“Başqasına yardım etməklə özümüzə yardım edirik”

0
672
Budəfəki müsahibimiz Əlillərin Dizayn Assosiasiyasının (ƏDA) prezidenti Solmaz Əzizovadır. O, 1964-cü ildə Hacıqabulda anadan olub. Leninqradda Tibb Universitetində oxuduğu dövrdə ağır qəza keçirib. Yenidən yeriməsinə, hətta yaşamasına heç bir ümid olmadığı halda, Solmaz xanım, belə demək mümkünsə, ölümün çaynağından qurtulub. Uzun illər əlil arabasına məhkum olan zərif qəhrəmanımız daha sonra ayağa qalxmağı bacarıb.
– Solmaz xanım, keçirdiyiniz qəza həyatınızda nələri dəyişdi?- Həyatımın altını üstünə gətirdi desəm, səhv etmərəm. Arzularım çox idi. Atam həkim olmağımı istəmişdi. Mən də Leninqradda Tibb Universitetində oxuyurdum. Həmin dövrdə həyatımın ən böyük itkilərini yaşadım. Atam dünyasını dəyişdi. Çox keçməmişdi ki, məni maşın vurdu. İki dəfə klinik ölüm keçirdim. Həmin qəzadan sağ çıxmağım möcüzə idi. Amma əsl möcüzə mənim ayağa qalxıb yeriməyim oldu.

– Arzularım çox idi, dediniz…

– Bəli. Mən tələbə olanda ən böyük arzum Sibirə getmək idi. Bir həkim kimi oradakı insanlara kömək etmək istəyidim. Orada şərtlər ağır idi. Bilirdik ki, Sibirdə bir neçə aydan sonra insanın saçları tökülməyə başlayır. Lakin bütün bunları gözə almışdıq. Çünki məqsədimiz insanlığa yardım etmək idi.

– Ağır günlər yaşamısınız. Buna görə nə vaxtsa, üsyan etmisiniz?

– Qəzadan sonra Azərbaycana gəldik. Həmin vaxt heç əlil arabasında da otura bilmirdim. Xərəkdə gəzdirirdilər məni. Mən həyatımda ilk dəfə Allaha asi oldum və elə həmin gecə tövbə etdim. Nənəm həmişə deyirdi ki, Allah sevdiyi qullarını imtahan edir. Özümə söz verdim ki, ayağa qalxacam və əlim çatan hər kəsə yardım edəcəm. Xüsusən də, əlillərə. Onlara yardım edib, ayağa qaldıracam ki, qoy heç kəsə ehtiyacları olmasın, öz işlərini özləri görə bilsinlər. Ondan sonra elə bil ki, Allah mənə bir yol açdı. Həm öz üzərimdə işləyirdim, həm də onlara kömək etməyə çalışırdım. Elə assosiasiyanı da həmin ərəfədə qurduq. Aradan bir neçə il keçmişdi və artıq əlil arabasında oturmağa başlamışdım. Əvvəlcə, qaçqın uşaqlarla tanış oldum. Sonra gördüm ki, mənim kimi insanlar çoxdur. Həm anadangəlmə, həm də sonradan qazanılma. Müharibədən sonra əlil olanların da sayı kifayət qədər idi. Sonra başladım onları bir yerə toplamağa. Məqsədimiz o idi ki, sağalmaq şansı olanlara dəstək verib, yeriməklərini təmin edək. Mənim gözəl əl işlərim var idi. İstəyirdim ki, sağalması mümkün olmayanlara müxtəlif əl işləri öyrədilsin. Bu məqsədlə də 1992-ci ildə Əlillərin Dizayn Assosiasiyasını qurduq. 1995-ci il noyabrın 22-də isə assosasiya qeydiyyatdan keçdi. Bu Birliyi bir qrup hərbçilərin təşəbbüsü ilə qurduq. Təkcə mənim qərarım deyildi. Mən özüm də 1-ci qrup əlil idim və fikirləşdim ki, fiziki qüsuru olan insanlar əlil arabasına məhkum olmamalıdırlar. Ömür boyu başqasına möhtac olaraq yaşamaq olmaz.

