Belə borc düşmən başına!

0
678

İri maliyyə şirkətlərinin meydana gətirdiyi kreditorlar qrubu Ukraynanın xarici borcunun əsas məbləğinin 20 faizini sildilər. Bununla birlikdə Ukraynanın Rusiyaya olan 3 milyard dollarlıq borcu problem mənbəyi olaraq qalmağa davam edir. Borcun maraqlı hekayəsini belə nəql etmək olar: Rusya Ukraynaya dekabr 2013 tarixində 3 milyard dollarlıq borc verir. Borcla bağlı istiqraza qəribə bir qeyd-şərt əlavə edilib. Şərti izah edən maddəyə görə, Ukraynada borc – ÜDM nisbəti 60 faizi keçsə Rusiya verdiyi borcun vaxtından əvvəl ödənməsini tələb edəbilər. Hal hazırda Ukrayna üçün borc – ÜDM əmsalı təxminən 100 faizdir. Rusya indi borcunu tələb etsə bu Ukrayna üçün defolt təhlükəsi yaradabilir. Ukraynanın cəmi valyuta ehtiyatı isə 12 trilyon dollardır, əgər borcunu ödəsə ehtiyatlarının 25 faizini itirmiş olacaq. Rusiya iddia edir ki, kredit özəl sektorun deyil və rəsmi olaraq verilmiş borcdur. BVF isə rəsmi olaraq defoltda olan bir ölkəyə borc verə bilməz. Rusya qeyd-şərtdəki hüququndan istifadə edib borcunu vaxtından əvvəl tələb etsə Ukrayna rəsmi olaraq defoltda olan ölkə durumuna düşəcək. BVF Ukraynaya verəcəyi borcun son hissəsini payız aylarında ödəmək üzrədir. Rusya borcunu istəsə Ukrayna defolta düşsə, BVF Ukraynaya borc verə bilməyəcək. Bu isə Ukrayna üçün likvidlik probleminin daha da kəskinləşməsi ilə eyni mənaya gəlir.

“Super Mario”nun növbəti addımı nə olacaq?

Maltanın paytaxtı Valettada görüşən Avropa Mərkəzi Bank, yumuşaq pul siyasətini daha da kəskinləşdirməmək nəticəsinə gəlib. 3 dekabrda Frankfurtda yenidən görüşəcək olan Avropa Mərkəzi Bankı bu məsələyə bir daha baxacağı barədə eyham edib. İclasda danışan Avropa Mərkəzi Bankının sədri Mario Draghi davamlı surətdə mövcud olan amillərin Baş bankın 2 faizlik infliyasiya hədəfinə çatmasının qarşısını aldığını bildirib. Avropa Mərkəzi Bankı hal-hazırda iri həcmli stimul tədbirləri həyata keçirməkdədir. Depozitlərə mənfi 0,2 faiz tətbiq edilməsi bunlardan biridir. Avropa Mərkəzi Bankı 2015-ci ilin mart ayından etibarən 60 milyard avro pul kəsərək əsasən dövlət istiqrazlarından meydana gələn qiymətli kağızları satın almağa başlayıb. Bu satınalmalar 2016-cı ilin sentyabr ayına qədər davam edəcək. Onu da qeyd etmək lazımdı ki, hal-hazırda 19 üzvü olan avro zonada infliyasiya çox aşağı səviyyədədir. Sentyabrda deflasiya göstəricisinin qeydə alınması Avropa Mərkəzi Bankını 2 faizlik infliyasiya hədəfinə nail olmaq üçün əlavə tədbirlər həyata keçirməyə vadar edir.

Avropada likvidlik o qədər yüksəldi ki, bu il ərzində Meksika 100 illik istiqrazla borc almaq imkanı əldə etdi. Daha əvvəl Yaponiya və ABŞ Mərkəzi Banklarının tətbiq etdiyi oxşar, ifrat yumuşaq pul siyasəti Brazilya Maliyyə Nazirinin məzənnə müharibələri terminini işlətməsinə səbəb olmuşdu. Nəticədə, inkişaf etmiş ölkələrdə çap edilən pullar, inkişaf etməkdə olan ölkələri likvidliyə boğur. Fed-in faizləri yüksəltməyi kimi xarici faktorlar, bu likvidliyin davamlılığında problem yaratdığında isə makro iqtisadi stabillik zərər görür. 2008-ci il qlobal böhranı maliyyə bazarlarında baş verirdi. Hal hazırda isə dünyada real iqtisadi çətinliklər baş göstərir. Dünya xüsusilə təklif bolluğunun səbəb olduğu bir yavaşlama prosesini təcrübə edir.

İngiltərədə İqtisadi artım qeydə alınıb

2015 -ci ilin üçüncü rübündə İngiltərədə iqtisadi artım 0,5 faiz olub. Keçən ilin analoji dövründə müvafiq göstərici 0,9, bu ilin ikinci rübündə isə 0,7 faiz olmuşdu. Yavaşlamanın əsas səbəblərindən biri İngiliz funtunun bahalı olmasıdır. ÜDM-ni 10 faizini təşkil edən emalat sənayesinin çətinliklə üzləşdiyi müşahidə edilir. Sektordakı iqtisadi tənəzzül 0,3 faiz olub. İnşaat sektoru isə 2,2 faiz kiçilib. Emalat sənayesində ilin əvvəlindən bu yana 0,9 faiz həcmində azalmaq qeydə alınıb. Beynəlxalq bazarlarda Çinin və digər yüksələn iqtisadiyyatlardakı tələbin zəif olması ilə birgə ingilis funtunun da bahalı olması, emalat sənayesindəki tənəzzülü kəskinləşdirən amillər kimi xüsusən nəzərə çarpır.

Sıfır faizə aludə olmaq haqqında

Faiz dəhlizi 0 ilə 0,25 arasında saxlanıldı. İnvestorlar, faiz yüksəlişi üçün növbəti Açıq Bazar Komitəsinin iclasını gözləməli olacaqlar. Fed rəsmi internet səhifəsində maksimum məşğulluq və qiymətlərin stabiliyi baxımından hal-hazırda tətbiq edilən faiz dəhlizinin kifayət qədər optimal bir hədd olduğunu vurğulayıb. Yaxın gələcəkdə, infliyasiya həddinin Amerikada aşağı səviyyədə qalacağının, ancaq orta müddətə infliyasiyanın tədricən 2 faizə yaxınlaşacağının qeyd edildiyi açıqlamada, qlobal tendensiyalara da nəzər yetiriləcəyi haqqında bəyanat verilib. İlk yeddi ayda ABŞ iqtisadiyyatında yaranan yeni işyerlərinin sayı, hər ayda 200 mindən çox olub. Avqust və sentyabr aylarında isə 140 min civarında yeni iş yeri meydana gəlib. İşsizlik həddinin 5,1 faizə düşməsinə baxmayaraq, ABŞ iqtisadiyyatında infliyasiyada kəskin yüksəlişlər baş vermir. Fed orta müddətdə ucuz enerji qiymətlərinin təsirinin itməsiylə və əmək bazarında yaxşılaşmanın davam etməsilə birlikdə infliyasiyanın da tədricən yüksələcəyi gözləntisindədir.

Dr. Sərvər Qurbanov