Başçı Tərəvəzçilik yaşayış massivindəki problemləri də aradan qaldırır

0
476

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yerlərdə səyyar görüşləri davam edir. Bu dəfə icra başçısı İlham İsmayılov şəhərin Tərəvəzçilik yaşayış massivinin sakinləri ilə görüşüb. Səyyar qəbulda şəhər rəhbəri  Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır. Başçı şəhərdə görülən işlərdən də danışıb. Bildirib ki, şəhərin hər bir guşəsi abadlaşacaq və sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılacaq.

Səyyar görüşdə Mingəçevir Tərəvəzçilik yaşayış massivinin sakinləri illərdən bəri yığılıb qalan problemləri dilə gətiriblər. Belə ki, onlar massivin yollarının bərbad olmasından, işıqlanma, qaz problemlərindən, sahibsiz itlərin hücumundan, torpaq sahələrinin suvarılmasındakı çətinliklərdən, məişət tullantılarının daşınmamasından söz açıblar. Sakinlər, həmçinin massivdə uşaq bağçasının olmamasını da diqqətə çatdırıblar.

Sakin Yunis Yolçuyev deyib ki, bu massivin sakinləri ilin bütün fəsillərində  yolsuzluqdan əziyyət çəkirlər: ”Əkin biçinlə, maldarlıqla dolanan massiv sakinləri dəfələrlə aidiyyəti qurumlar qarşısında qaldırdıqları problemlər öz həllini tapmayıb. Sakinlər sizin massivimizə gələcəyini biləndə onlarda problemlərin həlli istiqamətində bir ümid yarandı. Onu da deyim ki, biz yaxşı bilirik ki, Mingəçevirin abadlaşmasında sizin də böyük əməyiniz var. Ümid edirik ki, sizin sayənizdə bizim də yaşayış massivimizin problemləri həllini tapacaq”.

Dİgər çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirərək ölkə başçısının həyata keçirdiyi institusional və kadr dəyişikliklərinin ölkəmizə müsbət dəyişikliklər gətirdiyini vurğulayıblar. Sonda başçı sakinlərə birmənalı olaraq bildirib ki, sadalanan problemlərin mərhələli şəkildə həyata keçirilməsi üçün bütün imkanlarda istifadə olunacaq. Başçı, həmçinin vurğulayıb ki, Tərəvəzçilik yaşayış massivinin məktəb yolunun asfatlanması üçün artıq razılıq əldə olunub.

Esmira Hidayətova, Mingəçevir