Banklar müştərilərə öz qanunlarını yeridir

535

Mingəçevir sakini Esmira Əsabəliqızı “Access Bank”ın Mingəçevir filialı ilə bağlı saytımıza müraciət edib. Belə ki, müştəri 2015-ci ildə  bankdan götürdüyü krediti 2017-ci ilin 6-cı ayında ödəyib qurtarıb. Kreditlə bərabər müştəriyə kredit kartı da verilmişdi. Kredit kartında 300 manat məbləğ olub. O, məbləği isə dollarla hesablayıblar. Müştəri həmin aldığı kreditləri ödəyib qurtarandan sonra ona tam ödənilib adlı çek də təqdim olunub. Ondan sonra müştəri hər ay məvacibini heç bir problem olmadan əvvəlki qaydada yenə alıb (Bankın müştərisi olan Esmira xanım məvacibini də həmin bankdan bank hesabına köçürülərək alır).

Dünən müştəri yenə aylığını almaq üçün banka müraciət edib. Lakin kreditor qız bildirib ki, bəs sizin bura 67 dollar kredit kartından borcunuz qalıb. Müştəri ona bildirib ki, bəs bu günə qədər aldığım məvacibdən niyə tutmamısınız, bu gün isə siz müştərinin bütün məvacibini kreditə yönləndirsiniz.

 

Esmira xanım bizə bildirdi ki, bank həmişə öz mənafeyini güdüb, öz qoyduqları qanunlarla camaata meydan oxuyurlar: “Həmin gün getdim ki, maaşımı alım, mənə dedilər ki, sənin maaşının hamısı kreditə yönəldilib. Evdə 6 baş külfət mənim aldığım maaşa göz dikib. Xəstə uşaq, kommunal xərclər və digər xərclər bu pulla ödənməli idi. Həmin gün işıq kartında işıq pulu olmadığına görə işıqlar da söndü. Suyu da biz kartla ödəyirik. Tərslikdən su da qurtarmışdı. Başqa yerdən gəliri gəlməyən adam neyləməlidir? İndi bir ay oturub maaş gözləməlidir ki, ehtiyaclarını ödəsin. Milyonlar yeyən bank rəhbərləri gözlərini dikiblər kasıb-kusubun puluna. Onsuz da Mingəçevirdə işsizlik bir yandan problem yaradır, bir yandan da əhali bank bataqlığında batır. Bankın rəhbərlərindən xahiş edirəm ki, banklarına nəzarəti gücləndirsinlər. Artıq bank faizləri də qanımızı sorub. Bu gün son qəpiyimizə qədər bank pulumuzu əlimizdən alıb. Güman edirəm ki, aidiyyatı qurumlar bizi eşidəcəklər”.

Esmira Hidayətova, Mingəçevir