– Siz bu fəaliyyətlərinizə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqları da əlavə etmisiniz. Xüsusilə, uşaqları seçməyinizin səbəbi nədir?

– Bəli, mən xüsusilə, uşaqları və qocaları seçdim. Çünki uşaqlar günahsızdır. Elə qocalar da uşaq kimidir. Artıq 7-8 ildir ki, mən bu uşaqlarla məşğulam. Onları tanıdım və artıq ayrılmaq çox çətindir. Davam etmək də çətindir. Niyə, bilirsiz? Çünki hər ötən gün birini itirirəm. Gözlərimin önündə… Əlləri ovcumun içində… Bilirsiniz, neçə körpə əli əlimdə can verib? Həmin vaxt uşaq öz ölümündən xəbərsiz olur. O uşaqlar öləndə mənim üçün ən dəhşətlisi ovucu ovcumda olub, can verdiyindən xəbərsiz olmalarıdır. Onu müşahidə etmək mənim üçün çox çətin olsa da, gözümü çəkmirəm onlardan. Bilirsiniz, onların hamısı bu dünyadan gülümsəyərək köçürlər. Ən dəhşətlisi uşaq ölümünü izləməkdir. Bütün bunlarla təkbaşına mübarizə aparmaq çətindir.

– Qeyd etdiniz ki, uşaqlarınız gözünüzün önündə can verib. Yenidən davam etmək üçün nədən güc alırsınız?

– Allahdan. Yeganə güc Allahdır. Nə qədər yaxşı dostların olsa da, sənə o gücü Allahdan başqa kim verə bilər?

– Ailə həyatı qurmamısınız. Bilmək olar niyə?

– Bəli, ailə həyatından imtina etdim. Mən qəzadan sonra 3 il 7 ay yataq xəstəsi olmuşam. 14 ilə yaxın da əlil arabasına məhkum oldum. Çox ağır xəstəliklər keçirdim və hələ də mübarizə aparıram. Belə bir vəziyyətdə başqasına nə verə bilərdim ki. Düşünürəm ki, deməli, Allah məni bu uşaqlar üçün saxlayıb.

– Xeyriyyə aksiyanıza qoşulanlar çoxdur?

