“Barselona” 3-cü titulunu qazandı

450

UEFA Çempionlar Liqasının final oyunu keçirilib. Bu matçla Avrokuboklarda 2014/15 mövsümünə yekun vurulub.

Qitənin ən nüfuzlu klub turnirinin finalında İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları qarşı-qarşıya gəlib. Həlledici qarşılaşma Berlinin “Olimpiyaştadion” arenasında baş tutub.

Matça olduqca sürətli başlayan “Barselona” erkən qolla sevinib. Oyunun 4-cü dəqiqəsində Rakitiç katalonları önə keçirib.

İlk hissə bu hesabla bitib.

Fasilədən sonra oyuna istəkli qoşulan “Yuventus” çox keçmədən istəyinə çatıb. Alvaro Morata 54-cü dəqiqədə “qoca sinyora”nın bərabərlik qolunu vurub. Bu qolla Morata eyni mövsümdə həm “Barselona”, həm də “Real Madrid”i məyus edən 4-cü futbolçu olub.

Qoldan sonra da meydanda üstün tərəf olan turinlilər bir neçə epizodda hesabı dəyişməyə yaxın olsa da, son anda ya dəqiqlik çatmayıb, ya da Ter Ştegen yaxşı oynayıb.

Hesabı isə Luis Suares dəyişib. Uruqvaylı futbolçu Messinin vuruşundan sonra qapıçıdan dönən topu tora göndərməklə komandasını yenidən önə keçirib.

Son anlarda bərabərlik üçün irəli atılan “Yuventus” isə matça əlavə olunmuş dəqiqələrdə növbəti dəfə cəzalanıb. 90+5-ci dəqiqədə Neymar oyunda son nöqtəni qoyub.

Beləliklə, “Barselona” Çempionlar Liqası çempionu olaraq mövsümdə 3-cü titulunu da qazanıb və “qızıl het-trik”i rəsmiləşdirib.