BAŞQALARININ MÜQƏDDƏSLƏRİNƏ SÖYMƏMƏLİYİK

0
475

Dünyamız rəngarəng çiçəklərlə bəzənmiş bir bağça kimidir, fərqli din, inanc və mədəniyyətlərə mənsub olan insan və ya cəmiyyətləri əhatə edir. Dünya üzərindəki bu fərqliliklərin yox edilməsi mümkün olmayacağına görə sülh, dinclik və insanca bir həyat üçün eyni mühiti bölüşən insanların bir-birinə hörmət göstərməsi və bir-birinin fərqliliklərinə dözməsi zəruridir.

Aramızdakı fərqliliklər düşmənlik və narahatlıq səbəbi deyil, insanlıq aləminin mədəni zənginliyi hesab edilməlidir. Belə bir idrak hamımız üçün bir zərurətdir. Müqəddəs Kitabımız Qurani-Kərimdə:

”Göylərin və yerin yaradılması, dillərinizin və rənglərinizin fərqli olması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. Şübhəsiz, bunda bilənlər üçün əlbəttə ibrətlər vardır”, (ər-Rum, 30/22) – buyrularaq, insanlar arasında sözü gedən mədəni, ictimai və etnik fərqliliklərin Allahın ucalığını göstərən dəlillər olduğuna diqqət çəkilməkdədir. Bundan başqa “…Sizdən hər biriniz üçün bir şəriət və bir yol qoyduq. Əgər Allah diləsəydi, əlbəttə, sizi tək bir ümmət edərdi…” (al-Maidə, 5/48) ayəsi də bu fərqliliyin yaradılış qanununun gərəyi olduğuna işarə edir.

İslam tarixi birgə yaşama mədəniyyəti baxımından təqdirəlayiq nümunələrlə doludur. Bu nümunələrin zəmin tapmasında din azadlığını təmin edən (əl-Kəhf, 18/29; əl-Bəqərə, 2/256) və başqalarının müqəddəsinə hörmət göstərilməsini əmr edən ilahi mesajların töhfəsi inkar edilə bilməz. Dinimiz başqalarının müqəddəsinə sözlə və ya hərəkətlə hər cür müdaxiləni, hücumu qadağan edir. Necə ki, “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!” (əl-Ənam, 6/108) ayəsi bu xüsusu çox açıq şəkildə dilə gətirir. Eyni şəkildə, Müqəddəs elçilərin son nümayəndəsi olan Peyğəmbərimizin (s.ə.s) fərqli din mənsublarına inanc və ibadət azadlığı verməsi, hətta öz məscidində onların ibadətinə icazə verməsi birgə yaşama mədəniyyətinin dini baxımdan zəmin tapmasına gözəl nümunələrdir.

Bəşəriyyət adına keçmişdən günümüzə qədər bütün təşəkküllərin mərkəz və ortaq nöqtəsi olaraq xarakterizə edə biləcəyimiz mədəniyyətin meydana gəlməsində dinlərin inkaredilməz dərəcədə payı var. Neçə-neçə mədəniyyətlərə beşiklik edən coğrafiyamızda birgə yaşama mədəniyyəti adına insana qürur verən, köksünü qabardan nə qədər möhtəşəm nümunələr, uca şəxsiyyətlər göstərmək mümkündür. Hər sözü “Bismillah”la başlayan Nizami də, ilahi mesajlardan ilham alaraq yaradılanı Yaradandan ötrü xoş görən Yunus da, hər kəsə qapısını və könlünü açan Mövlana da, eşq və sevgini önə çəkən Əhməd Yəsəvi də, əməl və söz bütövlüyünü nəsihət edən Sədi Şirazi də bu düşüncənin daşıyıcıları və təbliğçiləri olublar, öz dəyərlərinə sahib çıxmaqla yanaşı, başqalarının müqəddəslərinə də hörmətlə yanaşmağı öyrədiblər. İslam əmin-amanlıq, səlamət, sülh, qardaşlıq, sevgi təlimi, Allahın yaratdıqlarını sevmək və gücün yetdiyi qədər yaxşılıq etmək anlayışıdır, xoşgörü mədəniyyəti də “başqaları” ilə birlikdə əmin-amanlıq və sülh şəraitində yaşamağın mümkün olduğunu göstərir. Şübhəsiz ki, yaşadığımız coğrafiyada bu mənzərənin meydana gəlməsində İslam dininin insana və sülh şəraitində birgə yaşamağa verdiyi dəyər, müsəlmanlara qazandırdığı etimad və digər din mənsublarına verdiyi geniş azadlıq xüsusi təqdir edilməlidir. Bu tarixi təcrübə dinlərin terror və şiddətin, gərginliyin, döyüşün qaynağı və səbəbi olmaqdan çıxarılıb, ortaq sülh zəmini təsis etmədə istifadə edilməsi gərəyini göstərir.

Düşüncə və ifadə azadlığı hüdudsuz deyil. Ayrıca bu azadlıq “başqalarının müqəddəsinə təhqiri” də ehtiva edə bilməz. Dinimiz İslamda Allahı (c.c.) və Peyğəmbəri təhqir etmək bir tərəfə “Bir tək Allah vardır və təhrik nəticəsində ona söyülməsin deyə batil bütlərə belə söymək caiz deyil.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here