“Bazarda qiymətlər kəllə-çarxa çıxıb”

509

Mingəçevir sakini Kəmalə Məhərrəmova küçələri süpürməklə 4 baş ailəsini çətinliklə dolandırdığını deyir: “Küçə süpürməklə ayda 110 manat məvacib alıram. Nə qazdan, nə də elektrikdən ürəkli istifadə edə bilmirik. Üstəlik də bu günlərdə yenə Tarif Şurası qiymətləri qaldırdı. Bəs bizim kimi kasıb təbəqənin vəziyyətini düşünən yoxdur? Bizim kimi belə ailələrin sayı çoxdur”.
Müsahibimiz bazarlardakı qiymət artımından da gileyləndi: “Onsuz da bazardan istədiyimiz ərzağı ala bilmirik. Qimətlər qalxıb. Mən bazar satıcılarını da qınamıram. Amma bizim kimi şəhər yerində yaşayan insanlar necə dolansın? Adicə bir yumurtanın qiyməti 30-35 qəpikdir. Aldığım 110 manat maaşla ancaq bazardakı qiymətlərlə maraqlanıb evə qayıtmalı oluram. İndi qarşıdan bayram gəlir. Mənim də övladlarım var, onlar da yaxşı yemək, geyinmək istəyirlər”.
Satıcıların gileyi
Mingəçevir bazarlarında bolluqdur. Amma qiymətlərin baha olması insanları bazarlardan uzaqlaşdırır. Satıcı Maya Quliyeva deyir ki, əvvəllər kartofu 50-60 qəpiyə alıb 70 qəpiyə satırdıq. İndi bu qiymətə kartof-soğan ala bilmirik: “Satan da peşmandır, alan da. Məhsulun keyfiyyətinə görə də qiyməti olur. Hamı isəyir ki, pulunu yaxşı məhsula versin. Yaxşının yaxşı qiyməti var, pisin də pis”.
“Bazara 100 manat pulla gedib heç nə almaq olmur”
Bazarda qarşımıza çıxan bir neçə alıcı ilə də söhbətləşdik. Alıcı Tariyel Həşimov bildirdi ki, o, artıq neçə ildir evə bazarlıq etmək üçün bazara getmir: “Bazara ancaq küçə və dükanlarda tapmadığımız şeyləri almağa gəlirik. Çünki bazarda qiymətlər kəllə-çarxa çıxıb. Amma bazardan kənarda, xırda dükanlarda qiymətlər bazardakından qat-qat aşağıdır. Ona görə də evimin qarşısındakı kiçik marketlərdə satılan məhsulları almaq mənə sərf edir. İndi bazara 100 manatla girsən də, heç nə ala bilmirsən. Ona görə də çox təsadüfi hallarda bazardan nəsə alırıq. Biz də kasıb insanlarıq. Ona görə də bazara girmirik. İndi evə birhəftəlik azuqə almaq üçün ən azı 50 manat lazımdır. Bu da hələ hər şeyi almağa çatmır. Çünki qiymətlər o qədər bahadır ki, nəyinsə üstündən xətt çəkməli olursan. Bir sözlə, ən vaciblərini almalı olursan. Hansılarını ki, onlardan imtina etmək mümkün deyil”.
Esmira Hidayətova, Mingəçevir