Başçı yerli sahibkarlarla görüşüb

69

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. 

Mingəçevirdə İcra Hakimiyyətinin başçısı yerli sahibkarlarla görüşüb. Əvvəlcə yerli sahibkarları salamlayan icra başçısı İlham İsmayılov  onları Sahibkarlar Günü münasibətilə təbrik edib onlara işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Ulu Öndər yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə tam şəkildə formalaşma və inkişaf proseslərinə başlanıldı. O cümlədən Ulu Öndər sahibkarlığın inkişafını önə çəkdi. Sahibkarlığın inkişafı sahəsində nailiyyətlərin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş qanunlar və dövlət proqramları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda formalaşan azad sahibkarlıq mühiti respublikamızın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Eyni zamanda iş adamları hər addımda dövlətin dəstəyini hiss edirlər. Məhz dövlət dəstəyi və əlverişli biznes mühiti sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla ölkəmizin inkişafına mühüm təsir göstərir.

Fərəhlə qeyd etməliyik ki, sahibkarlar da dövlət dəstəyinə adekvat olaraq öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəmizin inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması işində fəal iştirak edirlər.  Mingəçevirdə də biz çalışırıq ki, qanun çərçivəsində sahbkarlara imkanlar yaradaq, amma bəzən qanunsuz torpaq zəbt edənlər qanunsuz tikintilər aparırlar, bu da şəhərin görkəminə ciddi xələl gətirir. Çalışırıq ki, sahibkarlardan gələn təşəbbüslər, layihələr, təkliflər bizim tərəfimizdən qəbul olunsun.   Bir şərtimiz var: hər şey qanun çərçivəsində olsun.

44 günlük Vətən müharibəsində yerli sahibkarların orduya könüllü şəkildə göstərdikləri dəstəyə görə və şəhərdə texniki suyun çəkilməsində böyük dəstək göstərdiyinə görə sahibkar  Vüqar Qədimova təşəkkürlərini çatdırıb.  Başçı onu da qeyd edib ki, son dövrdə icra hakimiyyəti tərəfindən 50-dən çox sahibkara tikinti-quraşdırma işlərinə icazələr verilmiş və həmin obyektlərdə 450-dən çox yeni iş yeri yaradılmışdır. Daha  sonra  başçı sahibkarlarla  birgə onları narahat edən məsələləri müzakirə edib.

Azərbaycan Sahibkarlar Konfedrasiyası Mingəçevir bölməsinin sədri Vaqif Həsənov gömrük nəzarətində qarşılaşdığı haqsızlıqdan, güzəştli kreditlərin alınmasında yaranan çətinlikdən, su problemində yaranan problemdən danışıb.

İcra başçısı iradlarla bağlı ciddi tədbirlər görüləcəyini, bir çox məsələlərin həlli üçün ciddi addımların atılacağını diqqətə çatdırıb.

Esmira Hidayətova, Mingəçevir