“Bayram o bayram olar

559

Ramazan başlayanda ola bilsin ki, kimlərsə bu uzun günlərdə oruc tutmağın çətin olacağını düşündülər. Amma Allah-Təalanın lütfü və mərhəməti ilə oruc ibadəti elə rahat və elə zövqlü hala gəldi ki, adam indi bu ayın son günlərini yaşadığına inanmaq istəmir.

Builki Ramazanla öyrəndik ki, dağ boyda tonqalın içini “Dostum” dediyi Həzrəti İbrahim üçün gülüstana çevirən Allah ən səmimi duyğularla ibadətə yönələn bəndəsi üçün də yayın istisini payız sərininə çevirər.

Bir neçə gündən sonra Ramazan bayramıdır. Bu ay boyu oruc tutmuş müsəlmanlar “Allahım, oruc əmrini yerinə yetirmək imkanını bu quluna verdiyin üçün Sənə sonsuz şükürlər olsun!” – deyib könül xoşluğu ilə Uca Rəbbə hesab verəcəklər.

“Movlam bizi əfv edə,

Bayram o bayram olar.

Cümlə günahlar gedə,

Bayram o bayram olar”.

Əslində Ramazan ayı mömin ömrünün rəmzi kimidir, əvvəlində günahlardan, dünyanın yalançı cazibəsindən çəkinirsən, sonun bayrama qovuşursan. Biz də “Yeni avaz” qəzeti olaraq bütün oxucularımızı, xalqımızı, İslam dünyasını bu gözəl bayram münasibəti ilə təbrik edir, Mərhəməti Sonsuz olan Uca Rəbbimizdən dünyamıza xeyir-bərəkət, ədalət, mərhəmət diləyirik.

Ramazan bayramınız mübarək olsun, Allah-Təala sizləri, bizləri, bütün soydaşlarımızı, İslam dünyasını bir-birindən xeyirli Ramazanlara qovuşdursun, bu bayramın ardınca bizə Allahın buyurduğu istiqamətdə bütün varlığı ilə çalışmaq ərdəmi əta eləsin!..