu