“Baxıram ki, ziyalı ailədirlər, sadəcə olaraq bilmirlər”

Nicat İntiqam
İlk baxışdan çoxumuza elə gəlir ki, uşaq dünyaya gətirmək, işləyib evə çörək aparmaq, hərdən uşağı gəzməyə çıxarmaqla valideynlik missiyamız başa çatır. Bir də işin mənəvi yönü var. Ancaq pediatr Nərgiz Yusifova “Zaman.az”a açıqlamasında valideynlərin üzərinə düşən missiya ilə bağlı bir qədər fərqli mövzulara toxundu.
Məsələn, N. Yusifova deyir ki, hər bir uşaq evdə atası ilə oynamalıdır: “Çox adam deyir ki, vaxtım yoxdur. Yaxşı, başa düşürəm. Amma heç olmasa hər bir ata axşamlar işdən sonra 1-2 saat mütləq uşağı ilə oynamalıdır. Söhbət fəal oynamaqdan gedir. Bəzi uşaqlar kök olurlar və qadınlar onları fiziki cəhətdən oynada bilmirlər. 8 kiloqramlıq uşaq, belə deyək, böyük bir yükdür. Ana onu atıb-tuta bilmir. Belə uşaqlarla ataları işdən gələndən sonra ən azı 15-20 dəqiqə gərək məşğul olsunlar. Çox təəssüf edirəm ki, bir çox valideynlər bunu bilmirlər. O yolu, sadəcə olaraq, göstərmək lazımdır. Mən son vaxtlar bu mövzuda çox danışıram. Çünki baxıram ki, ziyalı ailədirlər, sadəcə olaraq bilmirlər”.
“Uşağın 10-14 yaşında problemi ortaya çıxır”
Müsahibimiz ananın öz uşaqları ilə davranışı ilə bağlı da maraqlı məqama toxundu: “Uşaqla ana arasında ünsiyyət olmalıdır. Uşağın ağlamağına, harayına ana qaçmalıdır, dayə yox. Belə olmayanda – uşağın 10-14 yaşında problemi ortaya çıxır. Əvvəl bunlar çox da hiss olunmur, sonradan üzə çıxır. İllər sonra ana deyir ki, uşaq ondan sözünü niyə gizlədir, ürək sözlərini niyə danışmır. O ünsiyyəti, o açıqlığı ana-bala arasında qazanmaq lazımdır, ana gərək qazansın. Deyirlər, “cənnət anaların ayağının altındadır”. Ana sözü anmaq sözündən irəli gəlir. Hər bir ana öz uşağını anmalıdır. Ana uşağının yolunda təmənnasız gecələr keçirir, onu tərbiyə eləyir, əvəzində isə heç nə gözləmir, o uşağı cəmiyyətə hədiyyə verir. Ana bilməlidir ki, onun bu cəmiyyətdə funksiyası nədir”.
“Piylənmənin birinci səbəbi azhərəkətlilikdir”
Artıq “diqqətin” uşaqlarda piylənməyə gətirib çıxardığını deyən pediatr: “Piylənmə xəstəlikdir. Piylənmə diaqnozu 1 yaşına qədər uşaqlara qoyulmur. Bununla bağlı təbliğat işləri də aparırıq. İndi yaxşıdır ki, əksər analar uşaqlarına 2 yaşına qədər ana südü verməyə çalışır. Uşaqların piylənmələrinin birinci səbəbi azhərəkətlilikdir. İkinci səbəbi ananın düzgün qidalanmasıdır. Məsələn, süd verən ananın hazır yeməklərdən, “fast-food” yeməklərindən istifadə etməsi uşaqlarda piylənməyə səbəb olur. Ana əsəbi olanda da uşaqda piylənmə yaranır. Belə ki, hormonlar südlə keçir. Bu isə uşağı qıcıqlandırır və həzminə çətinliklər törədir. Bəllidir ki, ana südündən gözəl yemək yoxdur. Ondan daha gözəl əvəzedicisi hələ tapılmayıb. Həm dərmandır, həm qida vasitəsidir, həm qoruyucu bir məlhəmdir. Bunların hamısı ana südündə var. Uşaqda xarakterin formalaşmasına, ailənin yaxşı genlərini götürməsinə, inkişaf etdirməsinə ana südü çox gözəl bir vasitədir. Ana südü yeyən uşaqla, ana südü yeməyən uşaq arasında çox böyük fərq var. Sağlam ana 2 yaşına qədər uşağına süd verməlidir. Lakin bu yaşdan sonra uşağa ana südünün verilməyi düzgün deyil. Çünki artıq ana südünün keyfiyyəti itir, ana haldan düşür. Düzdür, süd qoruyucu rolunu hələ saxlayır, ancaq uşağın öz inkişafını yubadır, bədəni inkişafdan qalır. 2 yaşdan sonra uşağın bədəni özünü qoruma qabiliyyəti formalaşdırmalıdır. 2 yaşdan sonra ana südü uşağı anaya bağlayır, amma uşağın öz inkişafını yubadır”.
“Qida tərzimiz çox dəyişib”
Müsahibimiz qidalanma ilə bağlı başqa maraqlı məqamlara da toxundu: “Bizim qida tərzimiz çox dəyişib. Rayonlarda insanlar səhər yeyir, günorta yeyir, amma axşama qədər heç nə yemirlər. Çünki həyat tərzi belədir ki, vaxt olmur. Şəhərdə isə insanlar çox vaxt evin içərisində olurlar. Azhərəkətlilik birinci problemdir. Şükür Allaha ki, təbiət bizə hər şey verib. Öz meyvə və tərəvəzlərimiz çoxdur. Biz bunları qəbul edəndə, yeyəndə fikirləşmirik ki, bunun arxasında axı çoxhərəkətlilik də olmalıdır, bunun gəzməyi də olmalıdır, bunun həzmi də olmalıdır. Yeməyi yeyib, növbəti yeməyə qədər televizorun, telefonun arxasında, kompüterin qarşısında oturub vaxt ötürmək, gün keçirmək düzgün deyil”.
Müsahibimiz deyir ki, uşağı oynatmaqla həm onun, həm də valideynin idman etməsinə nail olmaq olar: “Məsələn, ana oynamaq tərzi ilə idman eləyir. Uşaq üçün o daha faydalıdır, nəinki onu harasa aparıb, yaxud kimisə çağırıb masaj elətdirmək. Bəlkə də 30 il bundan əvvəl bu problem yox idi. Həm süni qidalar az idi, həm işləyən analar az idi. Sadaladıqlarımıza əməl etsələr, valideynlər faydasını görəcəklər – uşaq sağlam olanda, ana-ataya hörmət eləyəndə. Bunların hamısı həm də ana südü ilə keçən şeylərdir”.