Başlayarkən and içirlər

988
Dünyada bir çox insanlar işə girərkən and içirlər. Bir işə girərkən, bir peşəyə başlayarkən and içmək o peşənin əhəmiyyətini, məsuliyyətini doğru olaraq yerinə yetiriləcəyinə dair söz vermək deməkdir. Respublikamızda prezident, dövlət qulluqçuları, həkimlər işə başlayarkən, hərbçilər də xidmətə başlamazdan əvvəl and içirlər.
İnsan həyatının ən önəmli məsələlərindən biri onun ixtisas və peşə seçimidir. İnsan peşə və ya ixtisasını seçərkən özünün ona hazır olub-olmadığını anlamalıdır. Çünki elə peşələr var ki, böyük məsuliyyət tələb edir. Dünyada bir çox insanlar işə girərkən and içirlər. Bir işə girərkən, bir peşəyə başlayarkən and içmək o peşənin əhəmiyyətini, məsuliyyətini doğru olaraq yerinə yetiriləcəyinə dair söz vermək deməkdir. Respublikamızda prezident, dövlət qulluqçuları, həkimlər işə başlayarkən, hərbçilər də xidmətə başlamazdan əvvəl and içirlər. Həkimlərin içdikləri bu and hüquqi bir əhəmiyyət daşımasa da, mənəvi əhəmiyyətə malikdir. Belə ki, “Hippokrat andı” deyilən bu and insan həyatının hər şeydən üstün tutulmasına yönəlib. “Hippokrat andı” həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş anddır.

Dünyanın hər yerində fərqli səslənən, e.ə 2000-ci ildən bəri həkimlərin oxuduqları bu and ilk dəfə Hippokratın oğlu, yaxud tələbələrindən biri tərəfindən yazılıb.

Yuxarıda da vurğuladığımız kimi, həkimlərdən başqa, hərbçilər də and içirlər. Ancaq bu and həkimlərinkindən fərqli olaraq, məcburi şəkildə, qanunauyğun olaraq içilir. Hətta bu and pozulduğu təqdirdə hərbçilər məsuliyyətə cəlb olunurlar. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş qanunda əks olunub:

Maddə 29. Hərbi andiçmə

29.1. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir.

29.2. Hərbi andiçmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə müəyyən edilmiş qaydada həyata keçirilir.

29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər.

Dövlət qulluqçuları isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu IV fəsil, XV maddəsinə əsasən and içirlər. Bu haqda qanunda qeyd olunub.

15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

15.2. İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: “Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm”.

15.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

15.4. Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.

15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.

Bəs, görəsən, bu andiçmə mərasimləri necə keçirilir? Andın nə kimi əhəmiyyəti var? Mövzu ilə bağlı fikirlərini bildirən həkim Habil Hüseynovun sözlərinə görə, dünyanın hər yerində müəyyən kodekslər var: “İnsanlar da həmin o kodekslərin üzərinə and içirlər. Ümumi olaraq adı “Hippokrat andı” getsə də, hər ölkədə bu and fərqli səslənir. Çünki hər bir ölkə andı müxtəlif formada, istədiyi kimi dəyişdirir. Məsələn, türk həkimlərinin içdiyi andla azərbaycanlı həkimlərin içdiyi and eyni deyil. Müəyyən dəyişikliklər edilib. “Hippokrat andı” dünyanın bütün universitetlərində toplu şəkildə bütün həkimlər tərəfindən içilir. Andiçmə zamanı bir nəfər qarşıda dayanıb andı oxuyur. Digərləri də həmin mətni dinləyərək and içirlər. Bu proses universiteti bitirərkən mərasim şəklində həyata keçirilir. Andın mahiyyəti isə bundan ibarətdir ki, insan andı içdiyi zaman imza atır və hər hansı bir məsuliyyəti boynuna götürmüş olur. And içmək, görəcəyin işin məsuliyyətini dərk etdiyini anlamaq deməkdir. Bu həkimlərdə də belədir. Həkimlərdə andın pozulması təqdirində hər hansı bir cinayət məsuliyyəti yoxdur. Həkimlikdə iki əsas maddə var: birincisi, həkim səhvi, ikincisi, həkim səhlənkarlığı. Hər bir insan kimi həkimlərin də səhvi olur. Səhlənkarlıq isə üzərinə düşən işi görməməkdir. Bunun isə cinayət tərkibi var. Əgər həkim bir xəstəyə yanlış bir diaqnoz qoyarsa, bu həkimin səhvi hesab olunur. Buna görə ya həkimi ixtisasartımına göndərə, ya da təhsilini artırmaq üçün bir tədbir görə bilərlər. Ancaq o ki qaldı xəstəyə lazım olan şeyi etməmək, xəstəyə nəzarət etmək əvəzinə, başqa işlə məşğul olmaq. Buna görə həkim cinayət məsuliyyətinə cəlb oluna bilər. Səhv etməyən həkim olsa idi, hamı eyni kriteriyada olardı; bir həkim bütün xəstəliklərə baxardı; başqa həkim lazım olmazdı. Səhlənkarlıq isə bütün kateqoriyalarda ola bilər. Bu, professor da ola bilər, adi həkim də”.

 

“Həkimlərdən, hərbiçilərdən fərqli

olaraq, bizdə andiçmə yox,

mandatın təqdim edildiyi mərasim var”

Millət vəkili Fəzail İbrahimli isə bildirdi ki, həkimlərdən, hərbçilərdən fərqli olaraq, bizdə andiçmə yox, mandatın təqdim edildiyi mərasim var: “Bu, yəni bir növ andiçmə mərasimi kimidir. Ancaq buna “andiçmə” yox, “mandatın təqdim edilmə mərasimi” deyilir. Bu elə bir növ and içmək kimi bir şeydir. Çünki bu zaman sənə 40 min insan etimad göstərir, sən o mandatı qəbul edirsən və millət vəkili olursan. Mərasim Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən Milli Məclisin birinci iclasında keçirilir. Bundan sonra ümumi qaydaya əsasən spiker seçilir və məclis fəaliyyətə başlayır. Bu mərasim Milli Məclisin Nizamnaməsinə uyğun keçirilir”.