Banklarinın bankomatları bağlanır

583

Azərbaycan bankları quraşdırdıqları bankomatların sayını azaldır. Bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib. Qurumun açıqladığı statistikaya görə, bu ilin fevralı ayının yekununda Azərbaycanda 2562 bankomat olub. Bu, yanvar ayının yekunu ilə müqayisədə 9 ədəd azdır. Götürülmüş bankomatların hamısı regionlarda quraşdırılanlardır. Son 1 ildə isə bankomatların sayı 60 ədəd azalıb. Bunun 53-ü Bakının 7-si isə regionların payına düşüb. Yəni, ötən ilin fevral ayından bəri banklar Bakıdakı bankomatlarının sayını daha çox azaldıblar.

Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev hesab edir ki, bankomatların sayının azalması bankların həmin qurğularda yerləşdirməyə pul tapmaması ilə bağlıdır: “Azərbaycanda manat kütləsi azalıb, indi banklara əvvəlki kimi bankomatlarda çoxlu pul saxlamaq sərf etmir. Bank sektorunda aktivlik zəifdir, ora qoyulmuş pul aylarla qala bilər, bu isə həmin vəsaitin dövriyyədə olmaması deməkdir. Məzənnə riski də var. Odur ki, banklar bankomatları götürürlər”. Onun sözlərinə görə, 1 bankomatda 4 kasset olur. Hər kassetə isə 2 min əskinas yerləşdirilir: “İndi təsəvvür edir ki, hər kassetdə 2 min 100-lük əskinas, 2 min 50-lik əskinas olsa bu elə 300 min manat deməkdir. Bu puldan istifadə olunmayacaqsa, bank onu niyə bankomatda saxlasın?”.

Bankomatların götürülməsi həm də onun saxlanmasına çəkilən xərclərlə bağlıdır. Rauf Ağayev deyir ki, elektrik və rabitə xərcləri bir yana, banklar bankomatların quraşdırıldığı yerlərə görə aylıq icarə haqqı da ödəməyə məcburdurlar: “İstiqamətdən asılı olaraq banklar məşğul etdikləri yerə görə icarə pulu verirlər. Şəhərin mərkəzində hansısa mağazadan bankomat üçün yer alıblarsa, onun aylıq xərci 1000-1500 manata qədər ola bilər. Kənar ərazilərdə, Bakının kəndlərində isə azı 100-200 manat ödəmək lazım gəlir. Bank hesablayır, əgər bir bankomat onu bu gəliri gətirmirsə, həmin bankomatı saxlamaq lazım deyil”.

Bəzən isə bankomatlar mağaza sahiblərinin istəyi ilə götürülür: “Maaş-pensiya verilən ərəfədə bankomatların qarşısında saatlarla izdiham olur. Bu isə onun yerləşdiyi mağazanın sahibinə sərf etmir. Yəni, alış-verişə mane olur, mağazaya girmək istəyən insanlar qələbəliyi görüb fikirlərindən daşınırlar. Ona görə də, bəzən elə obyekt sahibləri özləri banka deyirlər ki, bankomatı götürsün. İcarə haqqından da imtina edirlər” – deyə Rauf Ağayev bildirib.

 

POS-terminalların da sayı azalıb

Mərkəzi Bankdan verilən digər məlumata görə, Azərbaycanda bu ilin fevral ayı ərzində POS-terminalların ümumi sayı 1,53% və ya 1202 ədəd azalaraq martın 1-nə 77 min 250 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə bu göstərici 3 min 51 ədəd və ya 3,8% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,27% və ya 209 ədəd artım müşahidə olunub. Mövcud POS-terminalların 44 min 712 ədədi və ya 57,9%-i Bakıda, 42,1%-i və ya 32 min 538 ədədi regionlarda yerləşir.

Qeyd edək ki, 2016-cı il martın 1-nə əsasən, ölkədə hər 130 nəfərə bir POS-terminal düşüb. Əvvəlki ayda isə bu göstərici 120 nəfər/terminal olub.