“Başqa millətlərin nümayəndələri bizə daha çox bazar əhli kimi yanaşır”

426

“İstəyirəm bir fikrimi dostlarla bölüşəm, xüsusən ölkəmizdən kənarda, ələlxüsus da Rusiyada yaşayan soydaşlarımızla. Çoxumuz təsdiq edə bilərik ki, həmvətənlərimizin çoxu işgüzardır, zəhmətkeşdir, çevikdir, qoçaqdır, işbiləndir. Bu, öz yerində. Amma nə gizlədək, onların mütləq əksəriyyətinin bir arzusu var: necə olursa olsun, harada olursa olsun, hansı yolla olursa olsun, yalnız pul qazanmaq. Əlbəttə, pul qazanmaq da yaxşı bir işdir. Lakin məni bir məsələ çox ilgiləndirir”. Bu fikirləri tanınmış yazıçı Firuz Mustafa bildirib.

“Heç kəsin xətrinə dəyməsin, əksəriyyəti bazarlarda pul qazanan yaşlı həmyerlilərimiz öz övladlarına da məhz bazarda “lövbər salmağın” yollarını öyrədirlər. Bir sözlə, bu “bazarlar” illər uzunu bir nəsildən o birinə ötürülür. Bunun da nəticəsi məlum. Başqa millətlərin nümayəndələri bizə daha çox bazar əhli kimi yanaşır. Siz də başqa, qonşu millətlərə baxıb örnək götürün”,-deyə yazıçı bildirib.

Soydaşlarımıza səslənən yazıçı bəzi tövsiyələrini də verib: “Əziz soydaşlarımız, nəzərə alın ki, başqa sahələrdə də pul qazanmaq olar, həm də kifayət qədər, xüsusən intellektual bazarlarda, hərçənd ki, böyük pullar qazanmağın özünün də bir düşər-düşməzi olur. Ən böyük sərvət-əldə olunan bilikdir. Hər bir istedad və intellekt sahibi bizim fəxrimiz, qürur ünvanımız, başucalığımızdır. Ona görə də arzu edərdim ki, hələ nə qədər gec deyil, əldə etdiyiniz maddi sərmayəni övladlarınızın təhsilinə, elminə, intellektinə, bir sözlə, mənəvi sərvətinin yüksəlişinə yönəldəsiz. Bu, sizin xalqımız və öz vladlarınız qarşısında ən böyük xidmətiniz olar”.