Bankomatlarda “həmin dalğa, həmin koordinat”

525
Fərz edək ki, sizin nağd pulunuz qurtarıb. Siz yaxınlıqda olan bankomata üz tutursunuz, bank kartınızı daxil edirsiniz və bir neçə əməliyyat yerinə yetirdikdən sonra ehtiyacıniz olduğu qədər məbləği çəkib geri qayıdırsınız. 
Təəssüf ki, bu, Azərbaycan Beynəlxalq Bankının Ağdaşdakı bankomatlarına aid deyil. Xatırlayırsınızsa, ötən ilin yanvar ayında eyni mövzuda “Etibarsız bankomatlar” adlı bir məqalə də yazmışdım. Həmin yazının dərc olunmasından bir il keçməsinə baxmayaraq, heç bir dəyişiklik olmayıb. Belə çıxır ki, ya nəzarət olunmur, ya da filalın iş qüvvəsi zəifdir. Məsələ burasındadır ki, hər ay pensiyaların verilmə günlərində bankomatlarla vətəndaşlar arasında “qarşıdurma” yaranır. Bildiyiniz kimi, müəyyən günlərdə bankomatların qarşısında uzun növbə olur. Xüsusilə də, pensiya verilən günlərdə vətəndaşlar növbələrdə xeyli vaxt itirməli olurlar. İnsanlar pul qıtlığı problemi ilə üzləşirlər. Çünki qeyri-iş günləri bankomatlar vaxtında pulla təmin edilmir və buna görə də pul çatışmır. Bu günlərdə yaxın qohumlardan biri məndən belə bir xahiş etdi: “Anam xəstə olduğundan “pensiya almaq növbəsi”nə dura bilmir. Pensiya kartını verim, yolun o tərəflərə düşəndə al gətir”. Fevralı 28-də, baxmayaraq ki, pensiya bir neçə gün öncə verilmişdi – Azərbaycan Beynəlxalq Bankının bankomatına yaxınlaşanda qarşısında heç kimin olmadığını görüb sevindim. Kartı bankomata daxil edib şifrəni yığdım. Bankomatda adət-ənənəyə uyğun olaraq istədiyiniz məbləğin olmadığı yazıldı. Kor-peşman avtomobilə minib Azərbaycan Beynəlxalq Bankının Ağdaş filalına yollandım. Bankın inzibati binasında yerləşən bankomat isə ümumiyyətlə işləmirdi. Oradan isə rayon mərkəzindən bir qədər aralı, 3 kilometr məsafədə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində quraşdırılmış bankomata getdim. Yanacaqdoldurma məntəqəsinin işçiləri “bankomat kartı qəbul etmir” desələrdə kartı daxil etmək istədim. Amma cəhdlərim uğursuz alındı. Buradakı bankomatın işıqları yanıb-sönsədə kartı qəbul etmirdi.

Həftəsonu olduğu üçün Azərbaycan Beynəlxalq Bankı ilə əlaqə yarada bilmədim. Keçən il bu mövzu ilə əlaqədar sözügedən bankın əməkdaşları ilə saxlayanda test imtahanları vermək üçün Bakıya getdiklərinə görə, belə hal olduğunu demişdilər. Görəsən, bu dəfə hansı imtahanda olublar?! Necə deyələr, “Həmin dalğa, həmin koordinat”. Bank işçiləri əhaliyə həssaslıqla yanaşmalı və öz işlərini məsuliyyətlə yerinə yetirməlidirlər.

Pərviz Əliyev, Ağdaş