Banklar Rusiyadan göndərilən pulları niyə rublla vermirlər?

563

Rusiyadan sadə vətəndaşların adına göndərilən pulları yerli banklarımız çox vaxt rublla verməkdən imtina edirlər.

Rusiyadan ölkəmizə göndərilən pulları yerli banklar vətəndaşlara rublla ödəməkdən imtina edirlər. Şəxsən bu halın bir neçə dəfə özüm də şahidi olmuşam. Bu isə vətəndaşlarımız üçün bir sıra problemlərə səbəb olur.

Məlumdur ki, Rusiyadan sadə vətəndaşlar üçün ölkəmizə göndərilən pullar maddi kömək məqsədi daşıyır. Yəni kimisi valideynlərinə, kimisi ailəsinə, kimisi də digər qohumlarına yardım etmək üçün Rusiyada işləyib vətənə pul göndərir. Yeri gəlmişkən, son vaxtlar Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkənin vətəndaşları ilə yanaşı, soydaşlarımızın maddi vəziyyətinə də qismən mənfi təsir göstərib. Belə ki, şimal qonşumuza işləmək və ailəsini dolandırmaq üçün üz tutanlar, öz dilləri ilə desək, daha əvvəlki kimi qazana bilmirlər. Üstəlik, rublun məzənnəsinin əvvəlki illərlə müqaisədə xeyli ucuzlaşması göndərilən pulların dəyərini bir qədər də azaldıb.

Bu azmış kimi, vətəndaşlar bir problemlə də üz-üzədirlər. Belə ki, Rusiyadan sadə vətəndaşların adına göndərilən pulları yerli banklarımız rublla verməkdən imtina edirlər. Banklarda vətəndaşlara bildirirlər ki, bankda rubl olmadığı üçün ödəniş yalnız manatla edilə bilər. Vətəndaş bir bankdan çıxıb digərinə gedir, amma eyni cavabı alır – xəzinədə rubl yoxdur, ona görə də Rusiyadan adınıza göndərilən pul yalnız manatla verilə bilər.

Kimsə ilk baxışdan deyə bilər ki, vətəndaş göndərilən pulu bankdan niyə manatla götürmür ki? İzah edək.

Tutaq ki, kiminsə yaxını ona Rusiyadan bir vacib problemin həlli üçün 50 min rubl göndərib. Məlumdur ki, bankın qoyduğu məzənnə ilə bəzi valyuta dəyişmə məntəqələrindəki məzənnə arasında xeyli fərq olur. Vətəndaş maraqlıdır ki, məzənnə fərqindən çox pul itirməsin. Ona görə də istəyir ki, pulu bankdan rublla götürüb arzu etdiyi valyuta dəyişmə məntəqəsində dəyişdirsin və itirəcəyi pul özünə qalsın. Amma dediyim kimi, banklar buna mane olurlar. Bəs yerli bankların bu addımı qanunauyğundurmu? Bu halda vətəndaşlar nə etməlidirlər?

Tələb qoyulmur ki, sən mütləq pulu manatla almalısan…

Məsələ ilə bağlı suallarımıza cavab almaq məqsədi ilə əvvəlcə hüquqşünas İlham Məmmədovla əlaqə saxladıq. İ. Məmmədov məsələ ilə bağlı açıqlamasında dedi ki, qanunvericiliyə əsasən, banklar Rusiyadan göndərilən pulu (bu, digər ölkələrin milli valyutalarına da aid ola bilər) rublla verməlidirlər: “Qanunla vətəndaşın qarşısında tələb qoyulmur ki, sən mütləq pulu manatla almalısan. Vətəndaş Rusiyadan onun adına göndərilən rublu ölkəmizdə fəaliyyət göstərən banklardan rublla da götürə bilər. Amma burada bir məsələ də var, belə ki, banklar xəzinələrində rubl olmamasını əsas gətirib vətəndaşa mənfi cavab da verə bilərlər. Bu halda bank vətəndaşa pulu manatla verə bilər və bunu əsaslandırar da. Təəssüf ki, bəzi hallarda banklarda bundan istifadə edənlər də olur. Çünki banklar özləri maraqlıdırlar ki, məzənnə fərqindən qazansınlar”.

Banklar xəzinələrində rubl olmamasını əsas gətirirlər

Mövzu ilə bağlı Mərkəzi Bankın 012-493-11-22 (daxili 387 ) “qaynar xətt”inə də müraciət etdik. Mərkəzi Bankdan da bildirdilər ki, vətəndaş istədiyi təqdirdə onun adına Rusiyadan göndərilən pulları yerli banklardan rublla götürə bilər: “Bildiyiniz kimi, son vaxtlar rublun məzənnəsi tez-tez qalxır və düşür. Ona görə də əksər yerli banklar xəzinələrində rubl saxlamaqda maraqlı deyillər. Çünki bu, bir çox hallarda bankların zərəri ilə nəticələnir. Bu baxımdan banklar xəzinələrində rubl olmamasını əsas gətirib vətəndaşlara pulu rublla vermirlərsə, bunu izah edirlər. Vətəndaşlar da bankların bu siyasətinə təbii ki, uymalıdırlar. Çünki başqa çıxış yolu yoxdur. Əgər vətəndaş pulu manatla götürməməkdə israrlıdırsa, o zaman həmin günün kursuna uyğun dollarla və ya avro ilə də götürə bilər”.

Nicat İntiqam