“Başqa çıxış yolum çoxdur”

767

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən bir qat yuxarıda yaşayan Səxavət kişi qonşu binanın sakini Qurban müəllimlə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mən ölüm, bir qoşa?

– Ya zər, mənə yeklər ver, Səxavət kişi üçün bir Mars təşkil edim.

– Qurban müəllim, sənin bu üçün “üçün” kəlmən bu günlərdə eşitdiyim bir əhvalatı yadıma saldı, qoy deyim. Deməli, belə: bizdən 10-15 bina o yanda yaşayan Elçin dayının oğlu qız sevirdi. Günlərin bir günü Elçin dayının oğlu qıza ürəyini açıb. Qız da deyib ki, onsuz da bir qız bir oğlanındır, elçini göndər, gəlsin, hərini alsın. Elçin dayının oğlu qızın bu cavabından möhkəm hirslənib və deyib: “Ay qız, Elçin yox e… ata deməlisən. Bir də belə desən adını belə tutmaram.

Səxavət kişinin bu söhbətindən hamı o ki var gülüşdü. Handan-hana özünə gələn Qurban müəllim:

– Oyunun olsun, ay Səxavət kişi, – dedi və bayaqdan bəri ovcunda oynatdığı zərləri atdı.

– Yığanlar…

Bu, Qurban müəllimin ürəyincə olmadı, oynamağa daşı olmadı. Qonşulardan biri onun vəziyyətinin daha da pisləşdiyini görüb dilləndi:

– Olanda oynayarsan, səbir elə…

Səxavət zarafatından qalmadı:

– Ə, nə gündə lazımıq, yoxundur, mənimkilərdən oyna…

Qurban müəllim deməyə söz tapa bilmədi, buna rəğmən sakitcə dilləndi:

– Oyuna qataq, onsuz da marsdan çıxacağam.

Oyunu tərk edən Qurban müəllim birdən dedi:

– Ay aman, axı mən saat yeddidə bir nəfərlə görüşməli idim… Qaçım, avtobusa minim…

– Qurban müəllim, indi tıxacın gur vaxtıdır, çalış “BakuBus” MMC-nin təzə avtobuslarına minmə.

– Niyə?

– O gün “BakuBus” MMC-nin 2 saylı avtobusu ilə evə gələndə “Nərimanov” metrostansiyasının 100 metrliyində tıxaca düşdük (Bu tıxac da yalan olmasın yarım saat çəkdi). Sərnişinlərdən bir neçəsi sürücüyə dedi ki, qapını aç, düşək. Lakin avtobusun sürücüsü bu sözlərə məhəl qoymadı. Sadəcə, dedi ki, inciməyin, qapıları açıb işimdən ola bilmərəm, bizə deyiblər ki, qapıları ancaq dayanacaqlarda açın. Bir də unutma ki, bizim hər bir hərəkətimiz kameralar tərəfindən qeydə alınır. Odur ki, həmin sərnişinlər sürücünün çörəyinə bais olmaq fikrindən vaz keçdilər. Bunu deməkdə məqsədim odur ki, həmin avtobuslara bənd olma.

Qurban müəllim: “Bu vacib məlumata görə sağ ol”, – deyib ayrıldı.

Onun yerinə nərdtaxtanın arxasına bayaqdan növbəsini gözləyən öz maşını ilə “taksovat”lıq edən Hümbət kişi tutdu. Səxavət kişi onunla oyuna başlayan kimi söylədi:

– Hümbət kişi, yəqin, xəbərin var da xəbərdən? Belə deyirlər ki, taksilər üçün yeni standart hazırlanır. Ucundan-qulağından eşitdiyimə görə, bundan sonra taksi fəaliyyəti üçün istifadə olunacaq avtomobillərin “yaş”ı 15 ildən çox olmamalıdır. Mən bilən, sənin maşının da Şah Abbası taxtda, Nadiri qundaqda görüb.

Hümbət kişi bu xəbəri eşidən kimi zərləri ovcunda oynada-oynada dilləndi:

– Olmaya mənimlə məzələnirsən? Yaxud da mənə psixi təsir göstərmək istəyirsən…

– Vallah, yox. Bir də sən nə vaxtdan oyunçu olmusan ki, səni bu yolla sındırım?

Bayaqdan bəri üzündən təbəssüm əskik olmayan Hümbət kişinin əhvalı birdən-birə dəyişdi:

– Belə çıxır ki, mən yeni maşın almalıyam? Mən ailəni güclə saxlayıram. Bir də mən maşınımı elə saxlamışam ki, yüz təzəyə dəyər. Vallah, ilin şərt kimi qoyulması doğru deyil. İmkan verməsələr, qanunsuz işləyəcəyəm. Başqa çıxış yolum çoxdur. Sonra da deyirlər ki, filankəs qanunu pozur. A kişi, bilmirəm nə istəyirlər də bu taksi sürücülərindən? Sabah da deyəcəklər ki, yaşı 65-i keçənlərə “taksovatlıq” etmək olmaz. Yaxud da deyəcəklər ki, taksinin təkərləri yalnız və yalnız filan firmanın olmalıdır.

Bu dəfə nədənsə kimsənin səsi çıxmadı.

Qvami Məhəbbətoğlu