Batareyanı zibil qutusuna at, bir canlını xilas et

Yəqin ki, müasir dövrdə batareyalardan istifadə edilməyən ev yoxdur desək, yanlışlığa yol vermərik.

O da bir reallıqdır ki, bir çoxumuz batareyaların nə dərəcədə təhlükəli olmasının fərqində deyilik. Hətta istifadə vaxtı bitmiş, istifadə üçün yararsız olan batareyaları oynatmaq üçün evdəki azyaşlılara verənlər də var. Bundan başqa, zəifləmiş batareyaları rayon yerlərində “gücləndirmək” üçün bəzi insanlar ağızlarına salıb, dişləri ilə sıxırlar. Guya bu zaman batareyanın gücü artır. Təbii ki, insanlar batareyanın insan orqanizminə hansı fəsadlar verə biləcəyini bilmədikləri üçün belə edirlər. Əks təqdirdə, heç kim qiyməti 20-40 qəpik olan batareyadan ötrü canını bu cür təhlükəyə atmazdı.

Məlumat üçün bildirək ki, batareyalar tərkibindəki maddələrin təsiri ilə meydana gələn kimyəvi enerjini elektrik enerjisinə çevirir. Ancaq bir müddətdən sonra batareyalar tükənir. Bəzi batareyalarda civə, nikel, kadmium kimi zəhərli maddələrdən istifadə olunur. Köhnə batareyaları hara gəldi atmaq təbiətə ziyan vurur. Çünki tərkibindəki kimyəvi maddələr torpağa, suya, havaya qarışaraq, canlıların xəstələnməsinə və zəhərlənməsinə səbəb olur. Dünyanın bir çox ölkələrində sönmüş batareyaları yığmaq üçün xüsusi qutulardan istifadə olunur.

Torpağa sızmış bu metallar…

Bizdə həm mərkəzi şəhərlərimizdə, həm də kənd yerlərində batareyaların torpağa atılması hallarına tez-tez rast gəlinir. İstifadə müddəti bitmiş və atılmış batareyaların metal örtüyü dağılır, ağır metallar qrunt sularına və torpağa sızır. Torpağa sızmış bu metallar təkcə onu yox, həm də bitkiləri və heyvanları zəhərləyir.

Azərbaycan Tibb Universitetinin allerqologiya kafedrasının dosenti Səxavətdin Axundov da batareyaların tərkibində çox ağır zəhərli maddələrin olduğunu söyləyir. Onun dediyinə görə, batareya təkcə düşdüyü yeri deyil, yaxın ətrafı tamamilə zəhərləyir: “Zibilliklər belə batareyalarla doludur. Bilirsiniz ki, bəzi insanlar heyvanlarını zibillikdə otarırlar. Həmin zəhər qidanı yeyən heyvanın birbaşa iliyinə keçir. İliyə keçən zəhər istər süd, istərsə də ət vasitəsilə birbaşa insan orqanizminə yol tapır. Bu gün bizə müraciət edən minlərlə xəstə var ki, müxtəlif mikroblardan, zəhərlənmələrdən, qan xəstəliklərindən, immunitetin zəifliyindən, infeksiyalardan əziyyət çəkir. Onlar bilmirlər ki, bu infeksiya, mikrob orqanizmlərinə necə yol tapıb. Təbii ki, səbəblərdən biri də məhz budur”.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, dünyanın bir çox ölkələrində batareyalar nəinki küçələrə, boş ərazilərə atılmır, hətta zibilliklərdə belə ayrıca qutulara yığılır. Həmin qutularda toplanmış batareyalar sonradan təhlükəsiz bir şəkildə zərərsizləşdirilir və ya digər məqsədlər üçün istifadə olunur. Yaxın gələcəkdə paytaxtımızda və ölkəmizin digər yaşayış məntəqələrində də belə qutular qoyulsa, yaxşı olar.

“Təmiz Şəhər” Açıq Səhmdar

Cəmiyyətinə suallarımız

Bəs indiki halda zibilliklərə atılan batareyaların aqibəti necə olur? Mövzu ilə bağlı suallarımızı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə ünvanladıq. Qurumdan bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən daşınan zibillər iki qrupa ayrılır. Belə ki, onların müəyyən hissəsi, yəni təkrar emal üçün yararlı olanlar Bakı Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənir: “Zibillərin içərisində batareyalar çox olarsa, karton, kağız, plastik, metallar kimi onlar da seçilib yığılır. Az olduqda isə digər zibillərlə birgə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda yandırılır”.

“Batareyaların digər zibillərlə birgə yandırılması ekologiya, insan orqanizmi üçün zərərli deyilmi?” sualımıza qurumdan belə cavab verdilər: “Zibillər Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda dünyanın ən müasir standartlarına uyğun, ətraf mühitə heç bir zərər vermədən, nəzarət altında yandırılır. Tüstü atmosferə birbaşa buraxılmadığından ətraf mühitə də zərər vura bilməz”. NİCAT İNTİQAM