“Belə əsərlər nə qədər çox olarsa…”

626

20 Yanvar artıq təsviri sənətin əbədi mövzularından biridir. Azərbaycanın təsviri sənət ustaları elə zamanında bu faciəyə biganə qalmayıblar. Şübhəsiz ki, bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq.
Hadisə baş verən gecə Mərkəzi Komitənin binası qarşısında toplaşan insanların arasında olmuş Vaqif Ucatayın elə səhərə yaxın o, binanın önündəki mərmər divara yağlı boya ilə “Qorbaçov cəlladdır!” sözünü yazmaqla ilk olaraq təcavüzə öz sənətkar etirazını bildirib. Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov da bu mövzuya həsr etdiyi “Şəhidlər” əsərini hadisələrin qaynar vaxtı 1990-cı ildə ərsəyə gətirib. Həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir.
Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsərinə tamaşa etdikcə isə öz xalqının qəhrəmanlığından qürur duyursan. Əsərdə bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, Xalq rəssamı Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar: “Bu əsərdə qana bələnmiş şəhidlərin meyitləri üzərində təqdim olunan Bakının qış səhəri kifayət qədər təzadlı durumdadır. Belə ki, onun sol yuxarı hissəsini qarğa-quzğunla əhatələnmiş, Bakıya qoşun yeridilməsi əmrini vermiş ölkə rəhbəri M. Qorbaçov, sağ yuxarı tərəfində isə o dövrdə baiskarları öz müraciəti ilə ittiham etməkdən çəkinməyən bütün Qafqazın şeyxi Allahşükür Paşazadə təsvir olunub… Onun digər əsərində isə faciənin baiskarı ayrıca qınaq obyektinə çevrilib. Əsər üçün kifayət qədər obrazlı həll tapan rəssam, qan fonunda təqdim olunan M.Qorbaçovun portretini insan kəllələrindən, xalq ittihamının göstəricisi olan kəndiri isə insan sümüklərindən və kəllədən “hörməklə”, kompozisiyanın təsirliliyinə nail olub”.
Ziyadxan müəllim həmçinin qeyd etdi ki, Eyzam Şıxəliyevin “Faciə”si, İlham Ənvəroğlunun “Xeyir və Şər”i, İsmayıl Əvəzovun yığcam detallı “Bakı faciəsi” adlı qrafik lövhəsi də olduqca düşündürücüdür. Görkəmli qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort” əsərində rəmzlərlə təcavüzə münasibət göstərilib. Fəxrəddin Məmmədvəliyevin “Qara yanvar” və Arif Ələsgərovun “20 Yanvar” qrafik əsərlərində isə ağ-qara cizgilərin təzadından “boylanan” faciənin görüntüləri şərti-obrazlı təqdimatına, təfsir gücünə görə diqqətçəkəndir: “Plakat ustası Kirman Abdinin yaradıcılığında 20 Yanvar mövzusu daha geniş yer tutur”. Yeri gəlmişkən onu da vurğulayaq ki, bir neçə il bundan əvvəl o, həmin əsərlərini metronun “20 Yanvar” stansiyasının içərisində sərgi şəklində ictimaiyyətə təqdim edib. Həmin ekspozisiyasının yaddaqalan təsiri bu gün də xatırlanmaqdadır.
O sözünü bu sözlərlə tamamladı: “Mən 20 Yanvar faciəsinə sənətkar münasibətini ifadə edən əsərlərin az bir qismi haqqında söz açdım. Onların sayı isə kifayət qədər çoxdur və yenə də yaradılmaqdadır. Belə sənət əsərlərinin vaxtaşırı sərgilənməsi yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya bilər”.
Bəli, hər il istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında 20 Yanvarla bağlı bədii sənət əsərlərinin sərgisi keçirilir və demək olar ki, bu tədbirlər ənənə xarakteri daşıyır: “Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də rəsm əsərləridir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq da bir o qədər mümkünləşər və asanlaşar” (Sitat Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilova məxsusdur).