Baş Göynükdə unudulmuş şəhid türkün qəbri

1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana qardaş yardımına gələn və 1930-cu ildə bolşeviklərə qarşı qaldırılan üsyanın rəhbərlərindən biri olan və üsyan yatırılarkən qəhrəmancasına şəhid olan “Kor türk” ləqəbli qazi Əbdülqadirin qəbri unudulub. Ümid etmək istəyirik ki, Azərbaycanın və Türkiyənin müvafiq qurumları ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şirin canından keçən şəhid türk əsgəri Əbdülqadirin Baş Göynükdə unudulmuş məzarı üzərində abidə ucaldılmasında iştirak edəcəklər.
Ötən əsrin əvvəllərində Azərbaycan erməni quldur dəstələri tərəfindən soyqırımıya məruz qalaraq tamamilə yox olmaq təhlükəsi qarşısında olanda qardaş yardımına gələn Osmanlı əsgərləri verdikləri yüzlərlə şəhid hesabına xalqımızı xilas etdilər. Onlardan bəziləri sonralar vətənə qayıtmadılar və Azərbaycanda bolşevik hökumətinə qarşı üsyanların təşkilində iştirak edərək xalqımızın müstəqilliyi uğrunda şəhid oldular. Belə qəhrəmanlardan biri də Göynük üsyanının təşkilatçılarından olan və üsyan yatırılandan sonra qırmızı ordunun cəza dəstələri tərəfindən şəhid edilən “Kor türk” ləqəbli Osmanli qazısı Əbdülqadirdir. Amma  Azərbaycanın hər yerində şəhid türk əsgərlərinin məzarları üzərində abidələr ucaldılarkən bu qəhrəman şəhid türk əsgərinin qəbri yaddan çıxıb. Bu günə kimi də Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şirin canından keçən şəhid Əbdülqadirin, qəhrəman Anadolu qazisinin məzarı digər türk şəhidlərinə münasibətdə olduğu kimi xatirəsinin yad edilməsini, anılmasını gözləyir. Təəssüflər olsun ki, üç il bundan əvvəl qəzetimizin səhifələrində Şəki rayonunun Baş Göynük kəndində uyuyan bu qəhrəman şəhid türk əsgərinin qəbrinə olan biganəlik barədə geniş yazı versək də, buna müvafiq qurumlar tərəfindən hər hansı reaksiya verilmədi. Ona görə də məcbur olub, bu mövzuya yenidən qayıtmaq, müvafiq qurumların diqqətini yerli əhali tərəfindən qorunub saxlanılan, ancaq əlaqədar qurumların biganəliyi nəticəsində unudulmaqda olan şəhid türk əsgərinin məzarına cəlb etmək istəyirik. Bu müstəvidə də Şəki rayonunun Baş Göynük kəndinə səfərimiz də unudulmuş şəhid türk əsgərinin qəbrini yad etmək və ona bir daha diqqəti cəlb etmək idi.

Bakıdan səhər tezdən çıxdığımız üçün səhər yeməyini İsmayıllıda yeməyə qərar verdik. İsmayıllı rayonunda, yolqırağı istirahət yerlərinin birində səhər yeməyi üçün dayandıq. Gözəl bir səhər yeməyindən sonra yolumuza davam elədik. Daha sonra, nəhayət, Azərbaycanımızın dilbər guşələrindən olan gözəl Şəkimizə çatdıq. Çox dayanmağa vaxtımız olmasa da, yoldaşlarla gözəl bir çay içdik. Şəki halvası, mindal, mürəbbə Şəkidə çay süfrəsinin vaz keçilməzidir.

Nəhayət ki, şəhid türk əsgərinin uyuduğu Baş Göynük kəndinə gəlib çatdıq. Baş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Son illər kəndimizə dövlət diqqəti artırıb. Belə ki, son illərdə bir yeni məktəb, kənd xəstəxanası tikilib istifadəyə verilib. İkinci məktəbin isə inşası davam etdirilir. 2014-cü ildə ilk dəfə kəndimizin bəzi küçələrinə asfalt döşənib ki, bu da hərəkəti xeyli asanlaşdırıb. Ümid edirik ki, vacib olan bəzi istiqamətlərdə də küçələr asfaltlaşdırılacaq. Bizi gəlişimizdən öncədən xəbəri olan və şəhid türk əsgərinin xatirəsinin əbədiləşdirilməsi, yad edilməsi üçün dəfələrlə müvafiq qurumlara müraciət edən tarix müəllimi, gözəl ziyalı olan Mustafa Abdurahmanov qarşılayır. Onun müşayiəti ilə şəhid türk əsgərinin uyuduğu məzara yaxınlaşır və onun ruhuna fatihə veririk. Yeri gəlmişkən, qeyd edək ki,  Baş Göynük Kənd 1 saylı Tam Orta Məktəbinin tarix müəllimi Mustafa Abdurahmanovun, həmçinin şəhid türk əsgərinin uyuduğu məzarın olduğu bağın sahibi Eldar Abdullayevin, eyni zamanda Kənd İcra Nümayəndəliyinin qayğısı nəticəsində məzarın ətrafı abadlaşdırılmış, itib-batmaması üçün ətrafına dəmir çəpər çəkilmişdir. Eldar Abdullayev deyir ki, sovet dövründə şəhid türk məzarının itib-batmaması üçün hökumətdən gizlicə onun üzərinə xırda daşlar yığmış və bununla da onu itib batmaqdan qoruyub saxlaya bilmişlər.

