“Banklar kreditlərin faizlərini ciddi şəkildə aşağı salmalıdırlar”

530
Manatın məzənnəsinin devalvasiyası ilə bağlı ağır vəziyyətlə üzləşən gənclərdən biri – Kərim Novruzov redaksiyamıza müraciət edərək, çıxılmaz vəziyyətdə qaldıqlarını bildirib/
Dediyinə görə, hər ay banka 1543 dollar, köhnə məzənnə ilə 1215 manat kredit ödəyirmiş: “Əslində mən şirkətdən evi manatla aldım – 1 kvadratını 1190 manata. Şərt belə idi ki, ilkin olaraq evin dəyərinin 25 faizini ödəyirsən, qalanını bankın verdiyi ipoteka krediti ilə – 10 illik (hər ili 12 faizdən olmaqla) bankdan götürürsən. Amma bank krediti dollarla verdi və mən iş-işdən keçdiyi üçün bir söz deyə bilmədim. Sözüm onda deyil, əslində manatın məzənnəsinin devalvasiyası ilə bağlı qərar verilənədək problem yox idi, 1543 dolları manatla ödəyirdim. Amma indi vəziyyət çox ağırdır”.

O, borcunu qaytarmaq üçün ümumilikdə 116 ay kredit ödəməlidir: “Dolların kursu dəyişəndən sonra əvvəl ödədiyim məbləğlə indiki məbləğ arasında 420 manat fərq var. 420 manatı bundan sonra ödəyəcəyim 112 aya vuranda 47 min manat əlavə məbləğ ortaya çıxır”.

Dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov dollarla kredit götürənlərin işinin asanlaşdırılması ilə bağlı maraqlı təkliflər açıqlayıb: “Mərkəzi Bank sədrinin dollarla götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir. Səbəb sadədir: əksər bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borcluların “dərdinə çarə” deyil.

Təbii ki, dollarla götürülən kreditlərlə bağlı istənilən addım hər iki tərəfin – bankların və müştərilərin maraqlarına uyğun olmalıdır. Çox sadə misal: manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Təbii ki, bankların da əsas gəlir mənbələrindən biri xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib. Deməli, məzənnənin necə olmasından asılı olmayaraq, banklar da öz borclarını xarici valyuta ilə geri qaytarmalıdırlar.

Buna görə də indiki məqamda daha uyğun yol dollarla götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır. Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək.

“Mərkəzi Bankın banklara rəsmi və yazılı tövsiyyə məktubu göndərsin”

Mərkəzi Bank sədrinin xeyli ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib çıxarmır. Buna görə də əslində Mərkəzi Bankın dollarla götürülən kreditlərə faiz güzəştlərin tətbiq edilməsi üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac var. Əvvəla, Mərkəzi Bankın belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyə məktubu göndərməsinə ehtiyac var. Baş Bankın İdarə Heyətinin göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyyə olunduğu bildirilməlidir.

İkincisi, tövsiyə məktubunda kreditlər üzrə tövsiyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16,7 faizədək aşağı salına bilər. Bu zaman sözügedən kredit üzrə 9,3 faiz güzəşt tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər.

Bütövlükdə, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyli yumşalmasına səbəb ola bilər. Bununla dollarla olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlaması mümkündür”.

“Hər gün üçün əlavə 28 manat faiz hesablanır”

Məsələ ilə bağlı yenidən “Zaman-Azərbaycan”la əlaqə saxlayan Kərim Novruzov dedi: “Mərkəzi Bank sədrinin banklara kredit faizlərinin aşağı salınması ilə bağlı təklifi bu gün bizim işimizə yaramır. Çünki söhbət 2-3 faizdən gedir. Bildiyiniz kimi, banklar vətəndaşlar dolların bahalaşmasından sonra ödənişləri edə bilsinlər deyə kredit müddətini uzatdılar. Buna görə də faiz dərəcələri 2-3 faiz aşağı salınmaqla heç nə dəyişən deyil. Çünki müddətin uzadılmasından əldə olunan gəlir onsuz da vətəndaşa kifayət qədər ziyan vurur”.

K. Novruzov dollar bahalaşandan sonra kreditini ödəməyi dayandırıb: “Əvvəl 1215 manat ödəyirdim, indi isə 1543 manat ödəməliyəm. Buna imkanım çatmır. Başqaları kimi, mən də krediti ödəmirəm”. Müsahibimiz kreditin ödənilməməsinə görə hər gün üçün əlavə 28 manat faiz hesablanır.

O, bir maraqlı məqama da toxundu: “Bəlkə də borc-xərc, evdəki qızılları satmaqla aparıb krediti ödəmək olardı, amma bir məsələ var. Söhbət ondan gedir ki, dolların gələcəkdə yenidən bahalaşacağı barədə müxtəlif fikirlər səsləndirilir. Əgər elə olarsa və biz yenidən krediti ödəyə bilməsək, o vaxtacan ödədiyimiz pulların aqibəti necə olacaq?”. K. Novruzov ümidlərini itirmədiklərini və bu məsələdə dövlət rəhbərliyindən müsbət qərar gözlədiklərini söylədi.

Nicat İntiqam