Bazar olsun…

467

Mənim zənnimcə, indiki zəmanədə od tutub yanan bazarlarda bazarlıq etmək heç də asan iş deyil. Xüsusən də bayramqabağı. Bu səbəbdən bunu hər kişi, hər qadın bacarmır. Çünki yaxşı bilirlər ki, bazarın, yaxud bazarçanın “hərarəti” onların özlərini də yandıra bilər. Odur ki, bazara, adətən, bu sahənin biliciləri üz tuturlar. Amma onu da deyək ki, bazarsız keçinmək mümkün deyil. Bu mənada hər sahənin biliciləri fürsət düşən kimi bazara yollanırlar.

Bəli, Azərbaycan Premyer Liqasının komandaları artıq qış fasiləsinə çıxıblar. Həmin komandaların rəsmiləri bu fasilədən istifadə edərək qış bazarlığına başlayıblar. Kimi qapıçı, kimi müdafiəçi, kimi yarımmüdafiəçi, kimi də hücumçu almaq, futbol dili ilə desək, transfer etmək niyyətindədir. Mütəxəssislər qış fasiləsində bazarlıq etməyin bir qədər çətin olduğunu desələr də, bəzi klublar bu məsələni yerli bazarlar hesabına yoluna qoymaqda israrlıdır. (Qeyd edək ki, bəzi məlumatlara görə “Neftçi” artıq Rauf Əliyev və Rəhman Hacıyevi heyətinə qatmağa çox yaxındır). Bəzi klubların rəhbərlərinin sorağı isə xarici bazarlardan gəlir. Hələlik məlum olan odur ki, həmin bazarlardakı bazarlıqlarımızda müəyyən problemlər yaşanır. Məsələn, bəzi mətbuat orqanlarının məlumatına görə, Türkiyənin “Elazığspor” klubunda forma geyinən Cavid İmamverdiyevin “Neftçi”yə qayıtmaq məsələsi dalana dirənib. Belə ki, “Elazığspor”un prezidenti Səlçuk Öztürk yerli mətbuata açıqlamasında cəsarətsiz adlandırdığı Cavidin özbaşına heç bir kluba (o cümlədən “Neftçi”yə) keçə bilməyəcəyini deyib. Çünki “Elazığspor” futbolçunun birillik icarə haqqını ödəyib. Belə olan halda, yalnız qarşılıqlı razılıq əsasında Cavidin doğma klubuna qayıtması mümkündür. Təbii ki, bəzən bazarlarda qarşılıqlı razılaşma da mühüm rol oynayır.

Burada əsas məsələni bir kənara qoyub, haşiyəyə çıxıb bir nəsnəyə diqqəti cəlb etmək istəyirəm. Son vaxtlar bəzi idman yazarları idmançıların icarəyə verilməsi ifadəsini çox işlədirlər. Sizi bilmirəm, amma şəxsən mən bu ifadəni anlamaqda çətinlik çəkirəm. Çünki dilimizdə “icarə” sözü “müəyyən şərtlər əsasında daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması” anlamındadır. Elə isə sual olunur: futbolçu nə vaxtdan daşınmaz əmlak kateqoriyasına daxil edilib?

Hə, indi də qayıdaq bazarlığımıza… Bu bazarlığın nəticəsində bu və ya digər klubun hazırkı oyunçusunun qələminin qırılacağı şübhəsizdir. “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk haqqında yəqin eşitmisiniz. Onun çoxunun qələmini qıracağına əsla şübhə yoxdur. Fasiləyə 3 tur qalmış “Qəbələ”dəki postunu tərk edən rumıniyalı baş məşqçi Dorinel Muntyanunun ardınca məhz onun rəhbərliyi dövründə transfer edilənlərdən üç əcnəbinin (Yazalde Pinto, Andrei Kristea və Aleksandru Benqa) qələmi artıq qırılıb.

Roman Qriqorçuk artıq “Xəzər Lənkəran”ın oyunçusu Rəşad Sadiqovu “qırmızı-qaralar”ın heyətinə daxil edə bilib və bu istiqamətdə bazarlığını davam etdirir. Roman Qriqorçuk öz sabiq klubu “Çernomorets”in kapitanı Dmitri Bezotosnını da nəyin bahasına olursa-olsun “Qəbələ”yə gətirməkdə israrlıdır. 31 yaşlı qolkiperin Ukrayna klubu ilə müqaviləsi başa çatdığından, onun ölkəmizə gəlməsində heç bir maneə yoxdur. Məsələ burasındadır ki, Qriqorçuk həmyerlisini “Qəbələ”nin bir nömrəli qapıçısı qismində görür. Yəni Bezotosnının gəlməsi hazırda əsas qapıçı və son vaxtlar daha çox intizamsız davranışları ilə diqqət çəkən Kamran Ağayevin “qələminin qırılması” demək olacaq.

Təbii ki, digər komandaların bazarlığından da söz açmaq olardı. Lakin bunu məqbul bilmədik. Çünki bu yazını yazmaqda məqsədimiz alayıdır. Bəli, bu bazar “məhsullarından” hansının daha keyfiyyətli olacağını indidən söyləmək heç də asan deyil. Çünki bəzən bazarda görünən məhsulların görüntüsü əksər hallarda aldadıcı olur. Məsələn, qarpız alırsan, ağappaq çıxır. Yaxud Gədəbəy kartofu adı ilə sənə xaricdən gətirilmiş, üstəlik, geni dəyişdirilmiş kartofu elə sırıyırlar ki, heç ruhun da “incimir” (Hər cür müqayisə təbii ki, qüsurludur). Sonradan, yəni mətbəxdə, yaxud süfrəyə gətiriləndə görürsən ki, aldanmısan. Belə hallarda isə adam yanıb-yaxılır. Bu mənada kimin bazarlığının daha uğurlu olacağını zaman və məkan, daha doğrusu, meydan göstərəcək. Buna rəğmən, deyirik: bazar olsun!

QVAMİ MƏHƏBBƏTOĞLU