Şəhid türk əsgəri və o dövrdə sovet Azərbaycanını silkələyən Göynük üsyanı ilə bağlı bizə geniş məlumat verən Mustafa Abdurahmanov deyir ki, üsyanın rəhbərləri “Kor türk” ləqəbli Əbdülqadir (o, əslən Anadoludandır), həmçinin Şeyxoğlu Molla Mustafa, Molla Məhəmməd və başqaları olmuşlar. Mustafa Abdurahmanov: “Üsyançılar Şəki şəhərini tutmuş, siyasi məhbusları azad etmiş, poçt-teleqrafı ələ keçirmişdilər. Şəki şəhəri 7 gün üsyançıların əlində qalmışdır. Sovet qırmızı ordusunun gücü ilə üsyan amansızlıqla yatırılmışdır. Üsyan yatırıldıqdan sonra qırmızı cəlladlar Baş Göynüyə böyük bir silahlı dəstə göndərmişlər. Dəstənin rəhbəri Qongin və onun köməkçisi Novruzov familiyalı bir erməni olmuşdur. Üsyanda iştirak etmiş onlarla göynüklü güllələnərək kütləvi məzarlıqda dəfn olunmuşdur. Güllələnənlər arasında üsyanın rəhbəri Əbdülqadir də var idi, ancaq Molla Mustafa və digər rəhbərlər ələ keçməmişdilər. Şəki Müəllimlər İnstitutunun müəllimi Həbibullah Manaflının yazdığı “Şəki üsyanı” kitabında göstərdiyi kimi, bu üsyanı göynüklülər başlamışlar.

Qeyd edək ki, Qırmızı Ordunun cəza dəstələri tərəfindən ələ keçirilən Əbdülqadir ölümqabağı düşmən qabağında əyilməmiş, Osmanlı əsgərinə xas olan qəhrəmanlıq nümunəsi göstərmişdir. Belə ki, güllələnmə zamanı Əbdülqadir düşmənə arxa çevirməmiş, sovet əsgərlərinin ona atəş açmaq cəhdləri üç dəfə boşa çıxmışdır (yəni tüfəng açılmamışdır). Bu vəziyyəti görən Novruzov öz tapançası ilə Əbdülqadirə bir neçə dəfə atəş açmışdır. Əbdülqadir üzü qibləyə yerə yıxılmışdır. Bura yığışan camaat Əbdülqadirin kütləvi məzarlıqda dəfn olunmasına imkan verməmiş və onu kütləvi məzarlığın yaxınlığında ayrıca dəfn etmişdir (Bu fakt həmin hadisələri öz gözləri ilə görmüş Molla Hüseynin dediklərindən götürülüb). Göynüklülər bu azadlıq mücahidlərinin qəhrəmanlıqlarını unutmamış və heç zaman unutmayacaqlar. Lakin aidiyyəti təşkilatlara Göynük ziyalıları tərəfindən dəfələrlə müraciətlər olunmasına baxmayaraq, bu qəhrəmanların adına adi bir abidə belə qoyulmamışdır. Halbuki şəhid türk qəbri üzərində abidə ucaldılmasına böyük ehtiyac var. Bu həm də 1918-ci ildə Azərbaycana yardıma gələn və bolşevik işğalından sonra Baş Göynüyü özünə vətən edərək, Göynük üsyanı zamanı qəhrəmancasına şəhid olan Qafqaz İslam Ordusunun qazisinə vəfa borcumuz, Azərbaycan-Türkiyə qardaşlığına bir töhfə olardı.

 

Yeri gəlmişkən, onu da deyək ki, məzar hazırda kənd sakini Eldar Abdullayevə aid olan bağda yerləşir. Eldar Abdullayev məzarın saxlanılması üçün əlindən gələni edib, vaxtaşırı şəhid Osmanlı qazisinin məzarı üzərində ruhuna dua verib, “Yasin” oxudub. Bizi soyadı Anadolunun hansı tərəfindən olduğu bilinməyən, bəlkə də Türkiyədə bu günə kimi kimlərinsə yolunu gözlədiyi şəhid türk əsgərinin məzarı çox duyğulandırdı və istər-istəməz gözlərimiz yaşardı. Biz şəhid türk məzarı ilə gözlərimiz dolmuş halda vidalaşdıq. Ürəyimizdə isə ağır bir nisgil vardı. Bu nisgilə səbəb isə Azərbaycanın müstəqilliyini əldə etməsindən 23 il ötməsinə baxmayaraq, bu günə kimi Əbdülqadirin məzarına biganə münasibətin göstərilməsi, onun qəbri üzərində digər şəhid türk əsgərləri kimi xatirə abidəsinin ucaldılmaması, onun yaddan çıxmasıdır. Ümid etmək istəyirik ki, Azərbaycanın və Türkiyənin müvafiq qurumları ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şirin canından keçən şəhid türk əsgəri Əbdülqadirin Baş Göynükdə unudulmuş məzarı üzərində abidə ucaldılmasında iştirak edəcəklər. Bu, Azərbaycan və Türkiyə qardaşlığına müvafiq qurumlar tərəfindən verilən daha bir töhfə olardı.

Əziz Mustafa, Pənah Abdurahmanlı