Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaqlar

0
213

Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir. Ötən illərin statistikasına nəzər saldıqda, imtahanlarda aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik: “Bu pozuntular imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi ilə bağlıdır. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması elan edilir. Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilmişdir. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir”.
Məlumatda bildirilib ki, bütün bunlara qarşı Dövlət İmtahan Mərkəzi digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir:
“Hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir”.
DİM qeyd edir ki, prosesin davamı olaraq 15 noyabr 2019-cu ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib. Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

Xatırladaq ki, burada üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir:
“Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir”.