Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram etdirilir. Tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisi bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə biri- birinidən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsilə Dövlət Bayrağı tarixindən bəhs edən videoçarx təqdim olunub.
Nəhayət, tədbirlərin zirvə nöqtəsi olan “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəvi sərvətlərindəndir” adlı elmi nəzəri konfransda bir araya gələn kollektiv üzvləri vətənpərvər müzakirələrin fəal iştirakçısına çevrilib.
Konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edən kollecin direktoru, iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Ardınca dövlət rəmzlərinə ehtiram əlaməti olaraq o, Dövlət Himninin canlı ifa olunmasını təklif edib. Sonra çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının dövlətçilik tarixinə diqqət çəkərək Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının şərəfli və keşməkəşli mübarizə yolundan maraqlı faktlar açıqlayıb:
“Bu müqəddəs Bayraq naminə minlərlə qəhrəman Azərbaycan övladı canını sipər edib, şəhidlik zirvəsinə yüksəlib. Yüzlərlə vətənpərvər insan həbslərə atılıb, yaxud doğma yurdundan kənarda yaşamağa məcbur edilib. Doğrudur, ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Cumhuriyyətinin mövcud olduğu dönəm kimi, milli bayrağımızın da daşıdığı rəsmi status uzun çəkməyib. Amma illər keçdikdən sonra bayrağımız yenidən alovlanan xalq azadlıq mübarizəsinin əsas rəmzinə çevrildi. Bu mübarizə və xalqın iradəsi sayəsində yenidən əzəlki rəsmi mövqeyinə qovuşdu. İlk dəfə bu hadisə Naxçıvan Muxtar Respublikasında baş verdi. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi bir vaxtda təşəbbüs irəli sürərərk üçrəngli bayrağın respublikanın rəsmi bayrağı statusu almasına nail oldu. Bu xalqımızın yeni dövlətçilik tarixində ən böyük uğurlardan biri kimi tarixləşdi. Növbəti mərhələdə isə artıq o, ölkəmizin rəsmi bayrağı statusunu qazandı. Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan Bayrağının malik olduğu mövqelərini daha da möhkəmləndirdi. Dövlət Bayrağı Meydanı yaradıldı, ölkənin hüdudlarından kənarda dövlət rəmzlərinin təbliği üçün məqsədyönlü addımlar atıldı və proses bu gün də davam etdirilir. Bayraq elə bir müqəddəs dəyərdir ki, ona sığınan göz yaşını saxlaya bilmir, onun naminə canından keçir, onunla bərabər özünü yenilməz hiss edir.Bu səbəbdən də artıq Dövlət Bayraqları təkcə şəhərlərimizi, kəndlərimizi, yollarımızı deyil, həm də mənzillərimizi bəzəyir, həyatımızın ayrılmaz dəyərli bir hissəsinə çevrilib”.
Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Akademik məsləhətçi Günel İsmayılova, tələbələr Sevinc Ağayeva və Gülməkan Fətəliyeva müvafiq olaraq “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Bayrağımız qürur mənbəyimizdir” və “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzidir” mövzularında məzmunlu və əhatəli çıxışlar ediblər.
Konfrans Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Kollec tələbə özfəaliyyət qrupu fəalları musiqili bayram proqramı ilə çıxış edərək iştirkçıların qəlbində xoş təəssüratlar oyadıb.
Esmira Hidayətova, Mingəçevir.