Bayraq sevincini yaşamaq böyük xoşbəxtlikdir

0
37

İşğalçı Ermənistanın  hərbi təxribatlarına cavab olaraq sentyabrın 27-dən etibarən rəşadətli Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatları nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Hər azad edilmiş yaşayış məskənimizdə, eləcə də yüksəkliklərdə milli qürurumuzun, milli dəyərimizin, azadlığımızın simvolu olan, bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən bayrağımız qaldırıldı. Bununla da Lələtəpə və Cocuq Mərcanlıdan sonra həmin ərazilərimiz də Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət xalqımızı inamla Böyük Qələbəyə apardı. Nəticədə bayrağımız üçün darıxan, qəribsəyən o yerlərə də üçrəngli bayrağımız sancıldlı.

44 günlük möhtəşəm Vətən müharibəsində əsgər və zabitlərimizin  azad edilmiş ərazilərimizdə ucaldılmış bayrağımızın fonunda Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə etmələri hər birimizi fərəhləndirdi, qəlbimizi riqqətə gətirdi. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izlədi. Həqiqətən də bayraq sevincini yaşamaq nə böyük xoşbəxtlik imiş. Çünki hər birimiz yaxşı bilirik ki, bayraq dövlətimizin əsas rəmzlərindən biri və həm də xalqımızın müqəddəs and yeridir. Bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bu isə ölkəmizin bütün bölgələrində  təsdiqini tapmalı idi və tapdı da…

Hazırda bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə – Füzulidə, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə… vüqarla, qürurla dalğalanmaqdadır. Dalğalanır ki, uğrunda canlarından keçənlərinin ruhunu şad etsin!.. Qıvrılıb açılır,  qabarıb çəkilir ki, yağının bağrına ox kimi sancılsın. Bu mənada demək olar ki, indi bütün Azərbaycan  dünya erməniliyinin göz dağına çevrilmiş üçrəngli bayrağımızla bəzənib. Belə bir möhtəşəm görüntünü  xalqımız 30 il idi ki səbirsizliklə gözləyirdi. Azərbaycan 30 ildir ki, yaralı idi. Amma gözümüzdəki intiqam hissi hər an ildırım kimi çaxmağa, düyünlənmiş dəmir yumruğumuz düşmənin başını əzməyə, bayraqlarımız həmin ərazilərdə dalğalandırılmağa  hər an hazır vəziyyətdə idi.

Şübhəsiz, bu bayraq həsrətinə son qoyulmasında “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Prezident İlham Əliyevin müdrik siyasəti və yüksək sərkərdəlik məharəti böyük rol oynadı.  Yeri gəlmişkən qeyd edək ki, bu müddətdə elə bir tədbir, elə bir yüksək səviyyəli forum olmadı ki, dövlətimizin başçısı torpaqlarımızın işğalı, mənəvi, maddi sərvətlərimizin vandalizmə məruz qalması məsələsini səsləndirməsin. Üstəlik, qeyd edirdi ki, gün gələcək, bizim bayrağımız işğal altındakı bütün ərazilərimizdə də  dalğalanacaq. Bu gün Azərbaycanın hər yerində dalğalanan bayraqlar sanki durna qatarı kimi sıralanaraq bütün ərazilərimizdə qanadlanır, bizi Vətən uğrunda qurub-yaratmağa səsləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”