Başçı  şəhid Pərviz Tağıyevin  ailəsini ziyarət edib

83

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 44 günlük Vətən müharibəsinin şəhidi,  1990-cı il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) P.Tağıyevin  ailəsini ziyarət edib.

Başçı və şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri  şəhid Pərviz Hafiz oğlu Tağıyevin  ailəsini  ziyarət edərkən onun əziz xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış keçirib, ruhuna rəhmət diləyiblər.  Şəhidin atası Hafiz kişi ilə söhbət edərkən başçı şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşına həkk olunduğunu vurğulayıb,  ölkə Prezidenti İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd edib.

Görüş zamanı  şəhid atası ilə söhbət əsnasında  onların qarşılaşdığı problem, yaxud müraciətlərinin həlli ilə bağlı fikirlər öyrənilib. Şəhid atası Hafiz kişi heç bir probleminin olmamasını, dövlətin daim diqqət və qayğısı onların üzərində olduğunu bildirib. Şəhid atası 44 günlük Vətən müharibəsində oğlunun göstərdiyi qəhrəmanlıqdan danışıb, belə bir oğulun atası olmaqdan qürur duyduğunu bildirib.

Qeyd edək ki, 7 ildən artıq hərbi hissədə qulluq edən Azərbaycan Ordusunun əsgəri Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Suqovuşan döyüşləri  zamanı şəhid olub. Onun nəşi 7 ay 10 gün  tapılmayıb. Müdafiyə Nazirliyi  tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və  Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Pərviz Hafiz  oğlu Tağıyev  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın  azad olunmasına görə” və “Cəsur döyüşçü”” medalları ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir