Banklar kreditlərdən 25-30 faiz gəlir əldə edirlər

0
351
Ölkəmizdə fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə faiz dərəcələri əmanətlər üzrə faiz dərəcələrindən dəfələrlə yüksəkdir. Mərkəzi Bankın açıqladığı son məlumata görə, milli valyutada qəbul edilən müddətsiz əmanətlərlə milli valyutada verilən qısamüddətli kreditlərin faiz dərəcələri arasında 42,5 dəfə fərq var. 
Kredit təşkilatlarında əhali tərəfindən yerləşdirilən əmanətlərin həcmi ötən il ərzində 12,4% və ya 792,6 milyon manat artaraq 7 milyard 188,4 milyon manata çatıb. Mərkəzi Bankdan (MB) açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, 2013-ci illə müqayisədə əmanətlərin artım tempi təxminən 2 dəfə azalıb. Belə ki, 2012-ci illə müqayisədə 2013-cü ildə kredit təşkilatlarında əhali tərəfindən yerləşdirilən əmanətlərin həcmi 25% və ya 1 milyard 282,4 milyon manat artıb. Kredit təşkilatlarında yerləşdirilən əmanətlərin 61,5%-i (2013-cü ildə 60,8% olub-red.)  və ya 4 milyard 422,4 milyon manatı milli valyuta, 38,5%-i (2013-cü ildə 39,2% olub) və ya 2 milyard 765,9 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. Əmanətlərin 92,4%-i və ya 6 milyard 647,8 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Yuxarı Qarabağ və Dağlıq Şirvan olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Bakı və Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 8% və 8,5% təşkil edib. Ən aşağı faiz dərəcəsi isə  Naxçıvan (4,4%) və Yuxarı Qarabağ (4,6%) iqtisadi rayonlarında müşahidə olunub.

Əmanətlər üzrə orta faiz dərəcəsi 8,3%-dən 8%-ə düşüb

Milli valyuta ilə cəlb olunan əmanətlərin faiz dərəcələri aşağı olsa da xarici valyuta ilə cəlb edilən əmanətlərdə bu göstərici yüksək olub. Belə ki, milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 7,6%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 8,6% olub. Regionlarda bu fərq daha böyük olub. Məsələn, Naxçıvan iqtisadi rayonunda əmanətlər milli valyuta ilə 3,8%-ə cəlb olunduğu halda, xarici valyuta ilə 8,1%-lə cəlb olunub. Kəlbəcər-Laçında bu göstəricilər müvafiq olaraq 4,9% və 8,9% olub. Lakin buna baxmayaraq bütün regionlar üzrə manatla qoyulan əmanətlər xarici valyuta ilə cəlb olunan əmanətlərdən çox olub.

Qeyd edək ki, ötən il əmanətlər üzrə orta faiz dərəcəsində azalma olub. Belə ki, ölkədə əmanətlər üzrə orta faiz dərəcəsi 0,3 faiz bəndi azalaraq 2013-cü ildəki 8,3%-dən 2014-cü ildə 8%-ə düşüb.

 Banklar tərəfindən verilən kreditlərin artım tempi cüzi azalıb

2014-cü ildə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşları 18 milyard 542,6 milyon manat təşkil edib. Son bir il ərzində kredit qoyuluşları üzrə 20,1%  və ya 3 milyard 119,7 milyon manat artım baş verib. Xatırladaq ki, 2013-cü ildə kredit qoyuluşları üzrə illik artım 21,2% təşkil edib. Kreditlərin 72,8%-i və ya 13 milyard 505,6 milyon manatı milli valyuta, 27,2%-i və ya 5 milyard 36,9 milyon manatı isə xarici valyuta ilə verilib. Əmanələrdə olduğu kimi verilən kreditlərdə də Bakı şəhərinin payı yüksək olub. Ümumi kreditlərin 83%-i və ya 15 milyard 396,3 milyon manatı paytaxtın payına düşüb. Bakıdan sonra ən çox kredit Aran, Abşeron və Gəncə-Qazax iqtisadi rayonlarında verilib. Kredit təşkilatlarından ən az kredit götürən iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Naxçıvan və Dağlıq Şirvan olub.

 Ən ucuz və ən bahalı kreditləri kim alır?

Kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 23,2% və 25,6% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda (12,3%), həmçinin Naxçıvan (13,8%) və Abşeron (18,3%) iqtisadi rayonlarında müşahidə olunub. Məlumat üçün bildirək ki, hesabat dövrü ərzində milli və xarici valyuta ilə verilən kreditlərin də faiz dərəcələri fərqli olub. Belə ki, kreditlər xarici valyuta ilə daha yüksək faizlə verilib. Milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 13,7%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 13,9% olub. Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Kəlbəcər-Laçın, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcələri müvafiq olaraq 25,3%, 25,3% və 24,4% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Bakı şəhərində və Naxçıvanda qeydə alınıb – müvafiq olaraq 12,6% və 20,5%. Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi isə Kəlbəcər-Laçın və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb ki, bu iqtisadi rayonlarda faiz dərəcələri müvafiq olaraq 25,6% və 22,9% olub. Ən aşağı faiz dərəcəsi isə xarici valyutada olduğu kimi Bakı və Naxçıvanın payına düşüb. Bakıda milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcsi 12,2%, Naxçıvan iqtisadi rayonunda isə 13,7% olub.

Məlumat üçün onu da qeyd edək ki, son bir il ərzində həm ölkə, həm Bakı şəhəri üzrə kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Mərkəzi Bankın məlumatında göstərilir ki, 2013-cü ilin yekununda ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 14,2% olduğu halda ötən il 13,7% olub. Bakı şəhərində bu göstəricilər müvafiq olaraq  13,3% və 12,3% təşkil edib.

Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir

Qeyd olunan rəqəmlərdən açıq şəkildə görünür ki, paytaxt Bakı və Abşeron istisna olmaqla digər iqtisadi rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi əmanətlər üzrə orta faiz dərəcəsini dəfələrlə üstələyir. Məsələn, Kəlbəcər-Laçın iqtisadi rayonunda əmanətlər 5,4%-lə cəlb olunduğu halda, kreditlər 25,6%-lə verilib. Bu iqtisadi rayonunda kredit faizləri əmanət faizlərini 4,7 dəfə üstələyib. Bundan başqa kredit faizləri əmanət faizlərindən Yuxarı Qarabağ iqtisadi rayonunda 4,5, Dağlıq Şirvan iqtisadi rayonunda 3,6, Gəncə-Qazax iqtisadi rayonunda isə 3,5 dəfə çox olub. Qısamüddətli kreditlərlə (istehlak kreditləri-red.) tələb olunanadək əmanətlər (müddətsiz əmanətlər-red.) arasındakı faiz fərqi daha yüksək olub. Məsələn, Kəlbəcər-Laçın iqtisadi rayonunda milli valyutada qəbul edilən müddətsiz əmanətlər 1,2%-lə qəbul olunduğu halda milli valyutada verilən qısamüddətli kreditlər 31,7%-ə təklif olunur. Göründüyü kimi əmanət faizi kredit fazindən 26,4 dəfə azdır. Gəncə-Qazax iqtisadi rayonunda bu fərq 36,1 dəfəyə bərabərdir. Bundan başqa milli valyutada qəbul edilən müddətsiz əmanətlər ilə milli valyutada verilən qısamüddətli kreditlərin faiz dərəcələri arasında Bakıda 49,6 dəfə, Abşeron iqtisadi rayonunda 20,7 dəfə, Aran iqtisadi rayonunda 24,6 dəfə, Dağlıq Şirvan iqtisadi rayonunda 23 dəfə, Quba-Xaçmaz iqtisadi rayonunda 16,7 dəfə, Lənkəran iqtisadi rayonunda 33,6 dəfə, Şəki-Zaqatala iqtisadi rayonunda 34,8 dəfə, Yuxarı Qarabağ iqtisadi rayonunda 18,3 dəfə, Naxçıvan iqtisadi rayonunda isə 26,5 dəfə fərq var.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here