“Bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq”

643

Mərkəzi Bankın (MB) baş direktoru Rəşad Orucovun adından ölkəmizdə fəaliyyət göstərən bütün banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) məktub ünvanlanıb. Məktubda qeyd edilir ki, bir sıra banklarda istehlak kreditləri üzrə yüksək komissiya haqqları tətbiq olunur və banklarda istehlak kreditləri üzrə faktiki illik faiz dərəcəsi (FİFD) bank sektoru orta faktiki illik faiz dərəcəsini əhəmiyyətli dərəcədə üstələyir. Mərkəzi Bank qeyd olunanları nəzərə alaraq, banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırır.

“Kredit bazarında müəyyən
rəqabət formalaşacaq”
Mərkəzi Bankın bu tapşırığına münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bankın banklara bu tipli göstərişlərin verməsi onun səlahiyyətləri çərçivəsində deyil: “Çünki bank qanunvericiliyinə görə, kreditlərin komisyon haqları banklar tərəfindən sərbəst müəyyənləşdirilir. “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bank bununla bağlı uzaqbaşı tövsiyə verə bilər”. Ekspert həmçinin qeyd edir ki, bu təşəbbüs kredit bazarında rəqabətin yaranması baxımından müsbətdir və sui-istifadə hallarını aradan qaldıracaq: “Hazırda banklar komisyon haqları hesabına kifayət qədər manevr etmək imkanına malikdirlər. Təsəvvür edin ki, müştəri cəlb etmək üçün faiz dərəcələrini aşağı təklif edirlər. Müştəri müqavilə imzalayan an məlum olur ki, böyük həcmdə komisyon haqq ödəməlidir. Bir sözlə, banklar marketinq strategiyasına uyğun olaraq “aşağı faiz dərəcəsi – yüksək komisyon haqq” prinsipinə üstünlük verilir. Komisyon haqları hətta 6-7%-ə qədər çatır. Bu gəlir bankların gizli gəliri hesab olunur. Təsəvvür edin ki, illik faiz dərəcəsi 24% olan 6 aylığa verilən kreditlərin effektiv faiz dərəcəsi təxminən 7%-yə bərabərdir. Yəni banklar komisyon haqları hesabına 6 aylıq qazancı bir dəfəyə, bir günə qazana bilirlər. Ancaq komisyon haqları üçün 1%-lik həddi qoyulması müştəriyə hansı bankın münasib şərtlərlə kredit verməsini müəyyənləşdirməyə imkan verəcək. Nəticədə kredit bazarında müəyyən rəqabət formalaşacaq”.
“Mərkəzi Bankın bu qərarı kredit bazarına necə təsir göstərəcək?”, sualına aydınlıq gətirən ekspert belə hesab edir ki, ilk növbədə kreditlərin faiz dərəcələri artacaq: “Artım təxminən 5-10% təşkil edəcək. Ancaq bu təsir uzunmüddətli olmayacaq. Bir müddətdən sonra faiz dərəcələrində azalma müşahidə ediləcək. Azalmanın əvvəlki səviyyəyə düşməsini söyləmək tezdir. Çünki kredit bazarında digər amillər də nəzərə alınmalıdır. Digər təsir müştərinin sığortalanması ilə bağlı olacaq. Bəzi banklar düzgün olaraq komisyon haqları hesabına müştərinin həyatını sığortalayırdı. Mərkəzi Bankın göstərişindən sonra banklar müştərinin sığortalanmasını onun öhdəsinə buraxacaq. Ona görə də Mərkəzi Bank yaxın dövrlərdə bank qanunvericiliyinə bir sıra dəyişiklik etməlidir. 1. “Banklar haqqında” Qanuna dəyişiklik etməklə komisyon haqlarının həddini Mərkəzi Bank tərəfindən təsdiq edilmiş normativə əsasən müəyyənləşdirilsin. 2. Kredit götürən müştərinin həyatının sığortalanması qanunvericiliklə icbari xarakter daşısın”.

“Kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərinin dəqiq hesablaya biləcək”
“Mərkəzi Bankı xeyili müddət gündəmdə saxladığımız təklifimizi axır ki qəbul etdi: banklar müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faizədək məhdudlaşdıracaqlar”. Bu sözləri isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Eksper bildirib ki, bu o deməkdir ki, kredit məbləğindən asılı olmayaraq bütün banklar ən çoxu 1 faiz komissiya haqqı hesablaya biləcəklər: “Xatırladaq ki, biz Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komissiya haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməsini dəfələlər təklif edirdik. Təəssüf ki, uzun müddət komissiya haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metod idi. Bəzi kommersiya bankları hətta 8-10 faizlik komissiya haqları təklif edirdilər. Bankların “faiz tələsi” əslində çox sadə idi: banklar faizi elan edirdilər, amma komissiya haqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komissiya haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirdi. Bu zaman müştəri iki sənədə qol çəkirdi – 540 manatlıq kreditin alınması və 40 manatlıq komissiya haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilirdi. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanırdı. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olurdu. İndi isə vəziyyət fərqli olacaq, 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komssiya haqqı ödəyəcək. Bunu isə kredit formasında deyil, birbaşa nağd şəkildə edə bilər ki, bu da imkan verəcək ki, faizlər kreditin öz, əsas məbləğindən 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq.
Hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komissiya haqqları tətbiq edilir. Bəzi ölkələrdə isə belə haqqlar ümumiyyətlə yoxdur. Bu baxımdan, ölkəmizdə də oxşar praktikanın tətbiq edilməsi vacib idi. Bəs, yeni qaydalar nəyi dəyişəcək? Əvvəlla, bu banklara imkan verməyəcək ki, kredit götürən vətəndaşlar üçün fərqli və daha yüksək faizlər hesablasınlar. İkincisi, komissiya haqqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Ücüncüsü, artıq bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərinin dəqiq hesablaya biləcək. Eyni zamanda, kommissiya haqqları üçün tavanin müəyyənləşdirilməsi Mərkəzi Bankın göstərişi olduğu üçün bütün bankların buna qeyri-şərtsiz əməl etməsi vacibdir. Müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq haqq hesablamasınlar. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var”.