Uçot faiz dərəcəsi niyə aşağı salındı?

0
548

Allahvedi Cəfərov

Ötən gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot faiz dərəcəsi aşağı salınıb. Məlumat üçün bildirək ki, qlobal maliyyə böhranı dövründə – 2008-ci ildə davamlı olaraq aşağı salınan uçot faiz dərəcəsi 2009-cu ildən başlayaraq yenidən artırılıb. Lakin bu artım cəmi bir il davam edib və 2011-ci ildən başlayaraq yenidən azaldılıb. Mərkəzi Bankın son qərarı ilə uçot faiz dərəcəsi 4,25%-dən 3,5%-ə endirilib. Qeyd edək ki, uçot dərəcəsinin ən yüksək həddi 15% olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub. Mərkəzi Bank uçot faiz dərəcəsinin aşağı salınmasını iqtisadi artıma zəruri dəstək vermək məqsədilə edildiyini açıqlayıb. Onu da xatırladaq bankların real sektora dəstəyi ilə bağlı məsələ Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclaslarında da gündəmə gətirilib. Ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bankların iqtisadiyyatın real sektoruna vəsait ayırmalı olduğu halda bunu etmədiklərini deyib. Dövlət başçısı bankların daha çox istehlak kreditləri verdiklərini, investisiya kreditlərinə diqqət ayırmadıqlarını bildirib. Ölkə başçısı çıxışında bildirib ki, bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar: “Yəni bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda hələ pul da qazanırlar. Yəni bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?!” Belə görünür ki, Mərkəzi Bankın uçot faiz dərəcəsini aşağı salmasında Prezident İlham Əliyevin bu çıxışı həlledici olub. Mərkəzi Bank faiz dərəclərini aşağı salmaqla bankları ucuz kreditlə təmin etmək istəyir ki, bu da öz növbəsində onların real sektora daha çox dəstək verməsinə gətirib çıxaracaq.

 

Real sektora yönəldilən kredit

faizlərində 2%-ə yaxın azalma

müşahidə ediləcək

Mərkəzi Bankın məlum qərarına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun dediyinə görə, uçot faiz dərəcəsinin aşağı salınması nəticəsində istehlak kreditlərində 3%-ə, real sektora yönəldilən kredit faizlərində isə 2%-ə yaxın azalma müşahidə ediləcək.

Vüqar Bayramov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə bölüşdürülən mərkəzləşdirilmiş kreditlərin payı artdığı üçün artıq sözügedən dərəcə kredit bazarı üçün təsirli alətə çevrilə bilir: “Bu baxımdan, uçot dərəcəsinin aşağı salınması kommersiya banklarına imkan verəcək ki, daha aşağı faizli və daha ucuz maliyyə resursları cəlb edə bilsinlər. Cəlb edilən resursların ucuzlaşması isə aşağı faizli kreditlərin verilməsi üçün əsas iqtisadi baza formalaşdırır. Bankların 16,1 milyard manatlıq kredit qoyuluşları həyata keçirdiyini nəzərə alsaq, MB-nin son qərarı kredit portfelinin böyüməsinə təsir göstərə bilər. Eləcə də, bir müddət öncə əmanətlər üzrə sığortalanan faiz dərəcələrinin 9 faizə endirildiyini də nəzərə alsaq, hal-hazırda kommersiya banklarının kredit faizlərini aşağı salması üçün real baza var. Əhalinin banklardakı əmanətlərinin 6.6 milyard manatdan çox olduğunu və əmanətlərin kredit portfelinin 40 faizindən artığını təşkil etdiyini də nəzərə aldıqda, o zaman son qərarlar kredit bazarına birbaşa təsir göstərməlidir. Əgər MB mərkəzləşdirilmiş kredit resurslarının bölgüsündə mövcud baryerləri aradan qaldırarsa və eləcə də meyarlara dəyişiklik edərsə, o zaman uçot dərəcəsinin və eləcə də sığortalanan əmanət faizinin dəyişdirilməsi istehlak kreditlərində 3 faizə, real sektora yönəldilən kredit faizlərində isə 2 faizə yaxın azalma ilə müşahidə ediləcək. Bu isə imkan verəcək ki, əhali daha aşağı faizlə kredit götürə bilsinlər. Eyni zamanda biznes də ucuz kreditlərdən faydalana bilsin”.

Ekspert hesab edir ki, Mərkəzi Bank bu qərarla real sektora yönəldilən kreditlərin həcmini artırmağa çalışır: “Kommersiya bankları sənaye və istehsal sektoruna 1,52 milyard manat, ümumi kredit portfelinin 9,8 faizi, kənd təsərrüfatına isə 733,3 milyon manat, ümumi portfelin 4,8 faizi həcmində kredit verib. Əslində, rəqəmlər də göstərir ki, kommersiya bankları ötən illər biznesin maliyyələşdirilməsində heç də maraqlı deyillər. MB bank Azərbaycan Respublikasının Prezidentinin son müşavirədəki çıxışından sonra kommersiya banklarını real sektora daha çox vəsait yönəltməyə stimullaşdırmağa çalışır”.

 

 

 

02.07.2006        9.5%

01.04.2007        12%

08.06.2008        15%

24.05.2009        2%

31.10.2010        3%

05.05.2011        5.25%

10.12.2012        5%

11.02.2013        4.75%

01.05.2014        4.25%

30.07.2014        3.5%

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here