Bayramı bayram kimi yaşayaq

423

Bir neçə gündən sonra bayram atmosferinə girəcəyik. Etiraf edək ki, bayram onda bayram olur ki, onu könlündə, ruhunda yaşayırsan, o duyğunu, o coşqunu bütün varlığında hiss edirsən. Qurban bayramında heyvanlar kəsilər. Bu, çox gözəldir, Allahın əmrini yerinə yetirməkdir. Ancaq əsas məsələ bir heyvanın başını bədənindən ayırmaq deyil, bu ibadəti mahiyyətini, əsasını anlayaraq, sevərək, bir fürsət bilərək yerinə yetirməkdir. “Qurban” sözünün ifadə elədiyi lüğəti mənası “yaxınlaşmaq”dır, yəni qulun öz Rəbbinə yaxınlaşmasıdır. Mövzuya ən doğru yanaşma da elə budur: Allah-Təala önümdə bir fürsət açıb və mən o fürsəti ən gözəl şəkildə dəyərləndirməliyəm. Əgər Allah-Təala bizdən bir şey istəyirsə, əmin olun ki, onu bizim xeyrimiz üçün istəyir, yoxsa Onun bir şeyə ehtiyacı olmaz ki. Möhtac olan bizik və bizi Yaradan bu cür zaman dilimləri ilə önümüzdə misilsiz fürsətlər açır ki, anlayaq, çırpınaq, cəhd edək, nəfsimizə qarşı cihad edək, nəticə etibarilə bizə bizim boynumuzun şah damarından yaxın olan Allaha yaxınlaşa bilək. Bəli, Allah-Təala bizə şah damarımızdan daha yaxındır, amma bu heç də o mənaya gəlməz ki, biz də Ona bu qədər yaxınıq. Kəsdiyimiz qurbanın nə əti Allaha yetişər, nə qanı. Biz Allahı düşünüb, Onun rəğbətinə layiq ola bilmək üçün qurban kəsiriksə, bu niyyətimiz bizim qazancımızdır. Biz Allahın möhtac bəndələrinə əl tutmaqla Allaha borc vermiş kimi oluruq. O, bir verənə min verər, daha çox, ağlımıza gəlməyəcək qədər artıq qarşılıq verər. Qurban kəsərkən də imkanımızın yetdiyi qədər yaxşısını, gözəlini kəsək ki, Allahımız da o niyyətimizi mükafatlandırsın. Əslində kim nə edirsə, özünə edir, Allah düşüncəsi ilə kim bir şey verirsə, o verdiyini Allahın bərəkətinə əmanət edərək öz axirətinə göndərmiş olur.

Bura qədər Qurbanın mahiyyətini qısa da olsa anlatmağa çalışdıq. Bir az da bu bayramda diqqətçəkən problemlərdən bəhs edək. Əvvəla, onu deyək ki, bu bayramla əlaqədar xalqa ən gərəkli bilgilərin verilməsinə ehtiyac var. Təkcə o faktı vurğulamaq yetər ki, bu bayramda “qurban payı” adı ilə ət satılır. Əgər qurbandırsa, satılmaz; satılırsa, qurban olmaz. Çünki qurban – Allaha satdığını bəndəyə pay verməkdir, axirət sərmayəsidir. Bu mövzuda telekanallarımızda proqramlar hazırlansa, mətbuatımızda yazılar getsə, əlbəttə, xalqın maariflənməsi işinə yardım olar.

Bəzi qurban kəsənlər sanki irəlicədən razılaşıblarmış kimi bir-birinə qarşılıqlı şəkildə paylar göndərirlər. Halbuki ehtiyac sahiblərini axtarmaq, yanan odu söndürməyə çalışmaq daha xeyirlidir. Qurbanda qonaq getmək, qonaq çağırmaq sevimli Peyğəmbərimizin (s.ə.s.) bizə miras buraxdığı əməllərdəndir. Ən azı bu yolla yaxınlarımızla, qonşularımızla münasibətlərimizi təravətləndirməyə çalışaq. Əlimiz çatmayan yerlərə səsimiz çatsın, yəni ziyarət edə bilmədiklərimizə zəng edək, xoş sözlər söyləyək, bayramlarını təbrik edək. Təbii ki, məzar ziyarətinə gedənlərimiz də çox olur bu günlərdə. Olsun, amma möhtəkirliyə, dinin kimlər tərəfindənsə istismar edilməsinə imkan verməyək. Səmimi dualarımızla və bir də zamanı gələndə bizim də orada sakin olacağımızı düşünərək gedək o ünvanlara.

İstər şəhərdə, istərsə də kəndlərimizdə qurbanlıqlar həyət-bacada, münasib bir yerdə kəsilir. Hər kəsin imkanı yoxdur ki, qurbanlıq heyvanı aparıb sallaqxanada kəsdirsin. Ona görə də qurban kəsdikdən sonra təmizlik məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Qurban kəsdiyimiz yeri təmizləmək, onu əvvəlki halına gətirmək bizim insanlıq borcumuzdur. Heyvanın qanını, yeyilməyən orqanlarını, peyinini açıqda qoymaq olmaz, heç olmasa basdırmaq lazımdır. Ətraf mühiti zibilləməyi dinimiz yasaq edir. Üstəlik də bu əməl başqalarının haqqını tapdalamaqdır, insanlara qarşı ədalətsizlikdir. Allaha yaxınlaşmaq niyyəti ilə qurban kəsən adam gərək başqalarına haqsızlıq etməsin.

Qarşıdan Qurban bayramı gəlir. İmkanı yetənlərimiz bu ibadətdən kənarda qalmasınlar. Sevimli Peyğəmbərimiz buyurur ki, imkanı olduğu halda qurban kəsməyənlər namazgahlarımıza yaxınlaşmasınlar. Bu xəbərdarlığın haralara qədər uzanacağını hər kəs özü düşünsün. Bizsə yazımızın sonunda bütün dəyərli oxucularımızın, müsəlman qardaş-bacılarımızın bayramını təbrik edirik, bu bayramı təkcə mədəmizlə deyil, könlümüzlə, ruhumuzla yaşamağı bizə  nəsib etməsini Uca Rəbbimizdən təmənna edirik.

Əli Çərkəzoğlu