“Banklar lombardlar vasitəsilə vətəndaşları girova çevirirlər”

523

Son vaxtlar lombardlardan narazılıqların sayı günbəgün artır. Buna səbəb lombardlardan kredit götürən insanların onlardan asılı vəziyyətə düşməsidir.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdə ciddi şəkildə tənqid olunur. Bu tənqidin əsas səbəbi bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyuta ilə deyil, xarici valyuta ilə götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyuta ilə olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir: “Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan dolayı cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur”.

“Vətəndaşlar müflüs olmaq
həddinə çatdırılırlar”
Fikrət Yusifovun sözlərinə görə, son zamanlar banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə baha faizlə (ən azı 60-70%) təklif edirlər: “Bununla da bank, bir tərəfdən, özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tərəfdən, öz qazancını azından iki dəfə artırır. Nəticə etibarilə ehtiyac içində olan və öz problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar lombardlar vasitəsilə bankların girovuna çevrilirlər. Bu insanların heç xəbəri də olmur ki, onların lombarda girov qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır”.
Fikrət Yusifovun dediyinə görə, lombard burada, sadəcə, vasitəçi rolunda olur: “Elə bu səbəbdəndir ki, kimsə imkan tapıb öz zinət əşyalarını lombarddan geri almaq istəyəndə o, ciddi problemlərlə üzləşir. Çünki bankın kredit şərtləri ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə bu fərqlilik problemlər yaradır. Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq müflis olmaq həddinə çatdırılır və nəticə etibarilə baş verənlər insanların narazılığına gətirib çıxarır. Belə özbaşınalıqlarla üz-üzə qalan vətəndaş, tək lombardı və ya bankı deyil, eyni zamanda hakimiyyəti günahkar bilir”.

“Lombard donuna bürünüb…”
Ekspert bildirir ki, keçən ilin sonlarından lombard fəaliyyətinə verilən lisenziyaların ləğv edilməsi bir neçə ay ərzində onların sayının, yağışdan sonra göbələk kimi artmasına gətirib çıxarıb: “Bəzi hesablamalarla indi ölkə ərazisində 1500-ə qədər lombard fəaliyyət göstərir və onların fəaliyyəti heç bir qanunla tənzimlənmir. Yəni bu gün bu sahədə tam özbaşınalıq hökm sürür. Lombardlar müştərilərlə istədikləri kimi davranırlar. Bu səbəbdən də təcili olaraq “Lombard fəaliyyəti haqqında” qanun qəbul edilməlidir. Biz bundan əvvəlki açıqlamalarımızda təklif etmişdik ki, ölkədə lombard kimi fəaliyyət göstərən banklar dərhal bağlansın. Bu bankların fəaliyyəti cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa köklənib. Lombard xisləti ilə fəaliyyət göstərən banklardan ölkənin real sektoru nə fayda götürə bilər? Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də, əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər. İndi də sırf lombard donuna bürünüb, külli qazanc xatirinə əhalini narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir. Biz artıq xeyli vaxtdır ki, bankları verdikləri kreditin taleyini yalnız girov götürməkdə gördükləri üçün qınayırıq. Bu gün girovunu hər hansı bir formada alan bankı götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür. Bank müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır. Çünki ikiqat girov götürməklə o, verdiyi krediti 200% sığortalaya bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünki bank arxayındır ki, borcu olan vətəndaşın evini də, maşınını da, bağını da, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə bank kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti verməlidir”.

“Onların sayının iki dəfə azaldılması ən optimal seçim olardı”
Ekspert bu qənaətdədir ki, bank sistemində yaranmış bu vəziyyət bank islahatlarının digər islahatlardan daha sürətlə aparılmasını zəruri edir: “Çünki ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda real sektora real dəstək də banklardan gəlməlidir. Fikrimizcə, Azərbaycanda ilkin mərhələdə 10-a qədər bankın olması və sonradan onların da sayının iki dəfə azaldılması ən optimal seçim olardı. On milyona yaxın əhalisi olan Azərbaycana geniş şəbəkəsi olan, sahə maraqlarına istiqamətlənmiş 4-5 bank tam kifayət edər. Lombard-dükan xislətli bankları isə onların nizamnamə kapitalına olan tələbatı 10 dəfə artırmaqla sıradan çıxarmaq lazımdır. Belə olarsa, onda müştərilər banka üz tutanda onlara lombard xidməti deyil, sivil bank xidməti göstəriləcəkdir”.

“Lombardlara üz tutmaq hələ
vəziyyətdən çıxmaq demək deyil”
İqtisadçı Vüqar Bayramov da bu qənaətdədir ki, lombardların fəaliyyətinə nəzarətin artırılmasına ehtiyac var. Onun sözlərinə görə, bəzi lombardlar real şəraitdən istifadə edib, vətəndaşları aldadırlar. V. Bayramov hesab edir ki, bəzi lombardlar öz öhdəliklərini tam olaraq yerinə yetirmirlər.
Sonda onu da qeyd edək ki, vətəndaşların külli miqdarda pulunu oğurlayıb ölkədən qaçan lombard sahibləri də az deyil. Məsələn, keçən ilin oktyabr ayında Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib. İnterpolun saytında yayılmış məlumatlarda qeyd olunurdu ki, 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. APA-nın əldə etdiyi məlumata görə, Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub. Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb. Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun Türkiyədə gizləndiyi bildirilir. Hələ o vaxt Nərimanov Rayon Polis İdarəsindən bildirilmişdi ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayətlər daxil olub.
Belə. Bütün bu sadalananlar onu göstərir ki, ağır maddi problemlər ucbatından lombardlara üz tutmaq hələ vəziyyətdən çıxmaq demək deyil, əksinə, probleminiz daha da ciddiləşə bilər…

 

Nicat İntiqam