Bayram bayrama qovuşanda

661

Mingəçevir 6 saylı tam orta məktəbdə şagirdlərin, valideynlərin və müəllim kollektivinin iştirakı ilə Novruz şənliyi keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Xurşud Zamanova bildirib ki, məktəbimizdə mütəmadi olaraq bütün əlamətdar bayramlar münasibəti ilə geniş tədbirlər həyata keçirilir: “Bu dəfə xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramımız olan Novruzu qeyd edirik. Bu bayram həm də qədim tarixə malikdir, o, əcdadlarımızdan bizə qalan  mirasdır,  onların töhfəsidir. Onu da deyim ki, bu dəfə məktəbimiz iki möhtəşəm tədbiri bayram edir. Belə ki, bu gün həm də iki məktəblimizin uğurlarını qeyd edirik. Məktəbimizin şagirdlərindən biri Hümbətzadə Əbəlfəz kinq boks üzrə keçirilən respublika yarışlarında qızıl medal qazanaraq Amerikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Digər idmançımız Hüseynov Tacir isə Qəbələ rayonunda keçirilmiş yeniyetmə idmançılar arasında boks üzrə açıq birinçilikdə birinci yerə layiq görülüb və qızıl medal qazanıb”. Xurşud xanım həmçinin deyib: “Mən arzu edərdim ki, belə milli bayramlarımızı Qarabağ torpaqlarımızda da qeyd edək. İnanıram ki, o günlər də uzaqda deyil”.

Daha sonra tədbir Novruz bayramının əsas personajları olan Bahar qız, Kosa və Keçəlin maraqlı çıxışları ilə davam etdirilib. Məktəbin şagirdləri Novruza aid şeirlər söyləyib, mahnılar oxuyublar, alovlanan möhtəşəm Novruz tonqalının ətrafında rəqslər ediblər. 5 yaşlıların çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda məktəbə iki qızıl medal gətirən balaca idmançılara onların medalları və diplomları təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir