Belə də ölmək olarmı?

Hər gün hansısa qayğı, hansısa əndişə ilə əlbəyaxa olursan, hara əl atsan, bir problem çıxır. 
Hamısı da canını sıxır. Üst-üstə yığılan problemlərin altından necə çıxacağını düşünürsən. Birini çatdırırsan, birini yox. Gündüz o qədər əzilirsən, o qədər büzüşürsən ki, axşam yatağına uzananda da sənə elə gəlir ki, qırışığın tam açılmır. Çöldən baxanda hamı kimi adi, sadə bir adamsan, başqalarından fərqlənmirsən, amma özün yaxşı bilirsən ki, için çoxdan çürüyüb tökülüb. Bir şair vardı, rəhmətlik deyirdi ki, mən bir termos şüşəsiyəm, sınıb töküldüm içimə. Elə sən də şüşəsi sınmış termos kimisən. Çöldən baxanda qəşəng görünürsən, amma içinə çay tökəndə əlli yerindən fışqırırsan. Deyəsən, öz düşüncələrindən bu dəfə ləzzət aldın. Neynək, səninki də elə bu düşüncələrdir də, o da olmasa, ürəyin partlayardı. Yox, bir söz də var: kompyuterçilərdən öyrənmisən, hərdən özünü formatlamaq. Yəni sil başdan, hər şeyi təzəli. Dünənki əzikliyi, təhqirləri, çəpəki baxışları sil yaddaşından, heç olmasa, yüngülləşirsən. Əslinə qalanda yeni yazılanlar da heç əvvəlkilərdən yaxşı olmur, amma yenə arada bir qədər yüngüllük tapırsan.

Ömrün qaç-qov içində keçir. Daha evdəki söz-söhbətlərə qarşı da özündə immunitet tapmısan: arvaddır də, o danışmasın, kim danışsın?

Səhər avtobusa minib işə gələndə gözlərini yumursan və istəyirsən ki, hər şeyi unudasan. Yol gedəcəyin bu 30 dəqiqəni hər şeydən asudə, rahat, arxayın yaşayasan, canını sıxan hər hansı məsələni ağlının ucundan belə keçirtməyəsən. Özünü psixoloji olaraq bu rahatlığa hazırlayırsan: heç bir yerin ağrımır, axşam yaxşı yatmısan, ac deyilsən, hələ qəfil bir tanışla rastlaşsan, onun da bilet pulunu verməyə imkanın da var. Yəni narahatlıq üçün heç bir əsas yoxdur. Demək, qarşıdakı bu yarım saat ərzində də istirahət edəcəksən. Yarım saatdan sonra hansı məsələlərlə üz-üzə qalacağını düşünmək də istəmirsən.

Qəzetlərin ən çox başsağlığı gedən səhifəsinə baxırsan: Pahoo, bu niyə öldü?- Evdə bir dərdi yox, “qa” istəsə, gətirirlər; “qu” istəsə, gətirirlər. İstədiyini ala bilir, istədiyi yerə gedə bilir, arvad bir istəyəndə beşini təpəsindən yağdırır. Ürəyinin yağı əriməyib sənin kimi, bəs görəsən nə oldu buna? Sən zığıldaya-zığıldaya canını ora-bura daşıyırsan, amma o öldü? Villaları, cipləri, o boyda idarəsi, televizorda kresloya yayxanıb müsahibə verdiyini göstərirdilər, elə bircə o kreslosu sənin ev-esiyindəki bütün avadanlıqlardan bahadır. Ayıb olmasın, qəzetlər arada bir hansısa məşhur xanım müğənni ilə “sıcaq münasibətlərindən” də yazırdı. Sir-sifətindən toxluq yağırdı, təkəbbür yağırdı. Və sən də özünü onlarla müqayisə edəndə həmişə ağlına bircə fikir gəlirdi ki, adam dərddən ölər, ehtiyacdan ölər, təhqirdən, qorxudan ölər. Sonra da fikirləşirsən ki, illər keçdikcə insanlardan kimi qocalır, kimi də köhnəlir. Köhnəlir, yəni nimdaş olur, üzülür, süzülür, uzu bozarır illərin və arvadın vurduğu ütüdən bozara-bozara parıldayan pencəyin kimi. Səninki qocalmaq olmadı, köhnəlmək oldu; yaşlanmaq olmadı, nimdaşlanmaq oldu…

