Bankların həm mənfəəti, həm də zərəri artıb

587
Cari ilin yanvar ayında ölkəmizdə fəaliyyət göstərən bankarın cəmi mənfəəti 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 36,6% artıb. 
Belə ki, 2014-cü ilin ilk ayı ərzində bankların cəmi mənfəəti 51,9 milyon manat olub. Bu ilin yanvar ayında isə bu göstərici 70,9 milyon manat təşkil edib. Mərkəzi Bankın (MB) tərəfindən açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ötən ilin ilk ayı ərzində bankların mənfəəti ilə bərabər zərərləri də artıb. 2014-cü ilin analoji dövrünə nisbətən bu ilin yanvarında bankların cəmi zərəri 41,6% çox olub. Ötən ilin yanvar ayında bankların cəmi zərəri 2,8 milyon manat olduğu halda, bu ilin ilk ayında 4,1 milyon manat olub. Nəticədə banklar tərəfindən əldə olunan yekun mənfəət 2014-cü ilin yanvar ayı ilə müqayisədə 36,2% artaraq 49,1 milyon manatdan 66,9 milyon manata yüksəlib. Məlumat üçün bildirək ki, bu, ölkənin bank sekltorunda qeyd alınan ən yaxşı göstərici hesab olunur. Belə ki, banklar tərəfindən əldə edilən yekun mənfəət əvvəlki illərin yanvar ayları ərzində heç vaxt bu səviyyəyə yüksəlməyib. Bundan başqa 2015-ci ilin yanvar ayı ərzində ölkəmizdə fəaliyyət göstərən banklardan 40-ı mənfəətlə, 5-i zərərlə işləyib. Ötən ilin analoji dövründə isə mənfəətlə işləyən bankların sayı 38, zərərlə işləyən bankların sayı 5 olub. Xatırladaq ki, son bir il ərzində daha 2 bank fəaliyyətə başlayıb.  Onu da bildirək ki, əgər 2014-cü ilin yanvarında zərələ işləyən bir banka orta hesabla 570 min manat zərər düşürdüsə, artıq bu ilin yanvarında zərərlə işləyən bir banka orta hesabla 807 min manat zərər düşüb.

Qeyd edək ki, Azərbaycanın bank sistemi üçün ən uğurlu il ötən il olub. Banklarımız 2014-cü ili 370,5 milyon manat mənfəətlə başa vurublar.

 

Banklardan kredit alanların sayı

durmadan artır

Ötən ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi borcalanların sayı 17,7%, başqa sözlə, 353 min 77 nəfər artaraq bu ilin fevral ayının 1-nə 2 milyon 342 min 233 nəfər təşkil edib. Bunun 10 min 822 nəfəri hüquqi, 2 milyon 310 min 615-i fiziki şəxs, 20 min 796 nəfəri sahibkarlıq subyektidir. Fiziki şəxslər arasında borcalanların sayı kəskin artıb. Belə ki, 2014-cü ilin yanvar ayından indiyədək daha 348 min 454 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 613 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4 min 10 nəfərlik artım olub. Təkcə 2014-cü ilin dekabr ayı ilə müqayisədə yanvarda bankdan kredit götürən fiziki şəxslərin sayında 25 min 389, sahibkarlıq subyektlərinin sayında 287, hüquqi şəxslərin sayında isə 47 nəfərlik artım olub.

Bu ilin yanvar ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 338 min 820 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 69,1% artıb. Bu sorğuların 322 min 947-si banklar tərəfindən daxil olub. 15 min 873 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib. 2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, dekabrda 10 min 32 nəfər kredit tarixcəsini öyrənmək istəyib, yanvarda bu göstərici 15 min 873-ə yüksəlib. Başqa sözlə, dekabr ayı ilə müqayisədə yanvarda fiziki şəxslərin sorğularının sayı 1,6 dəfə artıb.

Yanvar ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 milyon 342 min 233, kredit məlumatlarının ümumi sayı isə 9 milyon 159 min 169 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 milyon 83 min 605-dir.

 

Yanvarda Bakıdakı 9, regionlarda isə 1 ədəd bankomat  quraşdırılıb

2014-cü ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda quraşdırılmış POS-terminalların sayı 74 min 584 olub. Bu, 2014-cü ilin yekunlarına ilə müqayisədə 1571 ədəd çoxdur. Ay ərzində Bakıdakı POS-terminalların sayı 244 ədəd artaraq 50 min 294-ə, regionlardakı POS-terminalların sayı isə 1327 ədəd artaraq 24 min 290-a çatıb.

Yanvar ayının yekunlarına görə, ölkədə quraşdırılmış bankomatların sayı isə 2618 olub. Bu da 2014-cü ilin yekunlarına ilə müqayisədə 10 ədəd çoxdur. Ay ərzində Bakıdakı bankomatların sayı 9 ədəd artaraq 1480-ə çatıb. Regionlarda bankomatların sayı isə cəmi 1 ədəd artaraq 1138-ə çatıb.