Bayramqabağı qeyri-dəqiq reklamlara aldanmayın…

488

8 Mart Beynəlxalq Qadınlar Gününün ardınca, növbəti əlamətdar bayramı – Novruzu qarşılamağa hazırlaşırıq. Təbii ki, bayram tətilində, bayram günlərində insanların ən çox üz tutduqları məkanlardan biri də alış-veriş mərkəzləridir. Məlumdur ki, daha çox alıcı cəlb etmək məqsədi ilə ticarət subyektləri xüsusən bayram günlərində və mövsümün dəyişməsi ilə əlaqədar malların qiymətlərində endirimlər tətbiq edirlər. Bu barədə məlumatların istehlakçılara çatdırılması üçün əsasən mağazaların pəncərələrində, vitrinlərində və fasadlarında yayımlanan reklamlardan istifadə olunur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, bəzi hallarda təsərrüfat subyektləri tərəfindən aparılan endirim kampaniyaları saxta xarakter daşıyır: “Belə ki, istehlakçıların cəlb edilməsi məqsədilə qeyri-dəqiq reklamlar yerləşdirilir. Bununla da, ticarət subyektləri istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıları aldadırlar”.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara bu cür mal təklif edən mağazalara daxil olmazdan əvvəl endirimlərlə əlaqədar yayımlanan reklamlarda bəzi nüanslara diqqət etməyi tövsiyə edir:

– endirim tətbiq olunan malların əhatə dairəsinin (bütün mallara, bir qrup mala yaxud bir mala və s.) dəqiq göstərilib-göstərilməməsinə,

– tətbiq olunan endirim faizlərinin reklamda konkret göstərilib-göstərilməməsinə xüsusi diqqət yetirin.

Xidmət bildirir ki, endirim tətbiq olunan malların əhatə dairəsi və endirim faizləri konkret göstərilmiş mağazalarda isə istehlakçılar alış-veriş edərkən endirimin yayımlanan reklama uyğunluğuna, malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin olmasına diqqət yetirməlidirlər: “İstehlakçılara ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (əlaqə telefonları: 012 – 498-15-01 və 012 – 498-15-04).

Xidmətin yaydığı məlumatda başqa bir maraqlı məqama da toxunulur: “Hər hansı bir məhsulu alarkən mütləq onun üzərindəki markalara diqqət yetirmək lazımdır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdar edir ki, markalanmayan məhsulları almaq məsləhət deyil: “Markalama mal yarlığında, yaxud onun tarasında yerləşdirilmiş informasiya olmaqla istehlakçılara bu və ya digər mal, onun xüsusiyyətləri haqqında məlumatın çatdırılması məqsədi daşıyır. Başqa sözlə markalanma məhsulun, prosesin, xidmətin xarakteri, tərkibi, xüsusiyyətləri haqqına kompleks məlumatları əks etdirən müşayiətedici sənəd, məlumat mənbəyi, emosional stimulyator və identifikator funksiyasını daşıyır. Etiket, yarlıq, emblem, nişan, simvol və s. markalamanın formalarıdır. Markalamadan istehsal, daşınma, saxlanma, satış proseslərində istifadə olunur. Müvafiq mətn simvollar, qrafik təsvirlər, şifrələnmiş informasiyalar şəklində mallara və onun qablarına (taralara) həmin malların eyniləşdirilməsi məqsədilə vurulur. Markalama zamanı onda əksini tapmış yazılar Azərbaycan dilində, aydın şəkildə, mürəkkəb terminalogiyadan istifadə edilmədən başa düşülən şəkildə tərtib edilməlidir. Bu yazılar diqqəti çəkən, asan oxunan və uzun müddət silinməyən olmalıdır.

İstifadəsi hər hansı bir təhlükə doğura biləcək malların üzərində müvafiq xəbərdarlıq işarəsi qoyulmalıdır. Markalama qapalı, oxunmayan, digər mətn və qrafik təsvirlərlə örtülmüş ola bilməz. Əgər satıcı qüsurlu, yaxud istifadə olunmuş mal satırsa, mütləq onun yanında müvafiq məlumat yerləşdirilməlidir.

Bir çox ərzaq, sənaye malları (məsələn, kosmetika, məişət kimyası və s.) ancaq müəyyən müddət çərçivəsində və müəyyən şərtlərlə istifadə edilə bilər. Bunun üçün istehsalçı tərəfindən malın üzərinə müvafiq işarələr vurulur.

Satıcının beynəlxalq şərti işarələrin mənasını bilməsi və onu izah etməyi bacarması çox vacidbir. Çox vaxt satıcılar xüsusi təlim və təhsil keçmədikləri üçün bunu edə bilmirlər.

Hətta bir çox işarələr malın hansı şəraitdə saxlandıqda və hansı müddətdə öz müsbət keyfiyyətini və xüsusiyyətini saxladığına dair məlumat əldə etməyə imkan verir. Əgər malın üzərində “istifadəyə yararlıdır” (“qoden do”) sözləri yazılıbsa, bu o deməkdir ki, söhbət tez xarab olan ərzaq məhsullarından gedir və onu ancaq malın üzərində göstərilmiş müddətdə satmaq, istifadə etmək, istehlak etmək olar.

“İstifadə etmək olar” nişanı göstərir ki, bu mal göstərilən vaxtadək öz yüksək keyfiyyətini saxlayır. Məsələn, malın üzərində “istifadə müddəti 20.05.2015” yazılıbsa, bu, həmin malın keyfiyyəti üçün satıcı və ya istehsalçının ancaq 20 may 2015-ci ilədək məsuliyyət daşımasına işarə edir”.

  Nicat İntiqam