Hərdən də bir söhbəti xatırlayıb həm ürəyində gülürsən, həm də təsəlli tapırsan: Bir kasıbı ilan vurur, camaat da başına yığılıb əlac eləməyə çalışır. Biri deyir ki, bunun dərmanı baldır, ilan vuran yerə sürtsən, zəhəri çürüdəcək. Bir Allah bəndəsi hardansa stəkanın dibində iki qaşıq bal tapıb gətirir. Balı yaraya çəkmək istəyəndə ilan vuran adam uzandığı yerdən başını qaldırıb deyir: “Verin o balı yeyim, sağalmasam, itin oğluyam”. Ləzzətli söhbətdir, eləmi? Gül, gülə bildiyin qədər. Neyləsin yazıq, nə zaman bir imkan, fürsət tapıb, bir qaşıq balı boğazına qoya bilib ki? İndi bu ilan vuran yerdə, canı ilə əlləşdiyi məqamda əlinə düşmüş bu fürsəti qaçırmaq istəmir.

Bizim camaatımız yurd-yuvasından didərgin düşüb çöllərə töküləndə kasıbın biri olan-qalan bircə inəyini satıb çanaq antena alır və deyir ki, bundan sonra kefə baxacağıq. Qonşusu da qoyun kəsib özünə 50 illik yubiley keçirib. Yəni hər kəsin acığına. Söhbət yubileydən düşmüşkən, deyirəm ələ almağa, dişə vurmağa heç bir şeyi olmayan kasıblara da yubiley keçirəsən. Görəsən o yubileydə nitq söyləyənlər nə söyləyərlər?- Yəqin deyərlər ki, 50 ildir kimsəyə zərər verməyib; kimsənin toyuğuna “kiş” deməyib; başıaşağı gedib, başıaşağı gəlib; kimsənin pisliyini istəməyib; hər kəslə mülayim davranıb… Güya başqa necə olmalıydı ki… Qolunda güc, cibində pul oldumu ki, görəsən yaxşıdır, ya pis? Həmişə qorxa-qorxa, çəkinə-çəkinə keçib gedib insanların arasından.

Öldü, amma hələ cavan idi, yeyib-içib gəzirdi. Bəzən elə düşünürsən ki, adamın gözü yaxşı görürsə, qulağı yaxşı eşidirsə, qolunda gücü varsa, çığırıb-bağıra, hökm eləyə bilirsə, niyə ölsün axı? Elə bilirsən ki, ölməsi üçün, əvvəlcə, gərək gözləri işıqdan qala, qulaqları eşitməyə, qolunda gücü, canında taqəti kəsilə?.. Batereya kimi bütün enerjisini işlədib qurtara, sonra ölə.

Öldü, həm də qolu güclü, cibi pullu ikən öldü; çığırıb-bağırdığı, hökm etdiyi yaşında öldü; kabinetdən çıxıb maşına yaxınlaşanda qapıların üzünə açıldığı vaxtda öldü; idarədə işçilərin kənara çəkilib yol verdiyi, yaltaqların ətrafında fırlandığı bir zamanda öldü… Öldü də, rəhmətliyin oğlu, öldü, niyə qəribə gəlir, inana bilmirsən yəni?  – Yox e, inanmağına inanıram, qədərə də inanıram, ölümün haqq olmağına da, amma yenə də nəsə adama birtəhər gəlir. Səhərdən bəri demək istədiyim də elə budur də…