“Barselona” “Liverpul”u məğlub etdi

319

Mayın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının ikinci yarımfinal görüşü keçirilib. EArkən final adlandırılan görüşdə İspaniyanın “Barselona” klubu doğma azarkeşlər önündə İngiltərənin “Liverpul” klubunu qəbul edib.

Gərgin hücumlar şəraitində keçən görüşün ilk dəqiqələrində hər iki komandalar qol vurmaq şansı qazanıb. Matçın 26-cı dəqiqəsində Kataloniya təmsilçisi hesabı açıb. Jordi Albanın cinah ötürməsindən sonra Luis Suares müdafiəçilərdən sıyrılaraq qapıya dəqiq zərbə endirib – 1:0.

Qoldan sonra irəli atılan Mersesayd təmsilçisi bir neçə epizodlarda rəqibi əks hücumlarda yaxalamağı bacarsa da, son anda “Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen komandasını xilas edib.

Qarşılaşmanın ikinci hissəsində “Barselona” hesab arasındakı fərqi iki topa çatdırıb. Lionel Messi qapı tirindən qayıdan topa dəqiq zərbə endirib – 2:0. Matçın 82-ci dəqiqəsində Lionel Messi özünün ikinci, komandasının üçüncü topunu vurub. Belə ki, hakimin təyin etdiyi cərimə zərbəsini argentinalı futbolçu təxminən 30 metrdən baxımlı qola çevirib- 3:0. Qalan dəqiqələrdə “Liverpul” təsəlli qolunu vurmağa çalışsa da, “Barselona” qapını toxunulmaz saxlamağa nail olub.

Bu komandalar arasında cavab qarşılaşması mayın 7-də keçiriləcək.

Mərhələnin digər görüşündə Hollandiyanın “Ayaks” klubu səfərdə İngiltərənin “Tottenhem” klubunu minimal hesabla məğlub edib.