– Bilirsiniz, bizim insanlarda biraz könülsüzlük problemi var. Başqa ölkələrdə qadınlar evdə oturduqları yerdən əlaqələr qurur, qruplar yaradır, yardım kampaniyaları təşkil edirlər. Bizdə isə insanlar hər şeydən xeyir əvəzinə zərərinə istifadə edirlər. Bu gün elə insan yoxdur ki, sosial şəbəkələrdən istifadə etməsin. Amma bunun xeyirli tərəfindən istifadə edənlər azdır. Bizdə ancaq ev dağıtmaqla məşğuldurlar. İnsanlar ancaq deyirlərki ki, görüm kimin pulundan bir az oğurlaya bilərəm. Hər kəs öz cibini doldurmağa çalışır. Tanımayanlar həmişə deyir ki, elə şey olmaz ki, sən bu işlərdən pul qazanmayasan. İnsanlar inanmırlar ki, heç bir təmənna güdmürəm. Qəzanın mənə vurduğu travma sağalmaq bilmir. Mən özümü unudan insanam. Qospitalda olanda öz ağrılarımı unudub, oradakı xəstələrə kömək etməyə çalışırdım. Biz Flora Kərimova ilə çox qospitallar gəzmişik. Məşhur müğənni Flora xanımı deyirəm. O, gecə -gündüz demirdi ,əlillərə yardım edirdi. Amma bunu heç vaxt reklam etməyib. Mən məni Yaradanın sevdiklərinə yardım edirəm. Bir də ki, mən onlardan necə təmənna güdə bilərəm axı? O uşaqların arasında elələri var ki, xəstəlikləri təsdiq olunduqdan sonra ataları onları atıb gedirlər. Elə xəstələrim var ki, aylarla dərman almağa pulları olmur. Bildiyiniz kimi, leykoz xəstəliyindən əziyyət çəkən uşaqların ən çox qana ehtiyacları olur. Bu gün bir pul qanın qiyməti 60-70 manata yaxındır. Əgər valideyn bu pulu tapmırsa, cəmi 4 saat sonra biz o uşaqları itiririk. 42 nəfər yardım etdiyimiz uşaqlar vardı. 2010-cu ilin iyunun 14-nə qədər həmin uşaqlardan biri də qalmadı. Ən son Gülyazımı itirdim. Mən bu yolda çox uşaqlarımı itirmişəm. O illər mənim üçün o qədər ağır idi ki, sözlə ifadə etməyə yetmir. Bu itkilər hələ də davam edir. Ötən il Mahir adında bir oğlum dünyasını dəyişdi. Müalicə üçün İrana getmişdim. Klinikanın qabağında oturub gözləyirdim. Birdən gördüm ki, Mahir küçənin başından mənə tərəf gəlir. Tez ayağa qalxıb ona tərəf yeriməyə başlayanda anidən Mahir yoxa çıxdı. Bakıya gəldikdən sonra öyrəndim ki, Mahir həmin gün can verirmiş. Mən bütün bunların şahidi oluram. Həm də lazımsız yerlərə pul xərcləyən, marka paltar geyinib öyünən, qabağına qoyulan min bir çeşid yeməkləri bəyənməyən insanların da şahidi oluram. Başqalarına əl tutmaq imkanı olduğu halda, bunu etməyən, həmin xəstə uşaqlardan rüşvət tələb edən, dərman verməyən insanları da tanıyıram. Axı nə qazanacaqlar? İnsanlardan yardım istəyəndə elə bilirlər ki, özümüzə götürürük. Biz heç kəsdən pul istəmirik. Dərmanları alaraq yardım edə bilərlər. O, uşaqların əsas ehtiyacı budur.

– Leykoz xəstəliyinin müalicəsi üçün çox vəsait lazımdır?

– Dünyanın heç bir ölkəsi xərçənglə təkbaşına mübarizə apara bilmir. Bunun üçün xüsusi xeyriyyəçilər var ki, dövlət onlardan yardım alır. Reabilitasiya mərkəzləri var. Normalda heç bir xərçəng xəstəsi xəstəxanadan sonra birbaşa evə getməməlidir. Onlar 9-10 ay reabilitasiya mərkəzinda qalmalıdırlar. Lakin bizdə təəssüflər olsun ki, bu cür bərpa mərkəzləri yoxdur. Hesablamalar göstərir ki, leykoz xəstələrinin Türkiyədə birillik müalicəsi 120 min dollara başa gəlir. Belarusiyada isə 72-76 min, İsraildə 250-380 min, İranda 26-35 min, Azərbaycanda isə 10-14 min dollara başa gəlir. İnsanlarımız bu pulu yığıb versələr, heç o xəstələrin başqa ölkəyə getmələrinə ehtiyyac qalmaz. Sadəcə, insanları bir az həssas olmağa çağırıram. O uşaqların sizin edəcəyiniz ən xırda yardıma belə ehtiyacları var.

Mənim özümdə ciddi problemlər var. Bir neçə xəstəlikdən əziyyət çəkirəm. Amma bu yoldan əl çəkən deyiləm. Bilmirəm, hara qədər gedə biləcəm, yolun harasında qalacam, amma dayanan deyiləm. Şərqin böyük mütəfəkkiri Əflatun deyib ki, biz bir başqasına yardım edərkən əslində özümüzə yardım edirik.

 

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here