“Belə getsə, Azərbaycan göllərində zəli qalmayacaq”

502

Azərbaycanda təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Bəs son illərdə hansı vəhşi heyvanların sayında artım və ya azalma müşahidə edilir?

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib ki, “Son dövlərdə sultan toyuğun sayı təxminən 5-10 dəfə, flaminqoların sayı isə xeyli artıb. Keçən əsrin sonların təxminən 500-600 ceyran var idisə, indi 6000-dən çoxdur. Maralların sayı təqribi 1000 baş olub. Əgər 2007-2008-ci illərdə hardasa bir-iki fərd bəbir qeydə alınmışdısa, bu il üçün artıq 12 fərd bəbir qeydə alınıb. Bunlar Zoologiya İnstitutunun mütəxəssislərinin apardığı monitorinqlərin nəticələridir və bu, yaxşı haldır. Lakin qeyd etdiyim artım xüsusi mühafizə olunan təbiət ərazilərindədir. Amma digər ərazilərdə bəzi acınacaqlı rəqəmlər var. Məsələn, köstəbəklərin qanunsuz ovu çoxdur. Həmçinin zəlilərin sayı kəskin azalıb.
Məlumat üçün deyim ki, biz hazırda Dövlət Gömrük Komitəsi ilə çox yaxşı işləyirik. Onlar xeyli qaçaqmalçılıqla daşınan zəlilərin qarşısını alıblar. Buna baxmayaraq artıq mütəxəssilərimiz həyəcan təbili çalır ki, belə davam edərsə, təbii göllərimizdə zəli qalmayacaq. Bu, ürəkaçan hal deyil. Ona görə də bir sıra canlıların süni çoxaldılması və sahibkarlığa dəstək üçün xüsusi kurslar yaratmaq istəyirik”.

E.Yusifov qeyd edib ki, hazırda bir sıra növlərin süni çoxaldılması istiqamətində işlər aparılır: “Zəli və digər növlər var ki, sahibkarlar bunları öz fermalarında süni çoxaltmaq yolu ilə, təbiətə ziyan vurmadan sata bilərlər. Bilirsiniz, ölkə başçısı “2017-2020-ci illər üçün Bioloji müxtəlifliyin mühafizəsinin davamlı inkişafına dair” strateji plan və sərəncam imzalayıb. Orada bəzi müddəalar Milli Elmlər Akademiyasına, o cümlədən Zoologiya İnstitutuna aiddir. Həmin müddəalarda nadir və nəsli kəsilməkdə olan növlərin süni çoxaldılması nəzərdə tutulub. Bu sahədə biz böyük nailiyyətlər əldə etmişik. Qafqaz qırqovulu Azərbaycanın Qırmızı kitabındadır və onun sayı get-gedə kəskin azalır. O, nadir quş olmaqla bərabər, həmçinin çoxaldılması çətindir. Çünki ürkək quşdur. Artıq mütəxəssislərimiz 50-dən çox fərd alıblar. Aralıq dənizi tısbağasının süni çoxaldılması üçün işlər aparılır. Eyni zamanda qeyd etdiyim zəlilərin süni çoxaldılması ilə bağlı müəyyən işlər gedir və demək olar ki, 400-ə yaxın barama əldə edilib. Bu, çox böyük nailiyyətdir. Çünki birincisi, zəlilərin süni çoxaldılması texnologiyası hazırlanıb və biz bunu kurslarda təşviq edə bilərik. Həmçinin zəlilərin təbiətdə talan edilməsinin qarşısını almışıq.

Digər tərəfdən bu, həyat sağlamlığı üçün faydalıdır. Süni şəraitdə yetişdirilmiş zəlilər haqqında yüz faiz zəmanət vermək olur. Amma təbiətdə mövcud olan zəlilər parazit olduğu üçün, hansısa canlıdan götürdüyü qana görə onda viruslar, bakteriyalar, xəstəliklər ola bilər. Bunu sonradan insan sağlamlığı üçün istifadə etmək risklidir”.

Müsahibimiz həmçinin son illərdə adı Qırmızı kitaba düşən növlərdən də söz açıb: “2013-cü ildə Azərbaycan Qırmızı kitabının ikinci nəşri çapdan çıxıb. Ora artıq 223 növ daxil edilib. Bu, çox böyük rəqəmdir. 1989-cu ildə çıxan birinci nəşrdə cəmi 107 növ var idi. Yəni 24-25 il ərzində nəsli kəsilməkdə olan növlərin sayı artıb. Təsəvvür edin, bu müddətdə rəqəm 2 dəfə artıbsa, bu o deməkdir ki, növbəti 25 ildə də bunun iki dəfə artması gözlənilir. Çünki əhali artır, urbanizasiya inkişaf edir, kənd təsərrüfatı sahəsi çoxalır və.s Bu növlərin içərisində bəziləri daha böyük zərbə alıb. Məsələn, əgər 20-30 min həşəratlar içərisində 80 növ Qırmızı kitaba salınıbsa, 111 məməlidən artıq 46 növ salınıb. Bu da 40 faizdən çoxdur. 400 quşun içində 67-70 növün adı Qırmızı kitabdadır.

Bütün yırtıcı quşların hamısı bu kitaba salınıb. Bəzi növlərimizin artıq nəsli kəsilib. Məsələn, turan pələnginin sonuncu fərdi keçən əsrin 30-cu illərində mövcud idi. Elə canlılarımız var, onu 30-40 ildir, tapa bilmirik. Məsələn, talış qırqovulu, manul pişiyi, zolaqlı kaftar…Bu, cəmiyyətin problemidir və insanlarda təbiətə qayğı aşılanmalıdır”. Modern.az