Başqasına sirr verməyin nəticəsi hər zaman ağır olur

0
666

Ortalığa tökülən sirlər dostluqların başa çatmasına səbəb olur.

Ən yaxın dost hesab etdiyin birisinə açdığın sirri bir başqasının ağzından eşidəndə istər-istəməz bərk inciyirsən. Gedib o sözün, o sirrin hesabını soruşursan və dostluq dediyin o münasibət də başa çatır. Hələ bir, əvvəlcə, müəyyən etməyə çalışaq ki, sirr dediyin şey nədir. İnsan öz şəxsi dərdlərini, ağrılarını, ailə məsələlərini, başqa birisi haqqında düşündüklərini və başına gələn çox özəl hadisələri özünə yaxın hesab elədiyi insanlara söyləmək ehtiyacı hiss edər. Əgər diqqət etsəniz, görəcəksiniz ki, bu zamana qədər sizə söylənmiş və ya sizin söylədiyiniz sirlərin çoxu günah kateqoriyasına aiddir. Məsələn, ailədaxili məsələnizi kənardan ən yaxın dostunuz olsa belə birisinə danışmağınız doğru deyil. Ailə məsələləri çox məhrəm mövzulardır. O qədər məhrəmdir ki, siz sirrinizi söyləyərkən “Mən sənə deyirəm, amma sən kimsəyə söyləmə!”- demək çox mənasız görünür. Əgər o sirri sən özün ürəyində boğub saxlaya bilmirsənsə, o necə saxlayacaq? O sözün sirr qalması üçün öncə sən dişini dişinə sıxıb dözməli, kimsəyə söyləməməli idin. Əgər dost bildiyin o insan sənin sirrini bəzəyərək orda-burda danışsa belə ilk təqsirkar o deyil…

Dərdlərimiz də eyni cürdür, başqalarına söylənməməlidir. Dərd dediklərimiz dostlarımızı üzər, düşmənlərimizi sevindirər. Çalışmalıyıq ki, öz dərdimizə özümüz əlac edək, başqalarına söyləmədən məsələni yoluna qoyaq. Hər adi şeyi şişirdib, ağırlaşdırıb başqalarına yük eləmək heç də yaxşı hal deyil. Əgər biz gücümüzü səfərbər edib qətiyyət göstərsək, ətrafda o qədər kömək, dəstək tapacağıq ki… Hər addımbaşı şikayətlənən, ondan-bundan imdad diləyənlər elə zarıya-zarıya qalırlar.

Qeybətlərimizi də ilkin olaraq dostlarımızla paylaşırıq. İlk dəfə deyil ki… o qədər belə qeybət eləmişik ki, aramızda… Bu məsələdə onun bizdə, bizim onda o qədər sirrimiz var ki… Ona görə də onunla qeybət edərkən bir növ özümüzü rahat hiss edərik və elə bu duyğu ilə də qeybət bataqlığına batdıqca batarıq. Heyhat, heyhat!!! Əslində bu münasibət dostluq deyil, ən sərt düşmənçilikdən belə betərdir, bir-birinin boğazından yapışıb dəryada batırmaqdır. Bu münasibətə günah və cinayət ortaqlığı deyilsə, daha doğru olar. Dost dediyin bir-birini xətadan, günahdan çəkindirər, bunlar isə bir-birinin günaha batmasına kömək edir, dəstək verirlər. Beləsi dostdurmu? – Əsla. Əmin ola bilərsiniz ki, qeybət etməyə alışmış insan sabah da eyni şeyləri sizin haqqınızda bir başqasına söyləyəcək. O zaman siz də onun sirrini açıb tökəcəksiniz və hər ikiniz biabır olacaqsınız. Ən doğru olan odur ki, dost dediyiniz insan qeybət edərsə, həmən etiraz edin, bu söylədiklərinin, yəni qeybətin mənəvi xəstəlik olduğunu bildirin, güzəştə getməyin. Çalışın ki, dostunuz qeybət xəstəliyindən qurtarsın. Əgər dilimizi də, qulağımızı da qeybətdən qoruya bilsək, başqası bizim yanımızda qeybət danışmağa cəsarət etməyəcək.

Dost tutduğumuz adam ailəmizdən kənar birisidir. Ailədə söyləmədiyimiz, amma dostla məmnuniyyətlə paylaşdığımız hər məsələ özəldir. Əgər dostumuz ağlı başında, bizə doğru yolu göstərəcək qədər yetkin bir adam deyilsə, onda vay bizim halımıza. Bir çox gənclərin bu cür dostluq üzündən nə kimi xətalara düşdüyünu çox eşitmişik. “Mənə dostunu göstər, sənin kim olduğunu deyim” məsəli əslində çox böyük həqiqəti açır gözlərimiz önündə. Siz dostunuza o qədər güvənirsiniz ki, onun təsdiq etdiyi hər şeyi doğru, təkzib etdiklərini də yalan hesab edirsiniz. Bu haldan ancaq o zaman ayılıb özünüzə gəlirsiniz ki, xətalarınızın doğurduğu ağır nəticələr sizinlə üz-üzə, göz-gözə dayanır. Bu zaman da dost dediyiniz adam artıq sizin yanınızda olmayacaq. Xüsusilə də, gənclər bu cür dostlara qarşı daha ayıq olmalıdırlar.

Başqasına sirr verməyin nəticəsi hər zaman ağır olur. İki nəfərin bildiyi məsələ artıq sirr deyil. Sirr ağzından çıxana qədər sənin əsirindir, elə ki ağzından çıxdı, sən onun əsirisən. “Söyləmə sirrini dostuna, dostunun da dostu var, o da söylər dostuna” deyib atalarımız.

Məsələyə bir qədər də fərqli yöndən yanaşaq: Öz sirrimizi kimsəyə söyləməyək və üstəlik də, bizə söylənən sirri kimsə ilə paylaşmayaq. Bizə söylənən sirr əslində əmanətdir və əmanətin də hesabı çox ağır olur. İnsanın sinəsi gərək başqasının sirrinə qəbir ola. Ona görə də bu məsələdə gərək ağzımızı sıx tutmağı bacaraq. İstər dost olsun, istər düşmən, kiminsə sirrini ortalığa açaraq intiqam almaq insanlıqdan deyil. Etibarlı adam olmağın yolu öz marağına sahib olmaqdan keçir. Başqalarının sirrini araşdırmaq, həyatının gizli məqamlarını öyrənməyə cəhd etmək də insana yaraşan hal deyil. Bir qədər yuxarıda dedik ki, başqasından eşitdiyimiz sirri gərək köksümüzdə dəfn edək. Bu dünyada bu qədər gözəl duyğular, yaşanacaq gözəlliklər varkən qəlbimizi başqalarının sirlərinə məzar etməyin nə anlamı var ki?…